ABŞ-ın Xəzər regionuna yönəlik uzunmüddətli strateji maraqları
Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi Trans-Xəzər Forumu Avrasiya məkanında formalaşan yeni güc balansının və strateji ittifaqların nümayişi baxımından mühüm göstəricidir. Yaranmasının 10-cu ildönümünə təsadüf edən forum qlobal güclərin, xüsusilə Amerika Birləşmiş Ştatlarının regiona yönəlik uzunmüddətli strateji maraqlarının rəsmiləşdirildiyi platformadır.
Yaxın Şərq və Körfəz regionunda münaqişələrin kəskinləşdiyi, ənənəvi təhlükəsizlik arxitekturasının ciddi sınaqlarla üzləşdiyi indiki şəraitdə Xəzər hövzəsi və Cənubi Qafqaz sabitlik və strateji keçid zonası kimi ön plana çıxır. Forumun “Orta Dəhliz dönüş nöqtəsində: Trans-Xəzər regionu üçün gələcək nəslin inkişafı” mövzusunda təşkil olunması bəhs edilən coğrafiyanın gələcək onilliklərdə beynəlxalq münasibətlər sistemində oynayacağı rolu qabaqcadan müəyyən edir.
Vaşinqtonun təhlükəsizlik, enerji şaxələndirilməsi, texnoloji tərəfdaşlıq və kritik mineralların tədarükü sahələrində Mərkəzi Asiya və Cənubi Qafqaz dövlətlərinə marağı son illər xeyli dərəcədə yüksəlib. Xüsusilə keçən ilin avqust ayında ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi və şəxsi iştirakı ilə Ağ Evdə Azərbaycan və Ermənistan rəhbərlərinin tarixi görüşünün keçirilməsi, Vaşinqtonun regional sülhün əldə olunmasında nə dərəcədə qətiyyətli rol oynadığını sübuta yetirir. Həmin müstəvidə imzalanan Birgə Bəyannamə Cənubi Qafqazda uzun illər davam edən qarşıdurmanı sonlandırmaqla bərabər, regionun təhlükəsizlik koordinatlarını tamamilə yeniləyib. Eyni zamanda, C5 formatında Mərkəzi Asiya dövlətləri başçılarının Vaşinqtonda yüksək səviyyədə qəbulu Ağ Evin regionu vahid geosiyasi məkan kimi qəbul etdiyinin göstəricisidir.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin forumda onlayn çıxışı Azərbaycanın xarici siyasət fəlsəfəsinin və regional inteqrasiya baxışının geosiyasi mənzərəsini təqdim edir. H.Hacıyevin vurğuladığı kimi, Orta Dəhliz Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya və digər mühüm bölgələri birləşdirən strateji geoiqtisadi və geosiyasi sistemə keçid mərhələsindədir. Hazırda müşahidə olunan transformasiya, qitələrarası əlaqələrin təhlükəsizlik və siyasi qarşılıqlı asılılıq kontekstində yenidən formalaşmasını tələb edir.
Qlobal miqyasda cərəyan edən qarşıdurmalar, xüsusilə Körfəz bölgəsində və Yaxın Şərqdə münaqişə ocaqlarının alovlanması qlobal təchizat və kommunikasiya xətlərinin zəifliyini ortaya çıxardı. Belə kritik şəraitdə Orta Dəhlizin təhlükəsiz və dayanıqlı alternativ kimi strateji əhəmiyyəti qat-qat artır. Süveyş kanalı, Qırmızı dəniz, yaxud Fars körfəzi kimi ənənəvi dəniz keçidlərində yaşanan hərbi-siyasi risklər, dünya ölkələrini Şərqlə Qərb arasında daha etibarlı quru və dəniz marşrutları axtarmağa sövq edir. Cənubi Qafqaz və Mərkəzi Asiya coğrafiyası dənizdən kənarda yerləşən, lakin quru və dəniz əlaqələrinin optimal kəsişməsini təmin edən təhlükəsizlik adasına çevrilib. Azərbaycan rəhbərliyi tərəfindən irəli sürülən geosiyasi təşəbbüslər isə Avrasiya məkanında yeni təhlükəsizlik kəmərinin formalaşmasına kömək edir.
Milli təhlükəsizlik və regional bağlantı memarlığının mühüm komponentlərindən bəhs edərkən, Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin və Azərbaycanın Naxçıvan bölgəsi ilə əlaqələrinin xüsusi çəkisini qeyd etmək lazımdır. Formalaşmaqda olan Zəngəzur dəhlizi region dövlətləri tərəfindən Orta Dəhlizin mühüm strateji seqmenti kimi qəbul edilir. Bu dəhlizin açılması Şərq–Qərb əlaqəsini əsaslı şəkildə gücləndirməklə yanaşı, Azərbaycanın Türkiyə və daha geniş coğrafiyada yerləşən Avropa ölkələri ilə vasitəsiz quru əlaqəsini təmin etmək potensialına malikdir. Siyasi baxımdan yanaşdıqda, bu layihə Cənubi Qafqazda daimi sülhün və çoxtərəfli əməkdaşlığın təminatçısı rolunu oynayır.
Təhlükəsizlik və strateji müstəqilliyin digər vacib elementi isə rəqəmsal suverenlikdir. Qazaxıstan Prezidentinin ABŞ ilə danışıqlar üzrə xüsusi nümayəndəsi Ercan Kazıxanın forumda səsləndirdiyi fikirlər regionun rəqəmsal gələcəyinə baxışı nümayiş etdirir. Qazaxıstanın regional tərəfdaşlar, xüsusilə Azərbaycan ilə müştərək şəkildə Orta Dəhlizin rəqəmsal komponentini inkişaf etdirməsi Avrasiya məkanında rəqəmsal asılılığı aradan qaldırmaq məqsədi daşıyır. Xüsusilə Xəzər dənizinin dibi ilə çəkiləcək Trans–Xəzər fiber-optik kabel layihəsi hər iki dövlətin rəqəmsal suverenliyini təmin edəcək tarixi addımdır. Layihənin cari ilin sonunadək tamamlanması region dövlətlərinin siyasi iradəsinin göstəricisidir.
Qlobal güc mərkəzləri arasında rəqabətin kəskinləşdiyi dövrdə Cənubi Qafqaz və Mərkəzi Asiyanın orta güc dövlətləri xarici siyasətdə tarazlaşdırma kursunu uğurla davam etdirirlər. Azərbaycan tərəfindən həyata keçirilən xarici siyasət kursu təktərəfli asılılıqlardan qaçaraq çoxvektorlu tərəfdaşlıq modelləri qurmağa imkan verir. Orta güc statusu dövlətlərə beynəlxalq gərginliklər zamanı neytrallığı qorumaq və regional sülhün tərəfdarı kimi çıxış etmək imkanı tanıyır. Bakının və Astananın Vaşinqtonla münasibətləri bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə söykənir. ABŞ Xəzər regionu dövlətlərini qlobal təhlükəsizlik arxitekturasının suveren dayaqları kimi qiymətləndirir. Trans–Xəzər Forumunda nümayiş etdirilən mövqe göstərir ki, Vaşinqton və regional paytaxtlar arasında maraqların üst-üstə düşməsi uzunmüddətli strateji xarakter daşıyır.
Türkiyənin Trans-Xəzər əməkdaşlıq formatındakı iştirakı Orta Dəhlizin qərb qanadının geosiyasi təhlükəsizliyini möhkəmləndirən mühüm amildir. Ankara Azərbaycanın strateji müttəfiqi kimi, Şərq-Qərb dəhlizinin Avropa qitəsi ilə tam inteqrasiyasına dəstək verir. Bakı–Tbilisi–Qars dəmir yolunun səmərəli istifadəsi, Türk dünyasının coğrafi bütövlüyünü təmin edən nəqliyyat infrastrukturunun əsasını təşkil edir. Türkiyənin regional fəallığı bölgədə balansın qorunmasına və kənar hərbi-siyasi təhdidlərin qarşısının alınmasına kömək edir. Forumda iştirak edən digər regional və qlobal tərəfdaşlar da Ankaranın rolunu yüksək qiymətləndirirlər. Türkiyə, Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında qurulan müttəfiqlik əlaqələri Avrasiyanın mərkəzində yeni güc mərkəzinin formalaşdığına dəlalət edir.
Vaşinqtonda keçirilən Trans-Xəzər Forumu regional dövlətlərin və onların tərəfdaşlarının gələcəyə yönəlmiş geosiyasi vizyonunu ortaya qoyur. Azərbaycan balanslaşdırılmış xarici siyasəti, suverenliyinə sadiqliyi və müttəfiqlik şəbəkəsi ilə regionun təhlükəsizlik memarlığında mərkəzi mövqe tutur. Orta Dəhliz isə Avrasiyanın geosiyasi gələcəyini müəyyən edən strateji sistemdir. Hazırkı qlobal gərginliklər şəraitində, Xəzər hövzəsinin sabitlik zonası kimi qorunması qlobal təhlükəsizliyə xidmət edir. İnanırıq ki, dövlətlərin müştərək addımları bölgənin suverenliyini gücləndirərək gələcək nəsillərə daha sabit, təhlükəsiz və inteqrasiya olunmuş Trans-Xəzər regionu miras qoymağa imkan verəcək.
Yusif ŞƏRİFZADƏ
XQ


