“İRS”in yeni nəşrləri Belçikada

post-img

Azərbaycanın Belçikadakı səfirliyində “İRS” Nəşriyyat Evinin yeni kitablarının sərgisi təşkil olunub. Açılış mərasimində ölkəmizin Brüsseldəki səfiri Vaqif Sadıqov bildirib ki, “İRS” Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti və memarlığına dair çoxsaylı kitab və jurnallar nəşr edir. Bu nəşrlər müxtəlif xarici dillərdə çap olunaraq beynəlxalq auditoriyaya təqdim edilir.

“İRS” Nəşriyyat Evinin və Bakı Dövlət Universitetinin Mədəni İrsi Araşdırma Mərkəzinin direktoru Musa Mərcanlı nəşriyyatın fəaliyyəti, həyata keçirdiyi layihələr və Azərbaycanın zəngin mədəni irsinin dünyada tanıdılması istiqamətində görülən işlər haqqında məlumat verib. Musa Mərcanlı sərgidə nümayiş olunan kitabları təqdim edib və iştirakçıların suallarını cavablandırıb.

Brüssel Azad Universitetinin professoru Philippe Humble “İRS” nəşrlərində işıqlandırılan mövzular barədə fikirlərini bölüşərək, Azərbaycanla bağlı təəssüratlarından danışıb. “Travel Tomorrow” media şirkətinin rəhbəri Antonio Buscardini isə Azərbaycana səfərləri zamanı şahidi olduğu zəngin tarixi-mədəni irs, ölkənin geniş turizm imkanları və beynəlxalq nüfuzunun artması barədə söz açıb.

Mərasim Belçikada təhsil alan azərbaycanlı musiqiçilərin təqdim etdiyi klassik və milli musiqi proqramı ilə davam edib.

XQ

Mədəniyyət