“Yaşıl səhnə”də tamaşalar başlandı
Mexiko şəhərindəki 87 min 253 tamaşaçı tutumuna malik əfsanəvi “Estadio Asteka” stadionunun futbol bayramına çoxdan hazırlaşdığı ilk kadrlardan görünürdü. Zarafat deyil, 2026-cı il Dünya çempionatında 3 ev sahibi olduğundan, təşkilatçılar açılış matçının keçirilməsi şərəfinə Meksikanı layiq görüblər. 39 gün davam edəcək planetin möhtəşəm fubol tamaşasına Dünya çempionatının əzəmətli himni ilə start verilir. FİFA-nın Baş katibi Cani İnfantininin təbrik nitqindən sonra musiqi sədaları altında Meksika və CAR milli komandalarının futbolçuları meydana daxil olurlar.
Braziliyalı Uilton Sampaio oyunun başlanmasını bildirən fitini səsləndirir və futbol üzrə 23-cü Dünya çempionatının ilk qarşılaşmasının baş hakimi kimi tarixə düşür.
Maraqlıdır ki, 16 il əvvəl də Cənubi Afrika Respublikasında keçirilən Dünya Kubokunun açılışına da məhz bu milli komandaların qarşılaşması ilə start verilmişdi. Həmin mundialın ilk turunun qarşılaşması 1-1 hesabı ilə başa çatmışdı və elə o vaxtdan bu günədək bu komandalar heç vaxt bir-biriləri ilə qarşılaşmayıblar.
Meksika – CAR matçının keçirildiyi “Estadio Asteka” stadionu 2026-cı il Dünya çempionatı oyunlarının keçiriləcəyi arenalar arasında əvvəllər də futbol üzrə Dünya çempionatı oyunlarına ev sahibliyi edən yeganə stadiondur. Bu mənada, “Estadio Asteka”nın xüsusi statusu onun tarixi ilə vurğulanır. Burada 2 final oyunu da daxil olmaqla 1970 və 1986-cı il Dünya çempionatlarının möhtəşəm oyunları keçirilib. 1970-ci ildə məhz bu stadionda futbol kralı Pele başda olmaqla Braziliya millisi, 16 il sonra isə Dieqo Maradonanın kapitanı olduğu Argentina yığması Dünya çempionatının qalibi olublar.
Hazırkı Dünya çempionatının, 1/16 və 1/8 final oyunları da daxil olmaqla, məhz bu stadionda 5 qarşılaşmanın tamaşaçısı olacağıq. Bütövlükdə isə Meksika 2026-cı il Dünya çempionatının 13 qarşılaşmasına ev sahibliyi edəcək. Turnirin həlledici mərhələlərinin digər oyunları ABŞ-da keçiriləcək.
A qrupu olduqca rəqabətli görünür. Meksika və CAR-dan əlavə, qrupda Çexiya və Cənubi Koreya da yer alıb. Qaydalara əsasən qrupda ilk iki yeri tutan komanda pley-offa vəsiqə qazanacaq. Bundan əlavə, qruplarında üçüncü yeri tutan 12 komandadan ilk 8 komandanın da 1/16 finala vəsiqə qazanmaq şansı olacaq.
Doğrudur, Meksika CAR millisinə qarşı matçın favoriti hesab olunurdu. Amma meksikalılar ilk dəfə ev sahibi olduqları mundialdan bu yana az qollu matçlar oynamağa meyilli olduqları üçün bu qarşılaşmadan da elə böyük hesab gözlənilmirdi. Əslində, futbol tarixi də göstərir ki, ümumiyyətlə, böyük turnirlərin açılış oyunları nadir hallarda həyəcanlı və ya çox qollu olur.
Aydın məsələdir ki, Meksika milli komandası doğma meydanda Dünya çempionatına yüksək gözləntilərlə başlayır. Onlar Dünya Kuboku tarixində ən yaxşı nəticələrini 1970 və 1986-cı illərdə məhz evdə qazanaraq dörddəbir finala yüksəliblər. Lakin ardıcıl 7 pley-off mərhələsindən sonra meksikalılar 2022-ci il Dünya çempionatında gözlənilmədən qrup mərhələsini adlaya bilməmişdilər. Hazırkı mundiala ev sahibliyi isə meksikalılara əlavə motivasiya yaradır. Futbol mütəxəssislərinə görə, Meksika futbolçularının doğma meydan amili və oyunçularının üstün keyfiyyəti səbəbindən qalib gəlmək şansı xeyli yüksək idi.
Meksikanın öz qrupundan qalib çıxması və 1/16 finala, potensial olaraq 1/8 finala vəsiqə qazanmaq şansı çox vacibdir. Buna nail olmaq üçün Meksika millisinin əsas üstünlüyü doğma divarlar arasında azarkeş dəstəyi olaraq qalır. Əgər qruplarında qalib gəlsələr, o zaman Xavyer Agirrenin komandası pley-off mərhələsinin ilkin mərhələlərində doğma meydan amilindən maksimum yararlana biləcək.
Baş məşqçi Agirrenin özü isə artıq Dünya çempionatlarında uğurlu məşqçilik təcrübəsinə malikdir. O, əvvəllər Meksikanı 2002 və 2010-cu illər mundiallarının pley-off mərhələsinə çıxarıb. 2024-cü ilin yayında milliyə rəhbərlik postuna yenidən qayıdan 67 yaşlı mütəxəssis 2 ildə olduqca əhəmiyyətli nəticələr əldə edib. 2025-ci ildə Meksika ilk dəfə KONKAKAF Millətlər Liqasını, daha sonra isə KONKAKAF Qızıl Kubokunu qazanıb.
Qarşılaşmanın digər komandası Cənubi Afrika Respublikası millisini isə mütəxəssislər A qrupunun əsas autsayderi hesab edirlər. “Bafana Bafana” (CAR milli futbol komandasının rəsmi ləqəbi–XQ) komandası üçün elə dünya çempionatının pley-off mərhələsinə çıxmaq özü ciddi nailiyyət sayıla bilər. Cənubi afrikalılar sonuncu dəfə 2010-cu ildə Dünya çempionatında iştirak ediblər və bu şansı da onlar turnirə ev sahibliyi etdikləri üçün əldə ediblər. Sonrakı illərdə isə komanda heç zaman qrup mərhələsini adlaya bilməyib.
CAR millisinə rəhbərlik edən 74 yaşlı belçikalı Uqo Bros 2026-cı il Dünya çempionatından sonra məşqçilikdən gedəcəyini açıqlayıb. Əlbəttə, o, təqaüdə çıxmazdan əvvəl CAR millisinə Dünya çempionatında ilk dəfə pley-offa, hətta 1/8 finala belə vəsiqə qazandırmaq istərdi. Amma komandanın buna imkanı çatacaqmı? Futbol sürprizlərlə dolu olsa da, bu suala müsbət cavab vermək çətindir.
Meksika millisi A qrupundan pley-offa yüksələcək əsas namizədlərdən biri hesab olunur və mundiala A qrupunun favoriti kimi qatılıb. Doğma meydan amili və böyük turnirlərdə iştirak təcrübəsi müəyyən mənada meksikalıları qrupun favoritinə çevirir. Digər tərəfdən Xavyer Agirrenin yetirmələri böyük turnirin startına yaxşı hazırlaşıblar. Uğurlu seçmə mərhələsindən sonra meksikalılar 8 yoldaşlıq oyunu keçiriblər və heç birində məğlub olmayıblar. Bir neçə gün əvvəl şimali amerikalılar Serbiyanı 5-1 hesabı ilə məğlub edərək təkcə ikinci hissədə 3 qol vurublar.
Meksikalıların qapısını olduqca təcrübəli 40 yaşlı Gillermo Oçoa qoruyur. Bu, onun Dünya çempionatlarında 6-cı iştirakıdır.
Yeri gəlmişkən, tarixdə hələ heç bir futbolçu 6 dəfə Dünya çempionatında oynamayıb. Turnirin keçirilməsinə başlanan 1930-cu ildən bəri belə bir uğura heç vaxt heç kim imza atmayıb. İndi – 2026-cı il Dünya çempionatında isə məhəllədəki qonşularımızdan daha yaxşı tanıdığımız iki futbolçu bu göstərici ilə tarixə düşəcək: Lionel Messi və Kriştiano Ronaldo.
Hər ikisi artıq 5 dəfə mudialda oynayıb. Başqa bir iddiaçı isə bir qədər əvvəl adını qeyd etdiyimiz əfsanəvi meksikalı qapıçı Guillermo Oçoadır. Amma bu statistikanın kiçik bir nüansı var: Oçoa turnirə 2006-cı ildə getsə də, həmin turnirdə yaşıl meydana çıxıb oynamayıb. Beləliklə, formal olaraq Oçoa 6 Dünya çempionatında iştirak edib, lakin 6 mundialda faktiki oyun dəqiqələri yoxdur. Messi və Ronaldo isə əvvəlki 5 çempionatın hər birində oynayıblar, bu günlərdə isə altıncısında oynayacaqlar. Aralarındakı yeganə fərq budur.
Bu baxımdan, təcrübəli qapıçı milli komanda ilə vacib turnirlərə necə hazırlaşacağını yaxşı bilir. Onun təcrübəsi də komandası üçün çox vacibdir. Millinin hücum xətti də xoş təsir bağışlayırdı: Raul Ximenez və cinah oyunçuları əla formadadırlar. Ötən ildən bəri “Estadio Asteka”da uduzmayan Meksika millisi, məsələn, Argentinadan fərqli olaraq, elə də çətin komanda deyil. Meksikalılar “güləşməkdən” daha çox futbol oynayırlar. Argentina millisi isə həmişə çətin oynayır, amma Meksika rəqiblərinə futbol oynamağa imkan verir.
Meksika – CAR matçının start fitindən sonrakı gedişi də mundialın ev sahiblərinin açılış matçına açıq-aşkar favorit kimi çıxdıqlarını göstərirdi. Doğma stadion, son illərdəki uğurlu nəticələr və yüksək motivasiya meksikalıları qələbəyə əsas namizəd edirdi. CAR millisi isə 2026-cı il Dünya çempionatının ilk sensasiyalarından birini yaratmağa çalışırdı. Amma çətin buna nail olsun, çünki qrupda Cənubi Koreya və Çexiya kimi rəqiblər var. Buna baxmayaraq, futbol analitikləri CAR-ın qrupdan çıxmaq şansını, demək olar, 50-nin 50-yə qiymətləndirirlər. Uqo Brosun yetirmələrinin 1/8 finala çıxmaq şansı isə çox aşağıdır.
Doğrudur, CAR millisi 16 ildən sonra ilk dəfədir ki, Dünya çempionatının final mərhələsində iştirak edir, lakin onların hazırkı forması nikbinlikdən daha çox narahatlıq doğurur. Onlar seçmə turnirdə qalib gələrək öz qruplarında birinci yeri tutsalar da, bundan sonra problemləri başlayıb: Afrika Millətlər Kubokunun 1/8 finalında məğlub olublar, sonra isə qeyri-sabit bir yaz mövsümü keçiriblər. Panama, Nikaraqua və Yamayka ilə yoldaşlıq oyunlarını heç-heçələrlə başa vuran “Bafana Bafana” panamalılara qarşı cavab matçında məğlub olub.
Komandanın heyəti güclü görünsə də, ulduzlar sarıdan çox kasıbdır. Meydandakı oyunçuların demək olar ki, hamısı yerli klubları təmsil edir və yalnız bir neçəsi Avropada oynayıb. Onlardan ən diqqət çəkəni İngiltərə primyer-liqasının “Bernli” klubunun hücumçusu Layl Fosterdir.
Onsuz da çətin olan vəziyyətləri turnir öncəsi əlavə problemlərlə daha da ağırlaşıb: komanda viza problemləri səbəbindən Meksikaya xeyli gec gəlib və yüksəkliyə uyğunlaşmaq üçün demək olar ki, vaxtı qalmayıb.
Futbol şərhçilərindən biri yazır ki, “Cənubi Afrika komandası məğlub ediləcək komanda deyil, xeyr. Onlar ingilis üslubunda futbol oynayan sərt uşaqlardır. Düşünmürəm ki, onlar Meksikaya asanlıqla təslim olsunlar. Maraqlı və bərabər oyun olacaq”...
Əvvəldə qeyd etdyim kimi, ilk qarşılaşmanın baş hakimi braziliyalı Uilton Sampaio idi və ona həmyerliləri Bruno Pires və Bruno Boşilya kömək edirdi. İlk oyun onlar üçün də çox məsuliyyətli idi, çünki məhz bu hakimlər ilk dəfə FİFA-nın yeni qaydalarını oyunda tətbiq edəcəkdilər.
Stadionda boş yer gözə dəymirdi. Bu, onu göstərirdi ki, “Asteka”nın tribunalarına bütün yerlərin biletləri satılıb. Mundialın açılış matçında tamaşaçıların əksəriyyətinin meksikalı azarkeşlər olduğu da şübhə doğurmurdu. Bu isə o deməkdir ki, Meksika öz meydanında Dünya çempionatının ilk matçını qələbə ilə başa vurmalıdır və oyunun gedişi də göstərirdi ki, məhz belə olacaq.
İlqar RÜSTƏMOV,
XQ-nin futbol şərhçisi


