Bu sahənin inkişaf etdirilməsi ərzaq təhlükəsizliyinə və ixrac potensialına önəmli dəstək olacaq
Bu gün aqrar sektorun modernləşdirilməsi, yeni istehsal sahələrinin yaradılması və ərzaq təhlükəsizliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən layihələr ölkənin iqtisadi dayanıqlılığının möhkəmləndirilməsinə xidmət edir. Prezident İlham Əliyevin mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər də bu strateji xəttin davamı olaraq qarşıda duran yeni vəzifələri aktuallaşdırdı. Bu sırada akvakulturanın inkişafının əsas hədəflərdən biri kimi müəyyənləşdirilməsi isə aqrar sektorda yeni inkişaf mərhələsinin başlandığından xəbər verir.
Müşavirədə 2030-cu ilə qədər respublika akvakulturasında istehsal olunan balıq həcminin 2 dəfədən çox artırılması qarşıya mühüm vəzifə kimi qoyulub. Bu məqsədə nail olmaq üçün ilk dəfə olaraq balıqçılıq sahəsində subsidiyaların və dövlət güzəştlərinin tətbiqi, yeni balıqartırma zavodlarının tikintisi və müasir istehsal infrastrukturunun formalaşdırılması nəzərdə tutulub.
Belə bir qərarın verilməsi isə təsadüfi deyil. Çünki dünyada balıqçılıq və akvakultura sektoru hazırda sürətlə inkişaf edən ərzaq istehsalı sahələrindən birinə çevrilir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatlarına görə, bu gün dünyada istehlak olunan balığın yarıdan çoxu məhz akvakultura təsərrüfatlarında yetişdirilir. Əhali sayının artması, dəniz və okean ehtiyatlarının azalması, iqlim dəyişiklikləri və sağlam qidalanmaya marağın çoxalması ilə bu sahənin strateji əhəmiyyəti davamlı şəkildə yüksəlir.
Su məhsulları istehsalına yaşıl işıq
Akvakultura su hövzələrində müxtəlif balıq, molyuska, xərçəngkimilər və digər su canlılarının ciddi nəzarət olunan şəraitdə yetişdirilməsi prosesidir. Ənənəvi balıqçılıqdan fərqli olaraq burada istehsal planlaşdırılır, məhsuldarlıq diqqətdə saxlanılır və bazarın tələbatına uyğun həcmdə məhsul əldə edilir. Akvakultura kənd təsərrüfatında həm də ərzaq təhlükəsizliyi, ekoloji tarazlıq, regional inkişaf, məşğulluq və ixrac gəlirləri ilə birbaşa bağlı strateji sektor kimi tanınır.
Ekspertlər bildirirlər ki, Azərbaycanın bu istiqamətdə böyük potensialı var. Xəzər dənizinin sahil zolağı, çoxsaylı çaylar, göllər, su anbarları və süni hövzələr akvakulturanın inkişafı üçün əlverişli imkanlar yaradır. Ölkədə mövcud su ehtiyatlarından daha səmərəli istifadə etməklə bu sahədə yüksək iqtisadi nəticələr də əldə etmək mümkündür.
Kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bununla bağlı səsləndirilən fikirlər də göstərir ki, hökumət hazırda akvakulturanı gələcək illərdə aqrar sektorun əsas inkişaf istiqamətlərindən biri olaraq müəyyənləşdirir. Bu siyasətin əsas istiqamətlərini isə balıq məhsulları üzrə idxaldan asılılığın azaldılması, yeni iş yerlərinin yaradılması, ixrac imkanlarının genişləndirilməsi, müasir texnologiyaların tətbiqinə üstünlük verilməsi, dövlət subsidiyaları və güzəşt mexanizmlərinin formalaşdırılması, eləcə də yeni balıqartırma zavodlarının yaradılması kimi məsələləri əhatə edir. Belə bir yanaşma isə dünyanın qabaqcıl ölkələrinin son illərdə həyata keçirdiyi siyasətlə tam səsləşir.
Bu fikrin təsdiqi olaraq beynəlxalq miqyasda diqqətçəkən bəzi təcrübələri xatırlatmaq yerinə düşər. Məsələn, akvakultura sahəsində ən uğurlu göstəriciləri olan dövlətlərdən biri Norveçdir. Dünyanın ən böyük qızılbalıq ixracatçısı olan ölkə uzun illərdir ki, dövlət dəstəyi, elmi tədqiqatlar və innovativ texnologiyalar hesabına qlobal bazarda lider mövqeyi nümayiş etdirir.
Norveçdə isə akvakultura sənayesi hər il milyardlarla dollar ixrac gəliri formalaşdırır. Bu ölkənin bəzi bölgələrində balıqçılıq və akvakultura neft sektorundan sonra ikinci mühüm iqtisadi fəaliyyət sahəsi kimi tanınır. Uğurun əsas səbəbi isə sektorda güclü dövlət nəzarətinin həyata keçirilməsi, elmi araşdırmaların istehsalla inteqrasiyası, innovativ texnologiyaların, yüksək keyfiyyət standartlarının tətbiq olunması və ixracyönümlü istehsal strategiyasının diqqətdə saxlanılması ilə bağlıdır.
Bu gün dünya üzrə akvakultura məhsullarının böyük hissəsinin istehsal olunduğu Çində hökumət uzun illər ərzində bu sahəyə strateji investisiyalar yönəldərək onu milli ərzaq təhlükəsizliyinin vacib elementi kimi inkişaf etdirib. Burada yaradılan müasir balıqartırma komplekslərində artıq süni intellekt və rəqəmsal monitorinq sistemlərinin tətbiqinə, genetik seleksiya proqramlarının həyata keçirilməsinə başlanılıb, eyni zamanda, su resurslarından səmərəli istifadəyə üstünlük verilib. Ölkədə akvakulturanın yüksək texnologiyalar əsasında fəaliyyət göstərməsi məhsuldarlığın bir neçə dəfə artması ilə nəticələnib.
Son 20 ildə qardaş Türkiyədə də akvakultura sahəsində böyük uğur əldə edilib. Dövlət tərəfindən verilən subsidiyalar, vergi güzəştləri və investisiya təşviqləri sayəsində ölkə Avropanın aparıcı balıq istehsalçılarından birinə çevrilib. Türkiyədə xüsusilə levrek və çupra istehsalı sürətlə çoxalıb. Bu gün ölkənin akvakultura məhsullarının Avropa İttifaqı bazarlarında geniş şəkildə satışına başlanılıb.
Xatırladaq ki, Azərbaycan da akvakulturanın inkişafı üçün mühüm təbii və iqtisadi üstünlüklərə malikdir. Məsələn, tarixən qiymətli balıq növlərinin əsas məskənlərindən biri hesab olunan Xəzər dünyanın ən böyük qapalı su hövzəsidir. Mingəçevir, Şəmkir, Yenikənd, Araz və digər su anbarları sənaye miqyaslı balıqçılıq üçün geniş imkanlar yaradır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına gəldikdə isə mütəxəssislər bildirirlər ki, işğaldan azad olunmuş ərazilərdə yaradılan müasir infrastruktur, eləcə də bu coğrafiyada dağ çayları və təmiz su ehtiyatları akvakultura layihələrinin həyata keçirilməsini, xüsusilə forel və digər qiymətli balıq növlərinin yetişdirilməsini şərtləndirir.
Daxili bazarın tələbatı artır
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Xəzər dənizində balıq ehtiyatlarının qorunması, artırılması və bu sahənin iqtisadi potensialının genişləndirilməsi istiqamətində mühüm uğurlar əldə olunub. Xüsusilə nərə cinsli balıqların və digər qiymətli növlərin populyasiyasının bərpası məqsədilə Dövlət proqramlarının həyata keçirilməsinə başlanılıb.
Müasir balıqartırma müəssisələrində yetişdirilən milyonlarla körpə balıq hər il Xəzər dənizinə və digər su hövzələrinə buraxılıb. Bu tədbirlər təbii ehtiyatların bərpasına və balıq ehtiyatlarının davamlı şəkildə artırılmasına yönəldilib. Bütün bunların nəticəsidir ki, 2015–2025-ci illərdə balıqçılıq sahəsində davamlı inkişaf müşahidə olunub. Belə ki, bu dövrdə balıqçılıq məhsullarının istehsalı 2,7 dəfə çoxalıb, cari ilin ötən 4 ayı ərzində isə sektorda əlavə dəyər real ifadədə 2 faiz yüksəlib.
Azərbaycanın bu istiqamətdə fəaliyyəti beynəlxalq səviyyədə də diqqətlə izlənilir. Xəzər dənizi dünyada nərə balıqlarının əsas genofond məkanlarından biri hesab olunur. Məhz buna görə də bu növlərin qorunması yalnız milli deyil, həm də beynəlxalq önəm daşıyır. Hazırda həyata keçirilən süni artırma proqramları və qanunsuz balıq ovuna qarşı görülən tədbirlər nəticəsində nərə balıqlarının mühafizəsi istiqamətində müsbət dinamika müşahidə olunur.
Balıq ehtiyatlarının qorunması ilə yanaşı, balıqçılıq sektorunun iqtisadi səmərəliliyinin artırılması da dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Müasir texnologiyaların tətbiqi hesabına məhsuldarlığın yüksəldilməsi, yeni təsərrüfatların yaradılması və emal sənayesinin inkişafı istiqamətində mühüm işlər görülür. Bu proses bir tərəfdən yerli bazarın keyfiyyətli məhsullarla təmin olunmasına şərait yaradır, digər tərəfdən isə ixrac imkanlarını genişləndirir.
Xəzərin Azərbaycan sektorunda həyata keçirilən elmi monitorinq proqramları da diqqətəlayiq nəticələr verir. Balıq ehtiyatlarının qiymətləndirilməsi, onların miqrasiya marşrutlarının öyrənilməsi və reproduktiv potensialının araşdırılması sahəsində aparılan tədqiqatlar resursların daha səmərəli idarə edilməsinə imkan yaradır. Mütəxəssislərin fikrincə, elmi əsaslara söykənən idarəetmə modeli balıqçılıq sahəsinin davamlı inkişafının başlıca şərtlərindən biridir.
Ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görülən işlər də balıq ehtiyatlarının artmasına müsbət təsir göstərir. Son illərdə Xəzərin sahilboyu ərazilərində aparılan abadlıq və təmizləmə tədbirləri, tullantı sularının idarə olunması sistemlərinin təkmilləşdirilməsi və ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən layihələr su hövzələrinin sağlamlaşdırılmasına xidmət edir. Ekoloji tarazlığın qorunması isə balıqların təbii çoxalması üçün daha əlverişli şərait yaradır.
Balıqçılığın inkişafı regionlarda məşğulluğun artırılması baxımından da mühüm əhəmiyyət daşıyır. Yeni təsərrüfatların yaradılması, emal müəssisələrinin fəaliyyəti və logistika xidmətlərinin genişlənməsi yüzlərlə insan üçün yeni iş imkanlarını şərtləndirir. Xüsusilə sahilyanı rayonlarda yaşayan əhali üçün bu sektor əlavə gəlir mənbəyinə çevrilir. Beləliklə, balıqçılıq sahəsinin inkişafı sosial rifahın yüksəlməsinə də öz töhfəsini verir.
Akif NƏSİRLİ,
Liberal İqtisadçılar Mərkəzinin sədri, aqrar məsələlər üzrə ekspert
Kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirilən akvakulturanın inkişafının prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilməsi təsadüfi deyil. Çünki yaxın illərdə ölkədə akvakultura məhsullarının həcminin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. Bu məqsədlə subsidiya mexanizmlərinin tətbiqi, yeni balıqartırma müəssisələrinin yaradılması və sahibkarların dövlət dəstəyi ilə təmin olunması planlaşdırılır.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 23 dekabr tarixli fərmanlarında dəyişikliklə bağlı 8 iyun 2026-cı il tarixli fərman imzalaması da yuxarıdakı fikrin bariz ifadəsidir.
Adı çəkilən fərmana daxil olan dəyişikliklərdə Azərbaycanda balıqçılıq və akvakultura sahəsi ilə məşğul olan sahibkarların və fermerlərin ilk dəfə olaraq genişmiqyaslı dövlət dəstəyi mexanizminə daxil edildikləri bildirilir. Sənəddə, eyni zamanda, Aqrar Kredit və İnkişaf Agentliyinin əsasnaməsində və vəsaitlərindən istifadə qaydalarında aparılan düzəlişlərlə balıqçılığın, o cümlədən akvakulturanın həyata keçirilməsi üçün işlədilən xüsusi texnika və texnoloji avadanlıqların rəsmən kənd təsərrüfatı istehsal vasitələrinin siyahısına əlavə olunduğu vurğulanır.
Bu qərar, ilk növbədə, balıqçılıq təsərrüfatlarının maliyyə resurslarına çıxış imkanlarını genişləndirəcək və onların istehsal gücünü artırmasına şərait yaradacaq. Eyni zamanda, güzəştli kreditlər hesabına müəssisələr yeni texnologiyalar, müasir avadanlıqlar tətbiq edə, süni balıq yetişdirmə təsərrüfatlarını genişləndirə və istehsal xərclərini optimallaşdıra biləcək. Bu isə məhsuldarlığın yüksəlməsinə və daxili bazarın yerli balıq məhsulları ilə daha yaxşı təmin olunmasına kömək edəcək. Bu qərar aqrar sektorun şaxələndirilməsinə də müsbət təsir göstərəcək.
Vaqif BAYRAMOV
XQ


