İyunun 16-da Məhərrəm ayı başlanır

post-img

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri Məhərrəm ayının başlanması ilə əlaqədar iyunun 11-də açıqlama yayıb. Sənəddə deyilir:

“Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri müsəlman qardaş və bacıların nəzərinə çatdırır ki, Türk Dövlətləri Təşkilatı Müsəlman Dini İdarə rəhbərləri Şurasının Fətva şöbəsinin tərtib etdiyi təqvimə, həmçinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən, Hicri-qəməri təqvimi ilə 1447-ci il başa çatır, 1448-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə iyunun 16-na, Aşura günü isə iyunun 25-nə təsadüf edəcək.

Hamımız yaxşı xatırlayırıq ki, ulu öndər Heydər Əliyev Təzəpir məscidində Aşura mərasimindəki tarixi çıxışında demişdi: “Biz bundan sonra da haqq-ədalət, torpaq, Vətən yolunda şəhid olmuş Həzrəti İmam Hüseynin və onun bütün silahdaşlarının qəhrəmanlığını, şəhidliyini heç vaxt unutmayacağıq”. Onun siyasi kursunu davam etdirən xələfi, ölkəmizin başçısı Prezident İlham Əliyev də bu əqidəyə sadiq qalıb: “İslam dini bizim tariximizin, keçmişimizin və hazırkı həyatımızın ayrılmaz hissəsidir”.

Açıqlamanın davamında deyilir: “Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı Ordumuzun bizlərə yaşatdığı qürur və sevincə görə Uca Yaradana həmd-sənalar, dövlətimizin rifahı üçün dualar edirik. İşğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda yenidənqurmanın başlanması, dini-mədəni abidələrimizin bərpası, həmvətənlərimizin doğma yurd-yuvalarına Böyük Qayıdışı – bütün bunlar Allah-taalanın lütfü ilə müdrik dövlət başçımızın səyləri sayəsində reallaşan arzularımız, dualarımızdır.

Qazılar Şurası olaraq dindarlarımıza xatırlatmaq istərdik ki, mərasimlərdə müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir. Həmçinin QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırır ki, dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilsin.

Xüsusilə qeyd etmək istərdik ki, Azərbaycan din xadimləri tərəfindən məscidlərdə Vətən sevgisini, milli dəyərlərə sədaqəti, şərəf və ləyaqəti ehtiva edən moizələr və xütbələr oxunmalıdır”.

XQ

Son xəbərlər