Şəkililər 1920-ci ilin Qarabağ döyüşlərində

post-img

Dəstənin komandiri türk Sürəyya Aydəmir bu fədakarlığı necə qələmə alıb?

“O günə qədər müharibə görməyən, hətta vətənini öz evinin, kəndinin sərhədlərindən ibarət bilən bu xalq, indi ilk dəfə olaraq ölkənin kənar bir bölgəsinin və orada yaşayan qardaşlarının xilası üçün gənc bir atlının arxasınca yola düşürdü”.

Söhbət ondan gedir ki, 1919–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti milli təhsil quruculuğuna müəllim kadrları ilə yardım etmək üçün Osmanlı hökumətinə müraciət etmiş və Azərbaycana bir qrup müəllim göndərilmişdi. Həmin müəllimlərdən biri sonralar Türk dünyasının tanınmış aydınlarından olmuş Şövkət Sürəyya Aydəmir idi. O, Türkiyədən Azərbaycana – Nuxa adlanan Şəkiyə müəllimlik etməyə göndərilmişdi.

1897-ci ildə Ədirnədə – Balkan köçkünlərindən olan bir ailədə dünyaya gələn Aydəmirin formalaşmasında dövrün ağır tarixi hadisələri mühüm rol oynamışdı. Balkan müharibələrinin acıları, Birinci Dünya müharibəsinin cəbhə həyatı, Sarıqamışın amansız soyuğu onun mənəvi dünyasını sarsıtmışdı.

Aydəmir Qafqaza gəlişini, sadəcə, coğrafi keçid kimi deyil, böyük bir ideala – Turan məfkurəsinin yayılmasına doğru atılan tarixi addım kimi qəbul edirdi. Araz körpüsünü keçərkən yaşadığı həyəcan, ümumi mənzərə onda yeni duyğular yaradırdı. Bu səfər onun gözündə böyük bir milli oyanışın başlanğıcı, Şəki Turanın bir parçası kimi görünmüşdü.

Şövkət Sürəyya illər sonra – 1959-cu ildə nəşr olunmuş “Suyu arayan adam” avtobioqrafik əsərində Şəki ilə bağlı xatirələrini sevgi ilə qələmə almaqla yanaşı, baş vermiş tarixi hadisələrin canlı şahidi olaraq bir çox qaranlıq məqamlara işıq tutmuşdu. Əsərdə ən çox diqqətçəkən məqamlardan biri 1920-ci ildə Əsgəran qala-səddini erməni qiyamçılarının tutması ilə bağlıdır.

Aydəmirin Əsgəran döyüşü haqqında yazdıqları yenicə müstəqillik əldə etmiş bir xalqın özünü dərk etməsinin, parçalanmış düşüncədən bütöv Vətən anlayışına yüksəlişinin canlı salnaməsidir. Əsgəran səddi üzərində qurulan hadisələr, əslində, coğrafi bir məkanın təsvirindən daha artıqdır. Əsgəran qalası Azərbaycanın taleyində mühüm dönüş nöqtəsinə çevrilmiş mübarizə timsalıdır.

Bu xatirələrdə bir önəmli məqam da xalqın müharibəyə münasibətinin dəyişməsidir. İndiyə qədər hakim dövlətin ordu həyatından kənarda saxladığı, silah görməmiş, döyüş təcrübəsi olmayan sadə insanlar bir anda könüllü olaraq vətənin müdafiəsinə qalxmışdılar. Bu, kükrəyən bir hərəkat olmaqla yanaşı, mənəvi oyanışın göstəricisi idi. Əsəri oxuduqca aydın olur ki, Nuxa ilə Qarabağ arasında məsafə artıq coğrafi ölçü deyil, ortaq taleyin çağırışı ilə dolan boşluqdur.

Şövkət Sürəyya Aydəmirin “Suyu arayan adam” avtobioqrafik əsərindən təqdim etdiyimiz parçada yalnız qanlı-qadalı hadisələrdən bəhs olunmur, həm də dövrün ruhu öz əksini tapır. Burada təsvir olunanlar, sadəcə, tarix deyil, bir xalqın yaddaşı, ağrısı və birliyə gedən yolunun hekayəsidir.

Şövkət Sürəyya əsərində ermənilərin Qarabağ yolunu və Əsgəran keçidini kəsməsini xatırlayaraq yazır:

– Əsgəran keçidi bu bölgədə Azərbaycanın ortasından keçən və onu şimal və cənub olaraq ikiyə ayıran Kür vadisində, Qarabağın qapısındadır. Şimalda qalan Qarabağa Əsgəran keçidindən girilir... Keçidin arxasında evləri bağlar, bağçalar içində gizlənmiş Ağdam qəsəbəsi uzanır. Dağlıq Qarabağ vilayətinin baş şəhəri olan Şuşa qalasına isə Əsgəran qapılarını keçərək və yuxarıya doğru irəliləyərək çatmaq olur. Bura dağların üstündə bir qartal yuvası kimidir.

Qarabağda türklərlə ermənilər qarışıq olaraq yaşayırlar. Fəqət Qarabağ kimin əlində isə Kür vadisinə və Azərbaycan ovalığına o, yuxarıdan baxa bilir. Əsgəran keçidinin kəsildiyi xəbəri gəldiyi zaman bizim şəhərdə əsgər yox idi. Qarabağa ancaq könüllülərlə gedilə bilərdi. Halbuki bu şəhərdə və kəndlərində xalq indiyə qədər heç bir savaş üçün silahlanmamışdı. Sonra Nuxa daha çox sünni, Qarabağ isə şiəməzhəb məkan idi. Bir çoxları üçün isə Qarabağ Nuxadan çox uzaqda idi. Onsuz da müharibə xalqın indiyə qədər görmədiyi savaş idi...

Çarlığın dağılması, rus ordusunun geri çəkilməsi və Gürcüstandan gələn bir hərbi qatarın Azərbaycan torpaqlarında yağmalanması xalqın əlinə az-çox silah vermişdi. Amma bu silahların toplu olaraq istifadə olunması problem idi.

Əsgəran xəbərinin ardınca şəhər və kəndlərin əhalisi böyük məscidin həyətinə toplaşdı. Xalq ilk dəfə idi ki, döyüşə dəvət olunurdu. Bir könüllü qeydiyyat komitəsi quruldu... Bir neçə gün içində 400 könüllü köhnə qaladakı Şəki xanlarının sarayı önündən yola çıxmaq üçün səf bağlayıb durdu. İmamlar, axundlar, şəhər və kənd ağsaqqalları əllərinə keçən bayraqlar, qılınclar, tapançalarla dəstənin önündə idilər. Könüllüləri mən idarə edəcək, döyüşə aparacaqdım. Bu dəstəyə əmr verəcəkdim.

Dəstə hərəkət etməzdən öncə şəhərin adından mənə bir at və bir mauser tapançası hədiyyə edildi. Bunları ancaq əmanət olaraq qəbul etdim. Ata mindim. Dəstənin önünə keçdim. Qafilə qaladan şəhərin ana yollarını keçərək yavaş-yavaş ovalığa doğru enməyə başladı. Ən öndə təkbir söyləyənlər gedirdi. Yolların kənarları, pəncərələr, balkonlar, divarların, ağacların, damların üzəri bağıran, ağlaşan, alqışlayan qadın, kişi, gənc, qoca, oğul-uşaq, minlərlə insandan ibarət bir qələbəliklə dolmuşdu.

O günə qədər müharibə görməyən, hətta vətənini öz evinin, öz kəndinin sərhədlərindən ibarət bilən bu xalq, indi ilk dəfə olaraq vətənin kənar bir bölgəsinə və orada yaşayan qardaşlarının xilası üçün gənc bir atlının arxasınca yola düşürdü. Və bu gediş qəribsənilmirdi. Əksinə, bununla öyünür, coşurdular. Həyəcan getdikcə artırdı. Şəhərin aşağı başında təkbirlər, dualar, hayqırışlar, ağlaşmalar və silah səsləri son həddə çatdı.

Könüllü sıralarına qatılmaq və onlarla bərabər getmək üçün bu sıraların içinə atılan qocalar, hətta yaşlı analar var idi. Məni ən çox təsirləndirən məktəbdəki uşaqlar oldu. Bir an gəldi ki, bunlar atımın ətrafında, sanki kilidləndilər. Təmiz, məsum üzlər həm sevinc, həm sevgi göz yaşları ilə yuyulurdu. O zaman mən də dayana bilmədim. Göz yaşlarımı göstərmək istəmirdim, amma olmadı...

Şəhərdən çıxanda qurbanlar kəsildi. Son dualar edildi. Burada yaşlıları, imamları, axundları dəstədən ayırmaq və xalqın yanında qoymaq üçün çox səy göstərməli oldum. Hələ boynuna uzun bir qılınc asmış qoca, fəqət heybətli bir kənd imamı var idi. Onun dəstəyə qatılmaq üçün yalvarışlarını indi də xatırlayıram...

Könüllülər Əsgəran qalasına çatdıqları zaman yol açılmışdı. Biz ilk döyüşə Xankəndi yaxınlığında qatıldıq. Gənc və təcrübəsiz olmalarına rəğmən, Azərbaycan hərbi dəstələri hər tərəfdə irəliyə atılırdı. Bizim dəstənin, ilk dəfə müharibəni yaşayan mülki icmanın ilkin təcrübəsizliyinə baxmayaraq, öz hərəkətlərini həyata keçirməsi mümkün idi. Yeganə çətinlik könüllüləri ovçuya bənzər bir formada saxlamaq idi... İkinci çətinlik əvvəlcə ağla gəlməyən bir vəziyyət səbəbilə oldu. Könüllülərdən biri yaralandığı, yaxud öldüyü zaman bütün qonşuları, kəndliləri, yaxınları, yerliləri onun yanına qaçırdılar. Onu hamısı birdən götürüb geri aparmağı vəzifə bilirdi.

Əsas çətinliyi düşmənin atdığı ilk bombalar yaratdı... Onun səsi bombalara alışmayanları qorxudurdu. Bizim könüllülər isə əvvəllər heç bomba səsi eşitməmişdilər.

Müharibənin üçüncü günü gecə Şuşa qalasına girildi. Burada rəsmi qoşunlar və könüllülər böyük ruh yüksəkliyi ilə qarşılandı. Könüllü dəstəmiz 15 şəhid vermişdi. Mühasirədən xilas olanlar küçələrdə, meydanlarda könüllüləri bağırlarına basırdılar. Məscidin həyətində həyəcan son həddə çatmışdı. Artıq sünni və şiə bölünməsi yox idi. Bütün əsgərlər, könüllülər, mülki şəxslər, hamı bir-birinə qardaş, bir vətənin övladı idi. Bu sözləri Şuşa qalasının böyük məscidinin minbərində, bu məscidi dolduran qələbəliyə söylədiyim zaman gecə yarısını ötmüşdü. Dinləyənlər ağlayırdılar.

Bundan sonra qonaq qaldığımız evdə Şuşa qalası camaatının onlarla qalmaq təklifini nəzakətlə rədd etdim. Nuxada bir işim var idi və 2 gün sonra qafilə Nuxaya doğru yola düşdü. Nuxada qarşılanmalar, dualar və mövlüdlər günlərlə davam etdi. Günlərlə məhəllələri, kəndləri gəzərək şəhidlərimizi mədh etdim. Onların cənazələrini döyüş meydanlarında dəfn etmişiksə, şəhid üçün ən gözəl və yaraşan məzarın elə döyüş meydanı olduğunu izah etməklə məşğul oldum. Bu sözlər onlara yeni bir şey kimi gəlirdi. Doğrudan da, biz şəhidlərimizi öldüyü torpaqlarda dəfn etmişdik. “Hər şəhidə bir məzar ayırmaq istəsəydik, şəhidlərin məzarına görə türk vətənində gəzməyə yer qalmazdı” deyəndə hamı məni anladı.

Şövkət Sürəyya Aydəmirin qələmindən çıxan bu cümlələr bir daha sübut edir: Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir! Dünən də, bu gün də bu torpaq üçün könüllü olaraq ölməyi qəbul edənlər, silaha sarılanlar, bəylik libasını hərbçi formasına dəyişənlər, ölümün gözünə dik baxanlar Vətən ediblər. Şövkət Sürəyyanın yazdığı Əsgəran səddi uğrunda baş verən son döyüş deyildi, ancaq o gün orada dalğalanan, heç şübhəsiz, son bayraqdı - üçrəngli Azərbaycan bayrağı!

O gün orada birləşən xalq 1 əsr sonra bir yumruq oldu, Qarabağı əsarətdən birdəfəlik qurtardı. Ancaq bir fərqlə: Ümummilli lider Heydər Əliyevin qürurla söylədiyi “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” – deyərək.

Zəminə RƏSULOVA,
Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin elmi işçisi



Sosial həyat