Səfərin məqsədi liman ərazisinin əməliyyat imkanları, icra olunan infrastruktur layihələri, yüklərin doldurulması və boşaldılması prosesi, o cümlədən növbə gözləyən yük maşınlarının sürücüləri üçün yaradılan şəraitlə yerində tanış olmaq, həmçinin daşınan yüklərin həcminin artırılması ilə bağlı fikir mübadiləsi aparmaq olub.
Səfər zamanı Kurık limanının direktoru Erkin Nığmetovun, müavini Bakıtkerey Alibekovun və digərlərinin iştirakı ilə ərazidə görüş olub, sonra limanın ərazisinə baxış keçirilib.
Görüş zamanı A.Süleymanlı Kurık limanının önəminə toxunaraq limanın təkcə Qazaxıstan üçün deyil, həmçinin Azərbaycan və bölgəmiz üçün vacib limanlardan biri olduğunu qeyd edib, Orta Dəhliz vasitəsilə yük daşımaların həcminin artırılmasının ölkələrimiz üçün prioritet sahələrdən və dövlət başçılarının qarşıya qoyduğu tapşırıqlardan biri olduğunu söyləyib.
Vurğulanıb ki, birgə koordinasiyalı fəaliyyətlər Orta dəhliz boyunca tranzit yükdaşımaları sahəsində hazırda müşahidə olunan müsbət dinamikanın qorunub saxlanılmasına və daha da inkişaf etdirilməsinə töhfə verə bilər.
E.Nığmetov isə limanda aparılan yenidənqurma işləri barədə ətraflı məlumat verib, limanda işlərin səmərəli qurulması, o cümlədən yük daşımalarının həcminin artırılması üçün əlindən gələni əsirgəmədiyini vurğulayıb.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Aktau





