Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Şəki Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil edilib. Tədbirdə dövlət qurumlarının, işəgötürən müəssisələrin nümayəndələri, sahibkarlar, ümumtəhsil məktəblərinin şagirdləri, müəllimlər və valideynlər iştirak ediblər.
Peşə Təhsil Mərkəzindən XQ-yə bildirilib ki, “Açıq qapı” gününün keçirilməsində məqsəd peşə təhsilinin imkanlarını tanıtmaq, gənclərə düzgün peşə seçimi istiqamətində dəstək olmaq, eləcə də regionun əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığı barədə ictimaiyyəti məlumatlandırmaq olub.
Tədbir iştirakçıları əvvəlcə Mərkəzdə yaradılmış tədris şəraiti ilə tanış olub, ayrı-ayrı peşələr üzrə təhsil alan tələbələrin əl işlərindən ibarət sərgilərə baxıblar.
Tədbirin rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Şəki Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Şahin Şirinzadə çıxış edərək, təhsil ocağının fəaliyyət istiqamətləri və əldə olunan uğurlar barədə məlumat verib, peşə təhsilinin əhəmiyyətindən danışıb, gəncləri peşə təhsilinin təqdim etdiyi imkanlardan faydalanmağa çağırıb. Diqqətə çatdırılıb ki, Mərkəzin qarşısında duran əsas məqsəd rayonda əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması prosesinə dəstək verməkdir.
Tədbir çərçivəsində tələbələrin ifasında şeirlər səsləndirilib, “Gələcəyin səsi” adlı səhnəcik nümayiş etdirilib, həmçinin “Dərzi” ixtisas qrupunun hazırladığı geyim kolleksiyasının təqdimatı keçirilib.
Sonda tədbirdə iştirak edən dövlət qurumlarının və işəgötürən-sahibkarlıq subyektlərinin nümayəndələrinə peşə təhsilinin inkişafına göstərdikləri dəstəyə görə sertifikatlar təqdim olunub.

