Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş "Dövlətçiliyimizin sabitlik və inkişaf mərhələsi" adlı lektoriya keçirilib.
YAP Yasamal rayon təşkilatının və MEK-in birgə təşkilatçılığı ilə keçirilən tədbirdə öncə müasir müstəqil Azərbaycan Respublikasının qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin kitabxanadakı büstü ziyarət olunaraq əziz xatirəsi dərin ehtiramla yad edilib, önünə gül dəstələri düzülüb.
Lektoriyada Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov tədbiri giriş sözü ilə açaraq xalqın yaddaşında və taleyində mühüm dönüş nöqtəsinə çevrilən 15 İyun – Milli Qurtuluş Günü münasibətilə iştirakçıları təbrik edib. Direktor bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizi dərin siyasi böhrandan, parçalanma və vətəndaş qarşıdurması təhlükəsindən xilas edərək sabitlik və inkişafın əsasını qoyub.
Çıxışı zamanı Ulu Öndərin kitabxana quruculuğu ilə bağlı siyasətinə də toxunan direktor Heydər Əliyevin kitabxanalarımızı məhv olmaq təhlükəsindən xilas etdiyini diqqətə çatdırıb. O, vurğulayıb ki, 90-cı illərin əvvəllərində başlanan kütləvi özəlləşdirmə dalğasında kitabxana binalarının zəbt edilməsinin, qiymətli fondların dağıdılmasının qarşısını məhz Ulu Öndərin qətiyyəti aldı. Onun imzaladığı fərmanlarla kitabxanaların özəlləşdirilməsi qəti qadağan edildi. 1998-ci ildə ölkə tarixində ilk dəfə “Kitabxana işi haqqında” Qanunun qəbul edilməsi bu sahənin hüquqi bazasını möhkəmləndirdi.
Direktor vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin siyasi kurs uğurla davam etdirilir, Azərbaycanın beynəlxalq nüfuzu daha da möhkəmlənir.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışı zamanı tariximizə Milli Qurtuluş Günü kimi qızıl hərflərlə daxil olmuş 15 iyunun tarixi və mahiyyəti haqqında danışıb. Bəxtiyar Nəbiyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin 1969–1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə ölkənin sənaye, kənd təsərrüfatı və kadr potensialının inkişafı gələcək müstəqilliyin möhkəm təməlini formalaşdırıb.
Qeyd olunub ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsi oldu.
Bəxtiyar Nəbiyev vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Ulu Öndərin müəyyənləşdirdiyi strateji kursun uğurlu davamıdır. Qarabağın azad olunması, Böyük Qayıdış proqramının icrası və işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri bunun bariz nümunəsidir.
Daha sonra AMEA-nın A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin baş elmi işçisi, tarix elmləri doktoru, professor Mais Əmrahov “Tarix yaradan şəxsiyyət” mövzusunda məruzə ilə çıxış edib.
Alim bildirib ki, Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi kimi fəaliyyətə başladığı 1970-ci illərin əvvəllərindən etibarən respublikanın tarixində yeni bir mərhələ – milli intibah dövrü başlanıb. Bu dövrün əsasını Ulu Öndərin formalaşdırdığı milli ideoloji konsepsiya, milli özünüdərk və dövlətçilik düşüncəsinin möhkəmləndirilməsi təşkil edib.
Məruzəçi qeyd edib ki, XX əsrin sonlarında ölkəmizin üzləşdiyi ağır ictimai-siyasi və iqtisadi böhran şəraitində Azərbaycanı xaosdan çıxara biləcək güclü siyasi liderə ehtiyac var idi. Məhz buna görə də 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində Heydər Əliyev xalqın böyük əksəriyyətinin etimadını qazanaraq ölkə rəhbərliyinə seçilib.
Professor Mais Əmrahov vurğulayıb ki, müstəqilliyimizin möhkəmləndirilməsinin birinci mərhələsi hesab olunan 1993–2003-cü illərdə Heydər Əliyevin həyata keçirdiyi xarici siyasətin əsasını beynəlxalq hüquq normalarına hörmət, dövlətlərin ərazi bütövlüyünün tanınması, qarşılıqlı faydalı əməkdaşlıq və milli maraqların qorunması prinsipləri təşkil edib. O, həmçinin qeyd edib ki, Heydər Əliyev Azərbaycanın müasir tarixinə müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının müəllifi, azərbaycançılıq ideologiyasının banisi və vahid milli dövlətçilik konsepsiyasının yaradıcısı kimi daxil olub.
Məruzəçi diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin təməlində Milli Qurtuluş Günü ilə başlanan və Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs dayanır. Bu strateji xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnib.
Tədbirdə çıxış edən Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva da görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqının taleyində, onun siyasi, ictimai və mənəvi həyatında oynadığı müstəsna roldan bəhs edib. O, Ulu Öndərin müasir Azərbaycan dövlətinin qurulması, milli-mənəvi dəyərlərin qorunması və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi istiqamətində göstərdiyi misilsiz xidmətləri xüsusi vurğulayıb.
Lektoriya Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşıb.

