Azərbaycanı tanıdanlar
Türkiyənin Əskişəhər Texniki Universitetində çalışan azərbaycanlı professor Rəfail Qasımbəyli riyazi optimallaşdırma nəzəriyyəsinə gətirdiyi yenilikçi yanaşmalar və orijinal elmi nəticələrlə dünya elmi ictimaiyyətinin diqqətini cəlb etməyi bacarmışdır. Onun formalaşdırdığı nəzəri istiqamətlər bu gün müxtəlif ölkələrdə tədqiqat obyektinə çevrilmiş, elmi ideyaları beynəlxalq akademik əməkdaşlığın genişlənməsinə zəmin yaratmışdır.
Riyaziyyat elminə qazandırdığı fundamental yeniliklər dünyanın nüfuzlu universitetlərində və tədqiqat mərkəzlərində maraqla öyrənilir, elmi ideyaları isə yeni araşdırmaların istiqamətini müəyyənləşdirir. Bu yüksək elmi nüfuzun göstəricisi olaraq Çin Xalq Respublikasının Çunçin Pedaqoji Universiteti (Chongqing Normal University) 2024-cü ildə azərbaycanlı alimi “Fərqlənən Professor” (bu universitetdə professor vəzifəsindən daha üstün bir vəzifədir) vəzifəsinə layiq görmüş, Çin Xalq Respublikasının ən önəmli elmi layihələrindən birində 1 milyon yuan (təxminən 148 min dollar) məbləğində büdcə təhsis etmiş, 2025-ci ildə professor Rəfail Qasımbəylinin 65 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans təşkil etmişdir. Çin, ABŞ, Kanada, Almaniya, İspaniya, Norveç, Avstriya, Rumıniya, Hindistan, Viyetnam, Tayvan və digər ölkələrdən tanınmış alimlərin bir araya gəldiyi bu mötəbər tədbir yalnız bir riyaziyyatçının yubileyi deyil, həm də Azərbaycan elmi düşüncəsinin dünya elmi məkanında qazandığı nüfuzun və azərbaycanlı alimin beynəlxalq elmdə tutduğu mövqenin təsdiqi idi.
O, hələ gənc tədqiqatçı olduğu dövrdə riyazi optimallaşdırma sahəsində mövcud nəzəriyyələrin əsasən qabarıq çoxluqlar ve qabarıq funksiyalar üzərində qurulduğunu müşahidə edib və fərqli bir sual üzərində düşünməyə başlayıb: “Əgər problem qabarıq deyilsə, onu necə həll etmək olar?” Bu sual sonradan dünya elminə yeni istiqamət qazandıran tədqiqatların başlanğıcı oldu. Uzun illər ərzində riyazi optimallaşdırmanın əsas alətlərindən biri hesab olunan Hahn-Banach ayırma teoremi yalnız qabarıq strukturlar üçün tətbiq edilirdi. Professor Qasımbəyli isə qabarıqlıq şərtini aradan qaldıran yeni nəzəri yanaşma formalaşdırdı və qeyri-xətti ayırma teoremini isbat etdi.
Bu nəticə 2010-cu ildə dünyanın ən nüfuzlu elmi nəşrlərindən olan “SIAM Optimallaşdırma Jurnalı” (SIAM Journal on Optimization) jurnalında dərc edildi və elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılandı. ABŞ-da Sənaye və Tətbiqi Riyaziyyat Cəmiyyəti (SIAM) tərəfindən nəşr olunan bu jurnal optimallaşdırma nəzəriyyəsi və onun tətbiqləri üzrə fundamental tədqiqatların yayımlandığı ən nüfuzlu elmi platformalardan biri hesab olunur və həm nəzəri, həm də tətbiqi aspektlərinə dair orijinal elmi məqalələr dərc edir. Tədqiqatın burada dərc edilməsi onun elmi əhəmiyyətini və beynəlxalq səviyyədə qəbul olunduğunu təsdiq edən mühüm göstəricilərdən idi. Qeyd edək ki, bu jurnalda professor Qasımbəyli daha öncə də (2009-cu ildə) Qabarıq olmayan və məhdudiyyətli problemlərin optimal həlləri üçün yeni zəruri və kafi şərt açıqlayan məqalə dərc etdirmişdi.
Əslində bütün bunlar riyazi optimallaşdırma sahəsində tamamən yeni bir nəzəriyyənin yaradılmasını zəruriləşdirirdi. Bu nəzəriyyə bir çox komponentlerden ibarət idi: qabarıq olmayan çoxluqların qeyri xətti səthlərlə ayrılması, klassik mənada törəməsi olmayan funksiyalar üçün yeni törəmə anlayışlarının (Radial Epiderivative, Weak Subdifferential) tərif olunması, bunların yardımıyla optimal həllər üçün yeni zəruri ve kafi şərtlərin isbat olunması və nəhayət daha əvvəl həll oluna bilməyən problem sinifləri üçün yeni həll metodlarının ve algoritmaların icad edilməsi, və s. Bütün bunlar, çoxusu Q1 və Q2 sinifindəki SCI (SCIE) indeksli elmi jurnallarda dərc olunmuş 100-dən çox elmi məqalədə öz əksini tapdı.
Rəfail Qasımbəylini elmə aparan yol Siyəzəndə təhsil aldığı məktəbdən başlayıb. Bu barədə söhbətində deyir:
- Siyəzən şəhərində anadan olmuşam və orta təhsilimin ilk səkkiz ilini Siyəzən şəhər 2 nömrəli məktəbdə almışam. Həmin dövrdə məktəbə rəhbərlik edən Akif Hacızadənin yaratdığı yüksək təhsil mühiti mənim formalaşmağımda mühüm rol oynayıb. Məktəb fənn kabinetləri, laboratoriyalar və digər tədris avadanlıqları ilə yaxşı təmin olunmuşdu, müəllimlər isə öz peşəkarlıqları ilə seçilirdilər. Bu gün də Akif müəllimi və uzun illər mənə riyaziyyat fənnini tədris edən Həsənbala Adıgözəlovu dərin hörmət və minnətdarlıqla xatırlayıram.
Məktəb illərindən riyaziyyata olan xüsusi marağı və araşdırma həvəsi onu yaşıdlarından fərqləndirirdi. Sonralar Bakıdakı Respublika 1 Nömreli Fizika-Riyaziyyat Təmayüllü İnternat Məktəbində aldığı təhsil bu marağın daha da dərinləşməsinə mühüm təsir göstərdi. Riyazi təfəkkürün, elmi düşüncənin və axtarış ruhunun möhkəmləndiyi həmin illər onun gələcək uğurlarının təməlini qoydu.
- Bu məktəb də mənə güclü elmi baza qazandırdı. Təsadüfi deyil ki, bu məktəbin məzunları arasında çoxlu sayda tanınmış alim və mütəxəssis var. Sonra Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsində ali təhsil aldım, aspiranturanı bitirdim və namizədlik dissertasiyamı müdafiə etdim.
Rəfail müəllim Bakı dövlet Universitetini bitirdikden sonra fəaliyyətini önce Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda, daha sonra ise Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Fakültesinde davam etdirir. Namizədlik dissertasiyasını müdafiə etdikden bir neçə il sonra Əskişəhər Osmangazi Universitetinin professoru İmdat Karanın dəvəti ilə Türkiyədə də müqaviləli müəllim kimi çalışır...
- Türkiyəni hər zaman ikinci vətənim kimi görmüşəm. Universitet rəhbərliyinin, həmkarlarımın və tələbələrimin göstərdiyi hörmət, eləcə də yaradılan əlverişli elmi mühit, fəaliyyətimi burada davam etdirməyimdə mühüm rol oynadı. Bu dövrdə “Qabarıq olmayan optimizasiya” sahəsində araşdırmalarımı genişləndirərək mühüm elmi nəticələr əldə etdim və onların əsasında doktorluq dissertasiyası hazırladım.
1999-cu ildə müdafiəyə hazırlaşdığım vaxt Əskişəhər Osmangazi Universitetinin rektoru Necat Akdeniz Akgün professor vəzifəsinə təyinatım üçün Türkiyə Ali Təhsil Şurasına (YÖK) müraciət etdi. Prosedurları tamamladıqdan sonra professor elmi adına layiq görüldüm və 2001-ci ildən universitetdə müqaviləli professor doktor kimi fəaliyyətimi davam etdirdim. 2007-ci ildə İzmir İqtisad Universitetindən aldığım dəvət əsasında bu universitetdə fəaliyyətə başladım. 2012-ci ilə kimi burada kafedra müdiri olmaqla yanaşı, universitetin İdarəetmə Heyəti və Senatının üzvü kimi də çalışdım. Bu dövr həm elmi, həm də akademik idarəetmə baxımından mənim üçün məhsuldar illər oldu.
2012-ci ildə Anadolu Universitetinin rektoru professor Davut Aydının dəvəti ilə təkrar Əskişəhərə köçdüm. Həmin vaxt İzmir İqtisad Universitetində elmi fəaliyyətim uğurla davam edir, universitet rəhbərliyi və həmkarlarım tərəfindən yüksək qiymətləndirilirdim. Buna görə də universitet dəyişmək planım yox idi. Lakin Anadolu Universitetində həyata keçirilməsi nəzərdə tutulan yeni layihələr və gələcək inkişaf perspektivləri məni bu təklifi qəbul etməyə sövq etdi.
Anadolu Universitetində Sənaye Mühəndisliyi kafedrasının professoru və rəhbəri kimi fəaliyyət göstərdim. 2018-ci ildə universitetin bir sıra fakültələrinin bazasında Əskişəhər Texniki Universiteti yaradıldıqdan sonra fakültəmizin müəllim heyəti ilə birlikdə yeni universitetə keçdik. Həmin vaxtdan elmi-pedaqoji fəaliyyətimi Əskişəhər Texniki Universitetində davam etdirirəm.
Professor Qasımbəylinin irəli sürdüyü bir sıra elmi ideyalar və riyazi modellər və həll metodları artıq beynəlxalq elmi dövriyyənin ayrılmaz hissəsinə çevrilmiş və beynəlxalq elmi ədəbiyyatda geniş istifadə olunur. Onun araşdırmaları yalnız nəzəri riyaziyyatın inkişafına xidmət etmir, eyni zamanda istehsalatın təşkili, iqtisadi qərarların qəbulu, logistika sistemlərinin optimallaşdırılması və idarəetmə proseslərinin təkmilləşdirilməsi kimi praktik sahələrdə də geniş tətbiq olunur.
Professor Rəfail Qasımbəylinun elmi fəaliyyəti Azərbaycanın hüdudlarını çoxdan aşaraq beynəlxalq akademik mühitdə də geniş tanınıb. Onun elmi əsərləri dünya üzrə tədqiqatçılar tərəfindən geniş istinad olunan mənbələr sırasındadır və irəli sürdüyü nəzəri yanaşmalar müxtəlif ölkələrin universitetlərində aparılan araşdırmalarda tətbiq edilir. ABŞ, Almaniya, Avstraliya, İspaniya, Çin, Tayvan, Çili və digər ölkələrin aparıcı elm mərkəzləri ilə qurulan əməkdaşlıqlar onun beynəlxalq elmi nüfuzunun göstəricisidir.
Türkiyədə fəaliyyət göstərdiyi illərdə o, yalnız alim kimi deyil, həm də uğurlu elm təşkilatçısı kimi tanınıb. Əskişəhər Texniki Universitetində rəhbərlik etdiyi bölümdə tədris proqramlarının yenilənməsi, müasir laboratoriyaların yaradılması, sənaye müəssisələri ilə əməkdaşlığın gücləndirilməsi və beynəlxalq seminarların təşkili onun təşəbbüsləri sırasında yer alır. Bu fəaliyyət nəticəsində universitetin sənaye mühəndisliyi bölümü qısa müddətdə Türkiyənin aparıcı akademik mərkəzlərindən birinə çevrilib.
Alimin elmi fəaliyyətində beynəlxalq əməkdaşlıq xüsusi yer tutur, həyat və fəaliyyətində də öz əksini tapır. Almaniyadan Avstraliyaya, Çindən Pakistana qədər müxtəlif ölkələrdə keçirilən konfrans və elmi tədbirlərdə iştirak edən professor öz adından çox, Azərbaycan elmini uğurla təmsil edib. Çinin Çunsin Pedaqoji Universiteti ilə qurduğu əməkdaşlıq çərçivəsində həyata keçirilən birgə tədqiqatlar və beynəlxalq elmi tədbirlərdəki iştirakı adını dünya elmi dairələrində daha yaxından tanıdıb. Universitet tərəfindən ona verilən “Fərqlənən Professor” vəzifəsi bu fəaliyyətin yüksək qiymətləndirilməsinin göstəricisidir. 2025-ci ildə alimin 65 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransın təşkili isə onun elmə verdiyi töhfələrin və qazandığı nüfuzun beynəlxalq miqyasda qəbul olunduğunu bir daha təsdiqləyib.
Professor Rəfail Qasımbəyli dogma Vətəni Azərbaycanla əlaqələrini heç vaxt kəsməyib. O, ölkəmizdə keçirilən beynəlxalq konfranslarda mütəmadi iştirak edir, yerli alimlərlə əməkdaşlığa və gənc tədqiqatçıların yetişməsinə dəstək verir. 2023-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində onun rəhbərliyi ilə Riyazi Modelləşdirmə və Optimallaşdırma Tədqiqat Mərkəzinin yaradılması da bu fəaliyyətin mühüm nümunələrindəndir.
Professorun gənclərə tövsiyələri də diqqət çəkir. O hesab edir ki, elmə gələn gənclər böyük hədəflər qoymalı, çətin problemlərdən qorxmamalı və daim öz üzərlərində çalışmalıdırlar. Onun fikrincə, böyük kəşflər yalnız böyük məqsədlərin ardınca gedən insanların zəhməti nəticəsində yaranır. Rəfail Qasımbəylinin həyat yolu sübut edir ki, onun uğurları təkcə şəxsi nailiyyət deyil, həm də Azərbaycan elminin beynəlxalq nüfuzunun artmasına xidmət edən mühüm hadisədir. Elm isə sərhəd tanımır. Professor Rəfail Qasımbəylinin həyatı və fəaliyyəti də bu həqiqətin ən parlaq nümunələrindəndir. Bu gün onun adı dünya riyaziyyat elmində yeni istiqamətin yaradıcılarından biri kimi çəkilir.
Namiq Qədimoğlu,
XQ

