Sərt ritorikadan mədəni şantaj taktikasına qədər
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan mövzusundakı səssizliyini pozdu. Başqa sözlə desək, XİN rəhbəri ölkəsindəki anti-Ermənistan ab-havasına əlavə səs-küy gətirdi. Təbii ki, Lavrov təcrübəlidir və Ermənistana münasibətdə Rusiyanın dövlət telekanalını zəbt etmiş Vladimir Solovyovun şivən ritorikasını təkrarlamaz.
Bəli, Kremlin baş diplomatı konkretdir. Onun konkretliyinin iki müstəvisi var. Söhbət Ermənistanın Rusiyanın hakim rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) və Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyü məsələlərindən gedir. Əvvəlcə birinci məqamdan söz açacağıq. Ümumən isə onu bildirək ki, Rusiyada bütün sferalarda özünü göstərən anti-Ermənistan isterikası ən müxtəlif təzahürlərə malikdir. Ancaq İrəvanın Aİİ-yə üzvlüyü məxsusi məqamdır. Axı üzvlüyün faydaları var. O faydalar ki, onların real kompensasiya ehtimalı azdır.
* * *
Bəli, Ermənistanda iyunun 7-də keçirilən parlament seçkilərinin nəticələri rus ictimai-siyasi rəyini qeyzləndirib. Əslində, S.Lavrovun söylədikləri bu tendensiyadan qaynaqlanır. O, İrəvanın Aİİ-yə üzvlüyü məsələsinin artıq kəskin şəkildə gündəmdə olduğunu deyib, ən əsası, duruma operativ aydınlıq gətirilməsinin vacibliyindən söz açıb: “İrəvanda bəyan edirlər ki, Avrasiya İqtisadi İttifaqından çıxmaq məsələsi gündəmdə deyil. Çünki hələ Avropa İttifaqına daxil olmayıblar. Bilirsiniz ki, Ermənistanda artıq Avropa İttifaqına üzvlüklə bağlı qanun qəbul edilib. Məsələ olduqca kəskin şəkildə qoyulub. Təbii ki, burada operativ aydınlıq gətirmək lazım gələcək”.
Qeyd edək ki, Lavrov mətbuat konfransı zamanı, eyni zamanda, Prezident Vladimir Putinin və Rusiya hökuməti üzvlərinin Ermənistanın Aİİ-də təmsilçiliyinə dair bir müddət əvvəl səsləndirdikləri fikirləri xatırladıb: “Ermənistanın üzvlüyü məsələsinə kifayət qədər operativ şəkildə baxmalı olacağıq. Bu, erməni xalqının seçiminə hörmət etmədiyimiz üçün deyil. Biz, sadəcə, bu seçimin nə olduğunu bilmək istəyirik. Çünki əks halda, Ermənistanın Avropa İttifaqına qoşulmaq haqqında qanununu həyata keçirməsi və eyni zamanda, Avrasiya İqtisadi İttifaqında qalması mümkün deyil. Bu iki birliyin fəaliyyət normaları bir-birini inkar edir”.
Yada salaq ki, 7 iyun seçkisindən əvvəl Rusiya rəsmiləri, eləcə də ölkənin hakim dairələrinə yaxın şəxslər Ermənistan, Aİİ və Aİ mövzusu ətrafında, bilavasitə, seçkiyə fokuslanaraq söz açırdılar. Onlar sırf erməni xalqının seçimi məntiqini irəli sürürdülər. Belə təəssürat yaranırdı ki, söylədikləri fikirlər hay cəmiyyətini yönləndirməkdir. Təxminən belə: seçkidə Aİ-yə qoşulmağı hədəfləyən qüvvəyə etimad göstərsəniz, Aİİ ilə yollarınız ayrılacaq. Mövcud xüsusda Aİİ-nin Ermənistana faydaları, Aİ-nin isə sözdə dəstək mahiyyəti qabardılırdı. Bu prizmadan yanaşsaq, Lavrovun erməni xalqının seçiminə hörmətlə bağlı dedikləri, əslində, həmin xalqın Rusiyanın gözləntilərini doğrultmadığının dolayı formada bildirilməsidir. Hər halda, başqa cür düşünməyə əsas yoxdur.
* * *
Xatırladaq ki, bir müddət əvvəl Prezident Putin Rusiya-Ermənistan münasibətlərinin Aİİ seqmentindən, həmçinin, İrəvanın Aİ-yə can atmasının onun Aİİ-də təmsilçiliyinin mümkünsüzlüyündən söz açarkən, “boşanma” ifadəsini işlətmişdi. O demişdi ki, Ermənistan mümkün qədər tez qərar verməlidir və bundan sonra tərəflər “yumşaq, ağıllı və qarşılıqlı faydalı boşanma” yolunu tuta bilərlər. İndi Lavrovun söylədikləri onu göstərir ki, Rusiya Ermənistanla “boşanma”nın bütün aspektlərini nəzərdən keçirir. Aİİ-dən sonrakı vacib aspekt isə KTMT-dir.
Məlum olduğu kimi, Ermənistan-KTMT münasibətləri 2022-ci ildən pisləşmə mərhələsinə qədəm qoyub və tərəflər arasındakı gərginlik fazası hər il artmaqdadır. Sonuncu dəfə Baş nazir Nikol Paşinyan bildirmişdi ki, ölkəsi qurumdakı fəaliyyətini dondurur. Səbəb isə dəyişilməzdir: KTMT Ermənistanın təhlükəsizlik təminatlarına cavab vermir və bu deyimin yaranma tarixçəsi var.
Deməli, 2022-ci ilin sentyabrında Azərbaycan-Ermənistan sərhədində hərbi eskalasiya yaşandı. Rəsmi İrəvan həmin vaxt KTMT-ni “Azərbaycanın suveren Ermənistanın ərazilərinə qəsb gerçəkləşdirməsinə” siyasi qiymət verməyə çağırdı. KTMT-dən isə bildirildi ki, iki Cənubi Qafqaz ölkəsi arasında sərhədlər dəqiqləşmədiyindən, qurumun səlahiyyət dairəsini müəyyənləşdirmək mümkünsüzdür. Belə bir münasibət, obrazlı desək, barıt çəlləyini ildırımın vurması effektini yaratdı.
...Paşinyan bir qədər də məsxərəli şəkildə bildirdi ki, KTMT özünün Ermənistan üzrə məsuliyyət dairəsini müəyyənləşdirdikdən sonra ölkənin qurumda təmsilçiliyi davam etdiriləcək. Aydındır ki, hansısa müəyyənləşdirmədən söhbət gedə bilməz və Nikolun gözlədiyi də bu deyil. Baş nazir ölkəsinin Rusiyanın hakim rol oynadığı hərbi blokda qalmasını istəmir. Yəni, ayının min oyunu bir armudun başındadır.
Ancaq, necə deyərlər, səni sevəcəyəm, sən sevməsən də. Rusiya bu “sevgiyə” görə artıq 4 ilə yaxındır ki, Ermənistanın KTMT müstəvisindəki şıltaqlıqlarına dözür. Lavrovun İrəvanın Aİİ ilə yanaşı, KTMT-yə üzvlüyü məsələsindən kateqorik söz açması isə onu göstərir ki, Kreml daha dözmək niyyətində deyil. Ola bilər, diplomat Rusiyanın anti-Ermənistan köklənişinin total xarakterli olduğunu göstərmək istəyir və hesab edir ki, bu mesajı erməni cəmiyyətində təlaş və əndişə doğuracaq. Amma...
Beləliklə, Rusiya XİN rəhbəri bildirib ki, Ermənistan KTMT-yə üzvlük haqqını ödəmir. Buna görə də qurum özünün nizamnamə maddəsinin işə salınması məsələsini nəzərdən keçirəcək: “Bu vəziyyətdə nə etmək lazımdır? Bu məsələni bu gün müzakirə etdik. Ermənistanın KTMT büdcəsinə olan borcu artıq iki ildən çoxdur ki, qalmaqdadır. Bu isə qurumun Nizamnaməsində nəzərdə tutulmuş vəziyyətdir. Bu gün KTMT Nizamnaməsinin müvafiq maddəsinin tətbiqi imkanlarına baxmaq barədə razılığa gəldik”.
Haşiyə çıxaq ki, KTMT nizamnaməsinin 20-ci maddəsinə əsasən, üzv dövlət təşkilata yaranmış borcunu iki il ərzində ödəmədiyi təqdirdə, öz vətəndaşlarını təşkilatda kvota üzrə vəzifələrə namizəd irəli sürmək, eləcə də borc tam ödənilənədək qurumun orqanlarında səsvermə hüququndan məhrum duruma düşür. Bundan əlavə, həmin maddədə qeyd olunur ki, nizamnamənin müddəalarını, KTMT Şurasının qərarlarını və onların icrası üçün təşkilatın digər orqanları tərəfindən qəbul edilmiş qərarları yerinə yetirmədiyi halda, üzv dövlətin qurumdakı fəaliyyəti dayandırıla və ya həmin dövlət üzvlükdən çıxarıla bilər.
Əvvəldə də bildirdiyimiz kimi, S.Lavrovun dedikləri Ermənistan üzərinə konkret mexanizmli demarşdır. Əlbəttə, demək olmaz ki, Rusiya İrəvanı Aİİ-dən və KTMT-dən tam uzaqlaşdırmağı hədəf seçir. Kreml, sadəcə, erməni ictimai rəyini qıcıqlandırmaq yolu tutur. Niyəsə Rusiyada belə düşünürlər ki, bu yolla hay cəmiyyətinin Paşinyana və komandasına qarşı total hücumu baş qaldıracaq. Halbuki, əks proselər yaşanır. Hay ictimaiyyətində anti-Rusiya qəzəbi güclənir.
Əvvəllər Rusiyaya münasibətdə loyal mövqe tutan erməni kəsimi də qəzəblilərin sırasında təmsil olunur. Hər halda, kimsə öz ölkəsinin aşağılanmasına biganə qalmaz. Aşağılanma isə var. Hərçənd, Lavrov aşağılamır, sadəcə, prosedurları yada salır. Doğrudur, bir qədər sərt şəkildə. Yəni, XİN rəhbərinin barəsində əvvəldə söz açdığımız konkretlik həm də onun sərtliyindədir.
Ə.CAHANGİROĞLU
XQ

