Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının təminatı sahəsində görülən işlər beynəlxalq tədbirdə təqdim olunub

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

ABŞ-ın Nyu-York şəhərində BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasına qoşulan dövlətlərin 19-cu sessiyası keçirilib. Tədbirdə Azərbaycanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İcbari tibbi sığorta siyasəti və tibbi-sosial ekspertiza şöbəsinin müdir müavini Ülvi Hüseynov və Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin müavini Rəşad Məhərrəmov təmsil ediblər.

Sessiyada çıxış edən Ülvi Hüseynov Azərbaycanın sözügedən Konvensiyaya 2008-ci ilin oktyabr ayında qoşulduğunu xatırladaraq, ötən müddət ərzində ölkəmizdə əlilliyi olan şəxslərin hüquqlarının təmin olunması istiqamətində mühüm nailiyyətlərin əldə edildiyini vurğulayıb.

Çıxış zamanı əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların reabilitasiya imkanlarının genişləndirilməsi, cəmiyyətə inteqrasiyasının təşviqi və əlillik sahəsində milli qanunvericiliyin Konvensiyanın prinsiplərinə uyğunlaşdırılması istiqamətində həyata keçirilən islahatlar barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Azərbaycanda dövlət sosial xidmətlərinin, o cümlədən əlilliyin qiymətləndirilməsi sisteminin elektronlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Eyni zamanda, sosial ödənişlərin təyin olunması və bir sıra xidmətlərin göstərilməsi sahəsində proaktiv mexanizmlərin tətbiqi və rəqəmsal həllərin genişləndirilməsi əlilliyi olan şəxslərin xidmətlərə çıxış imkanlarını əhəmiyyətli dərəcədə artırıb.

Sessiya çərçivəsində təşkil olunan yan tədbirdə mina qurbanlarının hüquqlarının həyata keçirilməsi məsələsi də müzakirə olunub. Tədbirdə Azərbaycanda mina qurbanlarının hüquqlarının qorunması, onların sosial müdafiəsinin gücləndirilməsi, reabilitasiya və psixososial dəstək tədbirlərinin həyata keçirilməsi istiqamətində görülən işlər iştirakçıların diqqətinə çatdırılıb.

Həmçinin, əlilliyi olan şəxslərin, o cümlədən mina hadisələri nəticəsində əlillik qazanmış vətəndaşların müasir reabilitasiya vasitələri və yüksək texnologiyalı son nəsil protezlərlə təmin olunması sahəsində həyata keçirilən layihələr barədə məlumat verilib.

BMT-nin nüfuzlu platformasında təqdim olunan bu təcrübə Azərbaycanın əlilliyi olan şəxslərin hüquqlarının qorunması və onların cəmiyyətə tam inteqrasiyasının təmin edilməsi istiqamətində həyata keçirdiyi siyasətin beynəlxalq səviyyədə maraq doğurduğunu bir daha nümayiş etdirib.



Sosial həyat