Torpağın diriliyi sudadır

post-img

Suyun faydası isə ondan səmərəli istifadə ilə ölçülür

Qlobal iqlim dəyişiklikləri, artan ərzaq tələbatı və məhdudlaşan su ehtiyatları XXI əsrdə kənd təsərrüfatının qarşısında duran əsas çağırışlar sırasında yer alır. Dünyada əhalinin sürətlə çoxalması isə ərzaq istehsalının genişləndirilməsini zəruri edir. Azərbaycan da bu proseslərdən kənarda qalmır, iqlim dəyişikliklərinin təsirlərinə daha həssas regionlardan biri kimi su ehtiyatlarından səmərəli istifadə və məhsuldarlığın artırılması istiqamətində yeni yanaşmalar tətbiq edir. Bu baxımdan hazırda müasir və qənaətli suvarma sistemlərinin genişləndirilməsi dövlətin aqrar siyasətinin prioritet istiqamətlərindən biri olaraq diqqət çəkir.

Azərbaycan Prezidenti İlham Əliyevin 25 may 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” da məhz bu reallıqlar nəzərə alınaraq hazırlanıb. Sənəddə, eyni zamanda, BMT-nin proqnozlarına əsaslanılaraq, dünya əhalisinin sayının 2030-cu ildə 8,5 milyard nəfərə, 2050-ci ildə isə 9,7 milyard nəfərə çatacağı vurğulanıb. Bu halda isə 2050-ci ilədək ərzaq istehsalının indiki səviyyə ilə müqayisədə, təxminən, 50 faiz artırılmasının zəruriliyi bildirilib.

Mütəxəssislər tərəfindən belə bir şəraitdə kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsinin təkcə əkin sahələrinin genişləndirilməsi hesabına deyil, həm də daha çox innovativ texnologiyaların tətbiqi və resurslardan səmərəli istifadə yolu ilə reallaşacağı qeyd edilir. Məhz buna görə də suvarma səmərəliliyinin artırılması, torpaq münbitliyinin qorunması və su ehtiyatlarının qənaətlə istifadəsi dövlət proqramında əsas prioritetlər sırasında yer alır.

Azərbaycanın coğrafi mövqeyi və iqlim xüsusiyyətləri ölkəni qlobal istiləşmənin təsirlərinə daha həssas edir. Son illərdə müşahidə olunan temperaturun yüksəlməsi və quraqlıq hallarının daha çox yay aylarında intensivləşməsi kənd təsərrüfatına ciddi təsir göstərir. Rəsmi statistik məlumatlar da problemin miqyasını aydın şəkildə nəzərə çarpdırır. Quraqlıq səbəbindən 2020-ci ildə 68,6 min hektar, 2021-ci ildə 42,2 min hektar, 2022-ci ildə 101,4 min hektar, 2023-cü ildə isə 178,3 min hektar əkin sahəsinin tamamilə məhv olması məhz bunun məntiqi ifadəsidir. Xüsusilə taxıl sahələrində müşahidə edilən itkilər ölkənin ərzaq təhlükəsizliyi baxımından ciddi narahatlıq yaradır.

Quraqlıq yalnız məhsul itkisi demək deyil. Bu proses kənd yerlərində gəlirlərin azalmasına, istehsal xərclərinin artmasına, fermerlərin maliyyə dayanıqlılığının zəifləməsinə və bütövlükdə aqrar sektorun inkişaf tempinin aşağı düşməsinə səbəb olur. Buna görə də su ehtiyatlarının daha səmərəli idarə olunması getdikcə strateji zərurətə çevrilir. Belə bir şəraitdə isə ənənəvi selləmə suvarma üsullarının artıq müasir tələblərə cavab vermədiyi bildirilir. Çünki bu üsul həm böyük həcmdə su itkisinə yol açır, həm də torpaqların şoranlaşmasını sürətləndirir. Nəticədə torpaqda münbitlik zəifləyir və məhsuldarlıq azalır.

Müasir suvarma sistemləri

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının yanaşmalarında da məhsuldarlığın artırılması ilə yanaşı, təbii resursların qorunması əsas prinsip kimi qəbul edilir. Eyni zamanda, müasir aqrar inkişaf modelinin tətbiqi ilə daha az su və enerji sərfi hesabına daha çox məhsul əldə etmək nəzərdə tutulur. Azərbaycanın son illərdə həyata keçirdiyi aqrar siyasət çərçivəsində də bu məsələyə xüsusi əhəmiyyət verilir. Elə buna görə də Prezident İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatında rəqəmsallaşmanın diqqətdə saxlanılması, subsidiya mexanizmlərinin təkmilləşdirilməsi, yeni texnologiyaların tətbiq edilməsi və su idarəçiliyinin modernləşdirilməsi istiqamətində mühüm addımlar atılır.

Bu layihələrin əsas məqsədi təkcə cari tələbatı ödəmək deyil, həm də gələcək nəsillər üçün dayanıqlı aqrar sistem formalaşdırmaqdır. Çünki su ehtiyatlarının qorunması iqtisadi məsələ olmaqla bərabər, həm də milli təhlükəsizlik və strateji inkişaf xətti kimi diqqət çəkir. Dünyanın inkişaf etmiş kənd təsərrüfatı ölkələrinin təcrübəsi də suvarma texnologiyalarının modernləşdirilməsini məhsuldarlığın artırılmasıda ən səmərəli vasitələrindən biri olduğunu göstərir. Pivot, damcı və yağmurlama sistemlərinin bu sahədə ən geniş tətbiq edilən texnologiyalar kimi dəyərləndirilməsi də bunun bariz ifadəsidir.

Azərbaycanda hazırda xüsusilə pivot suvarma sistemlərinin tətbiqi sürətlə genişlənir. Bu sistemlər vasitəsilə suyun bitkilərə bərabər paylanması təmin olunur, itkiləri minimum səviyyəyə düşür və əmək xərcləri azalır. Aparılan müşahidələr də göstərir ki, müasir suvarma sistemlərinin tətbiq olunduğu təsərrüfatlarda məhsuldarlıq 2 dəfəyə yaxın çoxalır, istifadə olunan suyun həcmi isə, təxminən, 2,5 dəfə azalır.

Bu nəticələr həm iqtisadi, həm də ekoloji baxımdan olduqca yüksək dəyərləndirilir. Çünki təsərrüfatlarda daha az su istifadə olunmaqla daha çox məhsul əldə edilir, eyni zamanda, su ehtiyatlarının qorunmasına mühüm töhfə verilir. Bu, xüsusilə quraqlıqla bağlı narahatlıq yarandığı bir vaxtda son dərəcə zəruri amil sayılır.

Müasir suvarma sistemlərinin geniş tətbiqi böyük maliyyə vəsaiti tələb etdiyindən dövlətin bu istiqamətdə geniş dəstək mexanizmlərinin formalaşması da sürətlənir. Kənd Təsərrüfatı Nazirliyi və Aqrar Subsidiya Şurası tərəfindən qəbul edilən qərarlar nəticəsində müasir suvarma sistemləri quraşdırılmış təsərrüfatlara daha yüksək subsidiya verilir.

Hazırda belə təsərrüfatlar üçün subsidiya məbləği 60 faiz artırılmış formada tətbiq edilir. Bu təşviq mexanizmi ilə fermerlərin yeni texnologiyalara marağı çoxalır. Çünki əlavə subsidiya nəticəsində fermerin investisiya yükü azalır, müasir sistemlər isə qısa müddətdə yeni müsbət nəticələrlə müşahidə edilir. Bununla yanaşı, fiziki və hüquqi şəxslərə lizinq yolu ilə verilən suvarma sistemləri və avadanlıqlarının ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq olunur. Bu da fermerlərin müasir texnologiyalara çıxış imkanlarını xeyli genişləndirir.

Təşviq və dəstək mexanizmləri

Azərbaycanda pivot suvarma sistemlərinin tətbiqinin genişləndirilməsində Prezident İlham Əliyevin 19 iyul 2022-ci il tarixli “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” fərmanı yüksək dəyərləndirilir. Həmin fərmana əsasən, pivot suvarma sistemləri quraraq ərzaqlıq buğda istehsal edən fermerlərə hər ton məhsula görə əlavə 100 manat subsidiya verilir. Bu təşviq mexanizmi əsasən fermerləri daha çox ərzaqlıq buğda istehsalına cəlb etməyə yönəliir.

Sənədin qəbulundan ötən müddətdə ölkədə pivot sistemləri ilə əhatə olunan ərazilərin həcminin sürətlə artması müşahidə edilib. Son 4 ildə müasir pivot suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatların ümumi sahəsi 80 min hektardan 120 min hektara çatdırılıb. Nəticədə suvarma imkanları genişlənib, məhsuldarlıq yüksəlib və ölkənin daxili istehsal potensialı güclənib. Bununla da respublikanın ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində yeni inkişaf mərhələsi başlanıb.

Hazırda hər il, təxminən, 4-5 min hektar yeni ərazi pivot suvarma sistemləri ilə əhatə olunur. Ölkədə bu göstəricinin daha da artırılması istiqamətində davamlı iş aparılır. Eyni zamanda, pivot sistemlərinin tətbiq oluna biləcəyi yeni ərazilərin müəyyənləşdirilməsi üzrə tədqiqatlar davam etdirilir.

Fermerlərin maliyyə imkanlarının genişləndirilməsi məqsədilə hökumət əlavə dəstək alətləri də formalaşdırıb. Nazirlər Kabineti ərzaqlıq buğda istehsalı üzrə öhdəlik götürərək Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlamış sahibkarlıq subyektlərinə müasir suvarma sistemlərinin alınması üçün verilən kreditlərə dövlət zəmanəti mexanizmini təsdiqləyib. Bu qərarla fermerlərin maliyyə resurslarına çıxışı asanlaşıb.

Dövlət zəmanəti bank və kredit təşkilatlarının risklərini azaltdığından, bu maliyyə qurumlarının fermerlərə daha əlverişli şərtlərlə kredit təqdim etmək imkanı genişlənib. Bunun nəticəsində müasir suvarma sistemlərinin alınması üçün investisiyaların həcmi artıb, texnologiyaların tətbiqi sürətlənib və kənd təsərrüfatının modernləşmə prosesi geniş vüsət alıb.

Müasir suvarma texnologiyalarının əhəmiyyəti yalnız məhsuldarlığın artırılması ilə məhdudlaşmır. Bu sistemlər torpaq və su ehtiyatlarının qorunmasına da mühüm töhfə verir. Belə ki, ənənəvi selləmə suvarma üsulu torpaqlarda şoranlaşma, eroziya və münbit qatın yuyulması kimi problemlər meydana çıxarır və uzunmüddətli perspektivdə bu proseslər torpaqların kənd təsərrüfatı üçün yararsız hala düşməsinə səbəb olur. Pivot və digər müasir suvarma sistemləri ilə suyun normaya uyğun verilməsi torpağın fiziki və kimyəvi xüsusiyyətlərinin qorunmasına imkan yaradır. Bu da gələcək nəsillər üçün münbit torpaq ehtiyatlarının saxlanılması baxımından mühüm əhəmiyyət daşıyır.

Bu gün inkişaf etmiş ölkələrin kənd təsərrüfatı “daha az resursla daha çox məhsul” prinsipinə əsaslanır. Azərbaycanın aqrar inkişaf strategiyası da məhz bu yanaşmaya söykənir. Müasir suvarma sistemlərinin tətbiqi həm iqlim dəyişikliklərinə uyğunlaşma, həm ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, həm də kənd yerlərində iqtisadi rifahın yüksəldilməsi baxımından mühüm rol oynayır. Dövlət tərəfindən həyata keçirilən subsidiya, güzəştli lizinq, dövlət zəmanətli kredit və əlavə məhsul subsidiyası kimi təşviq mexanizmləri fermer təsərrüfatlarında yeni texnologiyalara keçidi sürətləndirir. Bu siyasətin isə artıq real nəticələri diqqət çəkir.

Beləliklə, kənd təsərrüfatının qarşısında duran əsas vəzifələrdən biri dəyişən iqlim şəraitində məhsuldarlığı artırmaq və su ehtiyatlarından daha səmərəli istifadə etməkdir. Quraqlıq narahatlığınn artdığı, su resurslarının məhdudlaşdığı bir dövrdə müasir və qənaətli suvarma sistemlərinin tətbiqi isə zərurətdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində ölkədə müasir suvarma texnologiyalarının tətbiqi genişlənir, məhsuldarlıq artır, suya qənaət olunur və ərzaq təhlükəsizliyi möhkəmlənir. Bu istiqamətdə görülən işlər də aqrar sektorunun innovativ inkişaf mərhələsinə qədəm qoyduğundan xəbər verir.

Əbdülrəhim DADAŞOV,
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdirinin müavini

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aqrar sahədə dövlət dəstəyi və subsidiya mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb. Fərmanla “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamə”, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi”, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması” və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında əvvəlki fərmanlarda dəyişikliklər edilib.

Ölkənin kənd təsərrüfatında aparılan yeni islahatlar aqrar sahədə dövlət dəstəyinin daha çevik, ünvanlı və nəticəyönümlü mexanizm əsasında qurulmasına xidmət edir. Dəyişikliklərin əsas mahiyyəti fermerlərin istehsal prosesində qarşılaşdığı ilkin maliyyə yükünün azaldılması, kənd təsərrüfatı məhsullarının istehsal və tədarük zəncirinin stimullaşdırılması, beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi və dövlət dəstəyi mexanizmlərində rəqəmsal nəzarətin gücləndirilməsi ilə bağlıdır.

İslahatların mühüm istiqamətlərindən biri də bağçılıq subsidiyasının ayrıca mexanizm kimi müəyyənləşdirilməsidir. Yeni mexanizmə əsasən, çoxillik əkmələrin salındığı ilk ildə fermerlərin ting alınması, torpağın aqrokimyəvi analizinin aparılması, aqrotexniki xidmətlərdən istifadə edilməsi, müasir suvarma sistemlərinin qurulması və fitopatoloji analizlərlə bağlı xərclərinin bir hissəsinin kompensasiyası nəzərdə tutulur.

Yuxarıda adıçəkilən fərmanda fermerlərin subsidiyanın bir hissəsini əvvəlcədən almasını nəzərdə tutan avans mexanizminin müəyyənləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Əkin və bağçılıq subsidiyalarının 60 faizdən çox olmayan hissəsinin əvvəlcədən ödənilməsi fermerlərin mövsümi istehsal xərclərini daha vaxtında qarşılamağa imkan verir. Bu yanaşma fermerlərin toxum, ting, gübrə, aqrotexniki xidmət və suvarma kimi ilkin xərclərə çıxışını asanlaşdırmaqla yanaşı, subsidiya vəsaitlərinin mərhələli və nəzarətli istifadəsinə də şərait yaradır.

Vaqif BAYRAMOV
XQ



Sosial həyat