Səmərqəndə bu il 6 milyon turist gələcək

post-img

Bu günlərdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Səmərqənd şəhərində bu qədim və gözəl şəhərin turizm imkanlarının daha da artırılması məqsədilə keçirilən müşavirədə çıxış edib. Dövlət başçısı bildirib ki, hazırkı dönəmdə Özbəkistanı regionun ən təhlükəsiz turizm məkanlarından biri kimi tanıdılması böyük əhəmiyyət kəsb edir.

Bir müddət əvvəl “Özbəkistanda açıq turizm mövsümü” elan edilib. Bu müddət ərzində yeni avia marşrutlar açan şirkətlər onların xidmətlərindən yararlanan hər bir əcnəbi sərnişin turistə görə, 100 ABŞ dolları həcmində subsidiya almağa başlayıblar. Bu aviaşirkətlər, eyni zamanda, sərnişindaşıma üzrə xidmətlərinə görə isə 20 faiz vergi güzəştlərindən bəhrələnirlər.

Bu il aprelin 1-dən etibarən Səmərqənddə fəaliyyət göstərən turizm üzrə operatorlar ölkəyə təşvi buyurran hər min nəfər turistə görə büdcədən 5 min dollara qədər subsidiya alırlar. Üstəlik, əlavə dəyər vergisinin tam yarısı onlara “cashback” (nağd pul şəklində) kimi geri qaytarılır.

Maraqlı cəhət həm də odur ki, turizmi təbliğ edən bir çox “populyar” blogerlər də unudulmayıb. Sosial şəbəkələrdə 5 milyondan çox izləyicisi olan 50 əcnəbi sosial şəbəkə fəalına Özbəkistana 7 günlük pulsuz tur paketi təklif olunub. Onların bir qismi artıq bu şansdan bəhrələnib.

Məlumat üçün bildirək ki, bu il Səmərqənd şəhərində ən azı 5 dünya şöhrətli sənətçinin qastrol səfərinə, həmçinin 10 biznes forumu və moda festivalına ev sahibliyi edəcək. Bütün bunlar Səmərqəndi turistlər üçün daha da sevilən və cəlbedici etmək məqsədi daşıyır.

Yeri gəlmişkən, Prezident Şavkat Mirziyoyev sözügedən müavirədə vurğulayıb ki, Səmərqənd dəqiq və təbiət elmləri üzrə olimpiadalar, forumlar və elmi konfransların keçirilməsi üçün beynəlxalq mərkəzə çevrilmək potensialına malikdir. Dövlət başçısı müvafiq qurumların rəhbərlərinə bu istiqamətdə dəyərli təşəbbüslərdə bulunmağı tapşırıb. Beləliklə, qeyd etdiyimiz təşviqedici imkanlardan istifadə etməklə ilin sonuna kimi Səmərqəndə azı 6 milyon turistin səfərinin təşkil edilməsi qarşıya əsas məqsədlərdən biri kimi qoyulub.

Prezident Şavkat Mirziyoyev son vaxtlar planetimizdə qlobal qarışıqlığın və artan neft qiymətlərinin logistika və ərzaq xərclərinə mənfi təsir edə biləcəyini nəzərə alaraq, regiona 500 elektriklə işləyən avtobusunun çatdırılması üçün göstəriş verib.

Mahmud QƏRİBOV
XQ

Son xəbərlər