Suverenlik, vizasız rejim və siyasi ixtilaflar

post-img

Gürcüstanla Avropa İttifaqı arasında gərginlik səngimir

Gürcüstan–Avropa İttifaqı (Aİ) münasibətləri mürəkkəb mərhələyə qədəm qoyub. Bir tərəfdən, Tbilisi Avropa inteqrasiyasını ölkənin əsas xarici siyasət prioritetlərindən biri kimi təqdim edir, digər tərəfdən isə, Avropa institutları ilə münasibətlərdə fikir ayrılıqları müşahidə olunur. Xüsusilə vizasız rejim, Rusiyaya qarşı sanksiyalar və dövlət suverenliyi məsələləri ətrafında yaranan mübahisələr tərəflər arasında qarşılıqlı etimadı zəiflədir.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin fikrincə, Aİ vizasız rejim məsələsindən texniki əməkdaşlıq mexanizmi kimi deyil, siyasi təsir və təzyiq aləti kimi istifadə edir. Spiker hesab edir ki, Brüssel tərəfindən Gürcüstana yönəldilən bəzi tələblər vizasız gediş-gəliş üçün müəyyən edilmiş meyarlardan kənara çıxır, ölkənin daxili və xarici siyasətinə müdaxilə xarakteri daşıyır. Bu baxımdan Gürcüstan rəhbərliyi məsələni yalnız viza siyasəti deyil, eyni zamanda, dövlət suverenliyi məsələsi kimi qiymətləndirir.

Göründüyü kimi, mübahisələrin əsas səbəblərindən biri viza məsələsidir. Son dövrlər Çin vətəndaşları üçün tətbiq olunan vizasız rejim Avropa institutlarının diqqət mərkəzində olub və müəyyən narahatlıq yaradıb. Tbilisi hesab edir ki, Çinlə iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi ölkənin inkişaf maraqlarına xidmət edir. Turist axınının gücləndirilməsi, investisiyaların cəlb olunması və yeni biznes imkanlarının yaradılması dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Buna görə də Gürcüstan rəsmiləri Aİ-nin bu sahədəki narahatlıqlarını ölkənin müstəqil qərarvermə hüququna müdaxilə kimi qəbul edirlər.

Digər tərəfdən, cari müzakirələrin mərkəzində duran və Gürcüstan cəmiyyəti üçün daha həssas olan məsələ Aİ-yə üzv dövlətlərlə mövcud olan vizasız gediş-gəliş rejiminin gələcək taleyidir. 2017-ci ildən etibarən Gürcüstan vətəndaşları Şengen zonasına daxil olan ölkələrə vizasız səfər etmək hüququ qazanıblar. Bu status ölkənin Avropaya inteqrasiyası və xarici siyasət tarixində ən mühüm tarixi nailiyyətlərdən biri hesab olunur. Ona görə də son vaxtlar Qərb mətbuatında və siyasi kulislərdə bu liberal rejimin müvəqqəti dayandırılması ehtimalı ilə bağlı yayılan məlumatlar Gürcüstan daxilində ciddi ictimai-siyasi narahatlıq və rezonans doğurub. Rəsmi Tbilisi bu məsələyə münasibətdə xüsusi vurğulayır ki, vizasız rejim barədə qərarlar yalnız əvvəlcədən müəyyən edilmiş texniki meyarlar və hüquqi öhdəliklər əsasında qiymətləndirilməlidir. Cari siyasi fikir ayrılıqları isə nəzərə alınmamalıdır. Tbilisinin qənaətinə görə, əgər bu humanitar və hüquqi mexanizm birtərəfli siyasi təzyiq və ya sanksiya vasitəsinə çevrilərsə, bu addım Aİ-nin özünün bəyan etdiyi fundamental prinsiplərə, demokratik dəyərlərə və tərəfdaşlıq ruhuna zidd olacaq.

Münasibətlərdəki gərginliyin digər istiqaməti Avroparlamentin və müxtəlif Avropa institutlarının Gürcüstandakı demokratik proseslərlə bağlı tənqidi mövqeyidir. Son illər qəbul edilmiş qətnamələrdə insan hüquqları, qanunun aliliyi, media azadlığı və demokratik institutların fəaliyyəti ilə bağlı narahatlıqlar ifadə olunub. Rəsmi Tbilisi hesab edir ki, bəzi Avropa siyasətçiləri Gürcüstanın daxili siyasi proseslərinə təsir göstərməyə çalışır və ölkənin inkişafına mane olan mövqe nümayiş etdirirlər.

Bu fonda Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin açıqlamaları da diqqət çəkir. O, Aİ-ni demokratik prinsiplərə selektiv yanaşmaqda ittiham edərək ikili standartların mövcud olduğunu bildirib. “Xalqı yerli agentlər vasitəsilə vizasız rejimin ləğvi ilə hədələdikdə, bu, Avropa bürokratiyasında və yerli agentlər arasında yaranmış mürəkkəb vəziyyətdən xəbər verir. Onlar təzyiq və hədə-qorxu ilə heç bir nəticə əldə edə bilməyəcəklər, çünki cəmiyyət artıq nələrin baş verdiyini çox gözəl anlayır. Ona görə də şantaj heç bir halda işə yaramayacaq”, – deyə Kobaxidze bildirib.

Bununla yanaşı, Gürcüstan Aİ ilə münasibətlərin tamamilə pozulmasında maraqlı deyil. Həm hakimiyyət, həm də cəmiyyətin əhəmiyyətli hissəsi Avropa ilə əməkdaşlığı davam etdirmək istəyir. Buna görə də tərəflər arasında aparılan danışıqlar və texniki görüşlər münasibətlərin gələcəyi baxımından əhəmiyyətlidir. Bugünlərdə Brüsseldə keçiriləcək müzakirələr yalnız viza məsələsinin deyil, ümumilikdə, Gürcüstan–Aİ münasibətlərinin gələcək istiqamətlərinin müəyyənləşdirilməsi baxımından vacib hesab olunur.

Aydın məsələdir ki, Gürcüstan ilə Aİ arasında yaranmış fikir ayrılıqları tərəflərin strateji maraqlarının üst-üstə düşmədiyini göstərir. Tbilisi dövlət suverenliyini və milli maraqları ön plana çıxarmağa çalışdığı halda, Brüssel demokratik standartlar və ümumi Avropa siyasətinə uyğunluq məsələlərinə xüsusi diqqət yetirir.

Maraqlıdır ki, Brüsselin Tbilisi ilə münasibətləri ilə onun Azərbaycana yanaşmasında fərqli cəhətlərlə yanaşı, oxşar cəhətlər də var. Məsələn, Azərbaycan–Aİ münasibətləri son onilliklərdə siyasi, iqtisadi, enerji və humanitar sahələrdə inkişaf edərək strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Bununla belə, əlaqələr problemsiz deyil, xüsusilə insan hüquqları və demokratik idarəetmə, Avropa Parlamentinin qərəzli qətnamələri, enerji əməkdaşlığı fonunda siyasi fərqliliklər və Ermənistan–Azərbaycan münasibətləri ilə bağlı yanaşmalar zaman-zaman fikir ayrılıqları yaradıb.

Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi bəzi qətnamələr münasibətlərdə narazılıq yaradır. Azərbaycan tərəfi bu sənədlərin obyektivlikdən uzaq olduğunu, regiondakı reallıqları tam əks etdirmədiyini bildirir. Bu, müəyyən dövrlərdə siyasi gərginliyə səbəb olsa da, dialoq kanalları açıq saxlanılır. Enerji əməkdaşlığı isə münasibətlərin ən güclü tərəfi olaraq qalır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verir və qaz ixracı vasitəsilə bazarların şaxələndirilməsində mühüm rol oynayır. Bununla belə, enerji sahəsində əməkdaşlıq siyasi müstəvidə tam razılaşma demək deyil və tərəflər arasında fərqli yanaşmalar qalmaqdadır. Bunlar isə Aİ-nin hər iki ölkəyə münasibətində oxşar cəhətlərdir. Ümumilikdə, Azərbaycan–Aİ münasibətləri əməkdaşlıq və fikir ayrılıqlarının paralel mövcud olduğu mürəkkəb tərəfdaşlıq modelidir. Enerji, ticarət və regional sabitlik kimi ortaq maraqlar isə dialoqun davam etdirilməsini şərtləndirir.

Mövzu ilə bağlı XQ-yə danışan gürcüstanlı professor Mahmud Kamaloğlunun fikrincə, Gürcüstan ilə Aİ arasında son dövrlər müşahidə olunan gərginlik təkcə ikitərəfli münasibətlərin deyil, ümumilikdə, region ölkələrinin Qərb inteqrasiyası prosesində qarşılaşdığı struktur problemlərin təzahürüdür. Onun qənaətinə görə, rəsmi Tbilisinin suverenlik və milli təhlükəsizlik arqumentlərini ön plana çıxarması Gürcüstanın xarici siyasətində daha praqmatik və ehtiyatlı xətt formalaşdırdığını göstərir: “Aİ-nin Rusiyaya qarşı sanksiyalar, vizasız rejim və maliyyə şəffaflığı kimi sahələrdə irəli sürdüyü tələblər Gürcüstan tərəfindən siyasi xarakterli müdaxilə kimi qəbul edilir və bu da tərəflər arasında etimadın zəifləməsinə səbəb olur. Gürcüstanın nə Aİ ilə əlaqələri kəsmək, nə də Qərbə inteqrasiya kursundan imtina etmək niyyəti var. Əsas məsələ milli təhlükəsizlik maraqları ilə Avropa inteqrasiyası arasında balansın tapılmasıdır və yaxın dövrdə Gürcüstan xarici siyasətinin əsas istiqaməti məhz bu balansın qorunması olacaq”.

Pünhan ƏFƏNDİYEV
XQ



Siyasət