Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndələri Beynəlxalq Nəqliyyat Forumunun (BNF) “Kiçik və orta ölçülü şəhərlərdə və kənd ərazilərində dayanıqlı mobillik” üzrə tədqiqat layihəsinin işçi qrupunun ilk iclasında iştirak ediblər.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata əsasən, onlayn formatda keçirilən görüşdə işçi qrupun fəaliyyət istiqamətləri, tədqiqatın əhatə dairəsi, prioritetləri və gözlənilən nəticələr müzakirə olunub. Bildirilib ki, təxminən, bir il müddətində fəaliyyət göstərəcək işçi qrupun əsas məqsədi kiçik və orta şəhərlərdə, eləcə də kənd yerlərində nəqliyyat xidmətlərini yaxşılaşdırmaq, əhalinin mobillik imkanlarını genişləndirmək və regionlardakı uğurlu təcrübələri öyrənməkdir.
Layihə çərçivəsində iştirakçı ölkələrin təcrübələrinin müqayisəli təhlili aparılacaq, uğurlu beynəlxalq təcrübələr müəyyən ediləcək və praktiki tövsiyələr hazırlanacaq. Yekun nəticələr BNF-nin gələcək tədqiqat və siyasət sənədlərində nəzərə alınacaq.
Müzakirələrdə iştirak edən Azərbaycan nümayəndə heyətinin, üzvləri bildiriblər ki, ölkəmizdə nəqliyyat sahəsində aparılan islahatlar, regionlarda ictimai nəqliyyat inkişafı və dayanıqlı mobillik üzrə qazanılan təcrübə işçi qrupun fəaliyyətinə töhfə verə bilər. Diqqətə çatdırılıb ki, Azərbaycan tərəfi işçi qrupun növbəti görüşlərində və tədqiqat fəaliyyətlərində fəal iştirak edərək əldə olunan təcrübənin ölkədə tətbiqini planlaşdırır.
Qeyd edək ki, sözügedən tədqiqat layihəsi Beynəlxalq Nəqliyyat Forumuna üzv ölkələr tərəfindən Bakıda təsdiqlənmiş 2026-2027-ci illər üzrə iş proqramının tərkib hissəsidir.
XQ

