DSMF ilə UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

UNEC ilə Dövlət Sosial Müdafiə Fondu arasında əməkdaşlıq memorandumu imzalanıb

UNEC ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) arasında əməkdaşlıq memorandumu imzalanıb.

İmzalanma mərasimində çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov universitetlə real sektor arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. Rektor bildirib ki, müasir universitetlər yalnız əmək bazarı üçün kadr hazırlamaqla kifayətlənməməli, eyni zamanda cəmiyyətin gələcəyinin formalaşmasına töhfə verməlidir. O qeyd edib ki, tələbələrin nəzəri biliklərlə yanaşı, praktik bacarıqlar əldə etməsi üçün işəgötürənlərlə, eləcə də dövlət qurumları ilə əməkdaşlığın genişləndirilməsi vacibdir. Ədalət Muradov DSMF ilə əməkdaşlığın tələbələrin peşəkar inkişafına, əmək bazarının tələblərini daha yaxşı mənimsəməsinə və gələcək karyera imkanlarının genişlənməsində önəmli rol oynayacağından əminliyini ifadə edib.

DSMF-nin İdarə Heyətinin sədri Zəka Mirzəyev bildirib ki, sənəd korporativ sosial məsuliyyət çərçivəsində birgə layihələrin həyata keçirilməsini, tərəflər arasında səmərəli əməkdaşlığın genişləndirilməsini və tələbələrin peşəkar inkişafına dəstəyin gücləndirilməsini nəzərdə tutur.

Sənədə əsasən, tələbələr təlim və seminarlarda, eləcə də birgə layihələrdə iştirak edəcəklər, fərqlənən tələbələr sertifikatlarla təltif olunacaqlar. Eləcə də tələbələr Fondun fəaliyyəti, vakansiyalar və təcrübə proqramları barədə UNEC-də keçiriləcək karyera günləri və sərgilər vasitəsilə məlumatlandırılacaqlar. Fondun mütəxəssisləri isə tədris prosesinə mühazirəçi və təlimçi kimi cəlb olunacaqlar.











Təhsil