Azərbaycanın siyasi aləmdə öz imzası var

post-img

Bəzən beynəlxalq siyasətə kənardan baxanda belə bir təsəvvür yaranır ki, dünyanı yalnız böyük güclər idarə edir. ABŞ, Çin, Rusiya, Avropa İttifaqı və digər qlobal aktorlar. Qalan dövlətlər isə, sadəcə, həmin qərarların təsiri altında fəaliyyət göstərirlər.

Lakin tarix bizə başqa həqiqəti də öyrədib: beynəlxalq münasibətlər sistemində həmişə elə dövlətlər olub ki, ölçülərinə görə böyük olmasalar da, siyasi çeviklikləri, strateji baxışları və düzgün zamanlama qabiliyyətləri sayəsində öz çəkilərindən qat-qat böyük rol oynaya biliblər. Bu gün Azərbaycan məhz belə dövlətlər sırasında göstərilir. Əgər 10 il əvvəl beynəlxalq ekspertlər Azərbaycanın adını ilk növbədə enerji layihələri ilə əlaqələndirirdilərsə, bu gün vəziyyət tamamilə fərqlidir. Artıq söhbət yalnız neftdən, qazdan və boru kəmərlərindən getmir. Azərbaycan regional təhlükəsizlikdən tutmuş qlobal nəqliyyat marşrutlarına, enerji təhlükəsizliyindən iqlim diplomatiyasına qədər bir çox sahələrdə söz sahibi olan ölkəyə çevrilib. Dəyişikliklər təsadüfi deyil. Bunlar uzun illər ərzində formalaşdırılmış siyasi kursun, strateji səbrin və milli maraqlar üzərində qurulan dövlət siyasətinin nəticəsidir.

Qlobal təhdidlər və Azərbaycanın yüksəlişi

“Soyuq müharibə”dən sonra formalaşmış beynəlxalq sistem artıq əvvəlki kimi işləmir. BMT-nin effektivliyi ilə bağlı suallar artır, beynəlxalq hüququn selektiv tətbiqi açıq görünür, qlobal güclər arasında rəqabət isə yeni mərhələyə daxil olub. Rusiya–Ukrayna müharibəsi, Yaxın Şərqdə davam edən qarşıdurmalar, ABŞ–Çin rəqabəti, enerji və ərzaq təhlükəsizliyi problemləri beynəlxalq sistemin nə qədər kövrək olduğunu nümayiş etdirir. Belə bir dövrdə dövlətlərin dəyəri yalnız malik olduqları resurslarla deyil, böhranlar zamanı nə qədər etibarlı tərəfdaş olduqları ilə ölçülür.

Azərbaycan son illər beynəlxalq münasibətlər sistemində ən dəyərli siyasi kapital hesab olunan amillərdən birini – etibarlı tərəfdaş imicini formalaşdırmağa nail olub. Bu gün qlobal siyasətdə resurslara sahib olmaq vacibdir, lakin ondan da vacibi həmin resursları sabit, proqnozlaşdırılan və uzunmüddətli şəkildə tərəfdaşların istifadəsinə təqdim edə bilməkdir. Məhz bu xüsusiyyət Azərbaycanın Avropa üçün strateji əhəmiyyətini artıran əsas amillərdən birinə çevrilib.

2022-ci ilin iyul ayında Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıya səfəri zamanı imzalanan "Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" Aİ-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcı oldu. Səfər zamanı Lyayen Azərbaycanın Avropa üçün "etibarlı, güvənilən və strateji enerji tərəfdaşı" olduğunu xüsusi vurğulamışdı. Rəqəmlər də bunu təsdiqləyir. Əgər 2021-ci ildə Azərbaycan Avropaya təxminən 8 milyard kubmetr təbii qaz ixrac etmişdisə, sonrakı illərdə bu həcm sürətlə artdı. Azərbaycan qazı Avropa ölkələrinin enerji mənbələrinin şaxələndirilməsi siyasətinin mühüm komponentinə çevrilib. Bakının təşəbbüsü ilə reallaşdırılmış Cənub Qaz Dəhlizi XXI əsrin ən iri enerji layihələrindən biri hesab olunur. Təxminən 3500 kilometrlik bu nəhəng sistem "Şahdəniz" yatağından hasil olunan qazın Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP vasitəsilə Avropaya çatdırılmasını təmin edir.

Enerji, üstəgəl dəhlizlər

Əslində, Azərbaycanın son illərdə qazandığı geosiyasi mövqe daha çox nəqliyyat və logistika imkanları ilə bağlıdır. Qlobal iqtisadiyyatın əsas qanunlarından biri belədir: ticarət yollarına nəzarət edənlər geosiyasi təsir imkanlarını da artırırlar. Məhz bu baxımdan Orta Dəhliz layihəsi xüsusi əhəmiyyət daşıyır. Çindən başlayan, Mərkəzi Asiya üzərindən Xəzər dənizini keçərək Azərbaycana, buradan isə Gürcüstan və Türkiyə vasitəsilə Avropaya uzanan marşrut son illər dünya iqtisadiyyatının ən çox müzakirə olunan istiqamətlərindən birinə çevrilib.

Dünya Bankının və digər beynəlxalq qurumların hesabatları göstərir ki, yaxın illərdə Orta Dəhlizlə yükdaşımaların həcmi bir neçə dəfə arta bilər. Təbii ki, marşrutun mərkəzində Azərbaycan dayanır. Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, Şərq–Qərb nəqliyyat dəhlizi və yeni logistika layihələri ölkəmizi Avrasiyanın əsas tranzit qovşaqlarından birinə çevirir.

Qarabağda “ağıllı” dirçəliş

Azərbaycanın siyasi imzasını fərqləndirən başqa bir məqam Qarabağda həyata keçirilən quruculuq prosesidir. Müharibələr tarixdə çox olub. Lakin müharibədən sonrakı inkişaf modelləri hər zaman diqqət çəkib. Bu gün işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələrin miqyası dünyanın bir çox ekspert dairələrinin diqqət mərkəzindədir. “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları, Füzuli Beynəlxalq Hava Limanı, Zəngilan və Laçın hava limanları, yeni avtomobil və dəmir yolları, enerji infrastrukturu və yaşayış məntəqələrinin bərpası Azərbaycanın müharibədən sonrakı siyasi fəlsəfəsini nümayiş etdirir.

Dünyaya ötürmək istədiyimiz isə sadədir: qələbənin ən böyük təsdiqi dağıntılar deyil, quruculuqdur. Məhz buna görə Qarabağ bu gün təkcə Azərbaycanın beynəlxalq auditoriyaya ünvanlanan siyasi mesajdır.

Çağdaş diplomatiya məkanı

Diqqət edin. Son illər dünyanın ən müxtəlif siyasi qüvvələri, beynəlxalq təşkilatları və hökumət nümayəndələri mütəmadi olaraq Bakıda görüşürlər. Qoşulmama Hərəkatının Zirvə Toplantısı, Türk Dövlətləri Təşkilatının tədbirləri, müxtəlif beynəlxalq forumlar, qlobal enerji və iqlim müzakirələri Azərbaycanın diplomatik çəkisinin artdığını göstərir.

Xüsusilə COP29-un və Dünya Urban Forumunun Azərbaycanda keçirilməsi mühüm hadisə oldu. Çünki belə tədbirlərə ev sahibliyi etmək üçün yalnız infrastruktur kifayət etmir. Bunun üçün siyasi etibarlılıq və beynəlxalq tərəfdaşlarla işləmək bacarığı da tələb olunur.

Azərbaycan modelinin özəlliyi nədədir?

Bəlkə də əsas sual budur. Azərbaycanı bir çox digər dövlətlərdən fərqləndirən nədir? Fikrimizcə, cavab balans anlayışındadır. Müasir beynəlxalq münasibətlərdə bir çox dövlətlər böyük güclər arasında seçim etmək məcburiyyətində qalırlar. Azərbaycan isə uzun illərdir çoxvektorlu xarici siyasət yürüdür. Azərbaycan Türkiyə ilə strateji müttəfiqdir.

Eyni zamanda, Aİ ilə əməkdaşlığı genişləndirir, Türk dünyasının inteqrasiyasını dəstəkləyir, İslam Əməkdaşlıq Təşkilatında fəaldır, Qoşulmama Hərəkatına sədrlik edib, Mərkəzi Asiya dövlətləri ilə əlaqələri inkişaf etdirir. Bu qədər müxtəlif istiqamətləri eyni vaxtda idarə etmək ciddi diplomatik bacarıq tələb edir. Məhz buna görə bir çox beynəlxalq analitiklər Azərbaycanı “orta güc diplomatiyasının uğurlu nümunəsi” kimi xarakterizə edirlər.

Yeni dünya nizamında Azərbaycanın yeri və rolu

Bu gün dünya yeni geosiyasi arxitekturanın formalaşması mərhələsindədir. Qlobal güc mərkəzləri dəyişir, yeni iqtisadi marşrutlar yaranır və enerji bazarları transformasiya olunur. Texnologiyalar beynəlxalq münasibətlərin xarakterini dəyişir. Belə dövrlərdə bəzi dövlətlər proseslərin arxasınca gedir, bəziləri isə həmin proseslərin formalaşmasında iştirak edirlər. Azərbaycanın son illərdəki fəaliyyəti göstərir ki, Bakı ikinci yolu seçib.

Ölkə yeni təşəbbüslər irəli sürür, dialoq platformaları yaradır və əməkdaşlıq mexanizmlərinin formalaşmasına töhfə verir. Bu gün Azərbaycanın siyasi səhnədə seçilən imzasından danışarkən söhbət yalnız uğurlu xarici siyasətdən getmir. Söhbət öz milli maraqlarını qoruya-qoruya beynəlxalq əməkdaşlığa töhfə verməyi bacaran, regional liderliklə qlobal məsuliyyət arasında tarazlıq qurmağa çalışan dövlət modelindən gedir.

Son olaraq qeyd edək ki, bizim imzamız neftdən, qazdan və ya coğrafiyadan daha böyük anlayışı ifadə edir. Bu imza milli maraqlara söykənən müstəqil qərarvermə, çevik diplomatiya, etibarlı tərəfdaşlıq və quruculuq fəlsəfəsinin birləşməsidir. Və görünən odur ki, qlobal siyasətin yeni xəritəsi çəkildikcə, həmin imzanın çəkisi daha da artacaq.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru



Siyasət