Ulu öndərin xilaskarlıq missiyası böhranlı Gəncədən başlamışdı

post-img

Azərbaycan xalqının əbədi yaddaşına həkk olunan və tarixinə qızıl hərflərlə yazılan 1993-cü il iyunun 15-i Türk dünyasının fenomeni, ulu öndər Heydər Əliyevin ölkəmizin dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxarılmasında, vətəndaş müharibəsinin qarşısının alınmasında, müstəqilliyimizin qorunub möhkəmləndirilməsində müstəsna xidməti kimi qiymətləndirilir. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş, ölüm-dirim mübarizəsinin tarixidir.

Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan Heydər Əliyevin qətiyyəti, cəsarəti ilə 1993-cü ilin 15 iyun günü xalqımızın mübarizələrlə dolu yeni tarixinə yeni eranın başlanğıcı kimi daxil oldu. Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın XXI əsrə hüquqi, demokratik dövlət kimi daxil olmasına əsaslı təminat yaratdı.

1991-ci ildə Azərbaycanda olduqca təhlükəli bir vəziyyət yaranmışdı. Ölkədə müharibə gedirdi, idarəçilik yox dərəcəsində idi. Respublikada xaos, anarxiya hökm sürürdü. İqtisadiyyat bərbad hala düşmüşdü, Heydər Əliyevin qurub-yaratdığı iqtisadi potensial amansızcasına dağıdılırdı.

Nicat yolunu Heydər Əliyevin qayıdışında görən xalq onu təkidlə hakimiyyətə çağırırdı, amma şəxsi ambisiyalarını milli maraqlardan üstün tutan hakimiyyət hərisləri var gücləri ilə buna mane olur, silahlı dəstələr yaradırdılar. Ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün ciddi təhlükə qarşısında qaldığı anda Heydər Əliyevə müraciət edən xalq inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə, azad inkişaf yoluna çıxara bilər. Məhz, bu baxımdan xalq israrla liderini hakimiyyətə gəlməyə, müstəqil Azərbaycan dövlətini xilas etməyə dəvət etdi. Xalqın qəzəbindən qorxan hökumət də Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb edən ziyalıların səsinə səs verdi.

Xilaskarlıq missiyasını öz üzərinə götürən dahi şəxsiyyət həyatını təhlükə altında qoyaraq Gəncəyə gəldi. Hadisələrin daha faciəli nəticələrə gətirib çıxarmaması üçün öz ağsaqqal sözünü dedi. İndi inamla söyləyə bilərik ki, Heydər Əliyevin Gəncəyə səfəri vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı. O,qətiyyətlə, inamla bəyan etdi: “Azərbaycan dövlətinin müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olcaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır”.

Dahi lider bütün varlığı ilə sevdiyi Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, inkişaf etmiş, sivil dünya dövlətləri cərgəsinə çıxarmaq, arzusunda olduğu yeni Azərbaycanın reallaşması naminə var gücü ilə çalışdı və uğurlar qazandı. “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” - deyən Ulu öndər 2001-ci ilin noyabrında Bakıda bütün Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsinə nail oldu.

Tezliklə cəmiyyət və dövlət həyatının bütün sahələrində köklü islahatlar aparılmağa başlandı. Bu islahatların həyata keçirilməsinin əsası “Heydər Əliyev Konstitusiyası” kimi tarixə düşən, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunan ilk milli konstitusiyamızla qoyuldu. Əsas Qanunun müddəalarının həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsiplərinin möhkəmləndirilməsi, hüquqi islahatların ardıcıl və keyfiyyətlə aparılması üçün Hüquqi İslahat Komissiyası yaradıldı.

Hüquqi sahədə mütəşəkkil islahatların aparılmasına xüsusi əhəmiyyət verən Ümummilli lider Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürdü, qısa müddət ərzində hüquq sisteminin təməlini təşkil edən mühüm qanun və məcəllələr qəbul edildi, məhkəmə və hüquq-mühafizə orqanlarının funksiya və səlahiyyətlərinə yenidən baxıldı. Fəxrlə deyə bilərik ali məqsədi insan haqlarının müdafiəsinə xidmət edən Azərbaycanın yeni hüquq sisteminin də müəllifi məhz ümummilli lider Heydər Əliyevdir.

Müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Əsrlər boyu yaşayacaq möhtəşəm abidədir. Bəli, Ulu öndər bütün ömrünü doğma xalqına həsr etmişdi. 1993-cü il iyunun 15-də xalqın tələbi ilə Ali Sovetin sədri seçildiyi gün elan etdiyi kimi, ömrünün qalan hissəsini Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr etdi, xalqın qəlbində, tarixində öz əbədi abidəsini ucaltdı.

Ulu öndər Heydər Əliyevin siyasətdə, iqtisadiyyatda və mədəniyyətdə qoyduğu izlər heç vaxt silinməyəcək. Onun Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də müstəqil dövlətimizin ardıcıl inkişafı üçün zəmin yaratmasıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkə rəhbərliyinə gəldiyi ilk gündən dahi şəxsiyyət Heydər Əliyevin siyasi kursunu qəti və prinsipial mövqeyi ilə davam etdirməklə xalqın böyük ehtiramını qazanmış, qısa müddət ərzində əhalinin rifahının yaxşılaşmasında müstəsna rol oynayan tədbirlər həyata keçirilmiş, hər bir vətəndaşın hüququna hörmətlə yanaşılması, ona qayğı göstərilməsi bütün dövlət strukturlarının qarşısında ali məqsəd kimi qoyulmuşdur.

Bu gün Azərbaycan xalqı unudulmaz rəhbərin xoşbəxt gələcəyimiz üçün açdığı yolla qətiyyətlə addımlayır. Ümummilli liderimizin qurub-yaratdığı azad, müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xətlə inkişafını davam etdirməkdədir. Bu xətti əzmlə, dəyanətlə irəli aparan isə Ulu öndərin layiqli varisi dünya miqyasında böyük hörmətə, nüfuza malik Prezident İlham Əliyevdir. Dövlətimiz və xalqımızın həyatı üçün ən mühüm əhəmiyyət kəsb edən prinsipial məsələlərdə Prezident İlham Əliyev möhkəm iradə və qətiyyətli mövqe nümayiş etdirir, Azərbaycan dövlətinin qüdrətini, sarsılmaz təmələ malik olduğunu sübut edir.

Düşünülmüş, uzaqgörən daxili və xarici siyasət, xalqın firavan gələcəyinin təminatına hesablanmış praqmatik siyasi strategiya sayəsində Azərbaycan regionun lider dövlətinə çevrilmiş, ölkəmizin nüfuzu daha da artmışdır. Prezident İlham Əliyevin səriştəli idarəetmə qabiliyyətinin nəticəsidir ki, indi respublikamız iqtisadi inkişaf tempinə görə dünyanın ən qabaqcıl ölkələrindən biridir.

Milli Qurtuluş Günü Azərbaycanın indiki reallıqlarının və xoşbəxt gələcəyinin rəhnidir. Ulu öndərin işləyib hazırladığı müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycan dövlətinin uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoymuşdur. Azərbaycanın bütün dünya tərəfindən etiraf olunan dinamik inkişafı, ilk növbədə, vətəndaşlarımızın maddi rifah halının yaxşılaşmasına xidmət edir, ölkəmiz sürətli tərəqqi yolu ilə inamla addımlayır. Bu irəliləyişin, bu inkişafın əsası məhz 1993-cü il iyunun 15-də, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdığı gün qoyulmuşdur.

Zabit XƏLİLOV,
Gəncə Ağsaqqallar Şurası sədrinin 1-ci müavini

Siyasət