Rəqəmsal dövlət və təhlükəsizlik

post-img

I MƏQALƏ

Təhlükəsizliyin yeni anlamı

Son zamanlar dünya miqyasında dövlət, ölkə və cəmiyyətin təhlükəsizliyi ilə bağlı müzakirələr daha da intensivləşmişdir. Süni intellekt, rəqəmsallıq, kibertexnologiyalar cəmiyyət həyatına daha geniş müdaxilə etdikcə təhlükəsizlik məsələsi də fərqli məna çalarları alır. O cümlədən Azərbaycanda yeni texnologiyalar, rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizliklə bağlı müzakirələr meydanı olan konfranslar təşkil edilir. Aydın olur ki, dövlət səviyyəsində təhlükəsizliyin təmini müasir çağırışlar kontekstində sistemli olaraq nəzərdən keçirilir. Bu zaman təhlükəsizliyin enerji, kommunikativ, iqtisadi, tranzit, informasiya və digər aspektləri ilə milli təhlükəsizlik məsələsi arasında müasir tələblərə uyğun bağlantıların olması xüsusi önəm kəsb edir.

Ümumi olaraq məsələnin bu tərəfinə yanaşdıqda aydın olur ki, Azərbaycan rəhbərliyi yeni səviyyədə ölkənin, dövlətin və cəmiyyətin təhlükəsizliyini təmin etmənin ən səmərəli və müasir modelini tətbiq etməyə başlamışdır. Burada diqqətçəkən məqamlardan biri enerji, kommunikativ, informasiya və milli təhlükəsizliyin iqtisadi dayanıqlılıqla sıx əlaqədə qəbul edilməsidir.

Bu, çox mühüm məqamdır. Çünki yeni formulda təhlükəsizliyin bütün sferaları sintez halında iqtisadi dayanıqlılığın təmini məsələsində təmərküzləşir. Bu da özlüyündə rəqəmsallıq, süni intellekt və kibertexnologiyalar kimi müasir üsullara vahid bucaq altında baxmağı tələb edir. Həmin kontekstdə bəzi terminoloji izahlara ehtiyac vardır.

Rəqəmsallıq

Rəqəmsallıq müasir rəqəmsal texnologiyaların cəmiyyətin, istehsal sahəsinin və dövlət idarəetməsinin bütün sferalarına tətqib edilməsidir. Burada əsas məqsəd bütün sahələrdə daha səmərəli, dayanıqlı və sürətli nəticələr almaqdan ibarətdir.

Bu termin əsasında “dövlətin rəqəmsallaşması” anlayışını alırlar. Dövlətin rəqəmsallaşması rəqəmsal texnologiyaların (məsələn, süni intellekt və kibertexnologiyalar, müxtəlif informasiya-kommunikativ texnologiyalar və s.) hakimiyyət orqanları və dövlət sektoruna tətbiqini nəzərdə tutur. Bunun sayəsində bürokratik aparat “elektron hökumətə” transformasiya olunur ki, idarəetmə şəffaflaşır, vətəndaşlarla münasibətlər isə sürətli və maneəsiz əsasda qurulur.

Deməli, rəqəmsallaşma faktiki olaraq müasir cəmiyyətin anatomiyasını, mövcudluq fəlsəfəsini və inkişaf özəlliklərini dəyişir. Bununla rəqəmsallaşma müasir dövlətin, ölkənin və cəmiyyətin mövcudatlığının atributlarından biri statusuna yüksəlir.

Bütün bunlar çağdaş müstəqil dövlət üçün şəffaflıqla təhlükəsizliyin qarşılıqlı əlaqəsində etibarlı rəqəmsal sistemlərin yaradılması məsələsini son dərəcə aktuallaşdırır. Təsadüfi deyildir ki, qlobal miqyasda dövlət idarəetməsinin rəqəmsallaşması istiqamətində ABŞ, Çin, Böyük Britaniya və Hindistan ön sıradadırlar.

Deməli, dövlətin rəqəmsal idarəedilməsi məsələsi konkret trend və texnologiya kimi dövlət identikliyinin aparıcı parametrlərindən biri halına gəlmişdir. Rəqəmsallıq sistemli, davamlı və perspektivli istiqamət olaraq hazırda hər bir müstəqil dövlətin həyatında prinsipial rol oynayır. Ayrıca, onun konkret ölkə və dövlət üçün xüsusi inkişaf dinamikası da mövcuddur. Azərbaycanla bağlı bu aspekt üzərində geniş dayanmaq lazımdır.

Azərbaycanın inkişafı

Azərbaycanın inkişafının təsiri məsələsi artıq bir neçə ildir ki, milli səviyyəni aşaraq regional, regionlararası və qlobal miqyaslarda ciddi faktora çevrilmişdir. Ölkə faktiki olaraq Cənubi Qafqazın lideri kimi geniş geosiyasi məkanda sülh və əməkdaşlıq yaradan əsas güclərdən birinə çevrilmişdir. Bu baxımdan Azərbaycanın inkişafı region və qlobal miqyaslar üçün də strateji anlam almağa başlamışdır.

Əlbəttə, bu cür geniş və dərin dövlət identikliyinə malik olan ölkə olaraq Azərbaycan ən müasir inkişaf üsulları və texnologiyalarından istifadə etməlidir. Aparılan təhlil həmin aspektdə iki məqamın aktuallığını müəyyən etməyə imkan verir.

Birincisi, Azərbaycan sosial, iqtisadi, enerji və informasiya sferalarında regional lider kimi daha geniş geosiyasi məkanda da uğurlu olmalıdır. Bunun mərkəzində isə dayanıqlı və davamlı inkişafı bütün sferalar üzrə təmin etmək dayanır. Onun isə iki mühüm tərəfi mövcuddur – birincisi, Azərbaycanın sosial-iqtisadi və energetik inkişafının substantiv aspekti dəqiq təmin edilməlidir, ikincisi, Azərbaycan kommunikativ, informasiya və kibertəhlükəsizlik aspektlərində ən müasir bağlantıları qurmağa imkan verən siyasi-diplomatik məharət göstərməlidir.

Deməli, söhbət faktiki olaraq regional və qlobal miqyaslarda təhlükəsizlik və dayanıqlı əməkdaşlıqdan gedir. Azərbaycanda təşkil edilən tədbirlərə məhz bu səviyyədə baxmaq lazımdır. Yəni əgər burada hər hansı elmi konfransda müzakirə kibertəhlükəsizlik və ya logistika ilə əlaqəlidirsə, onda regional, regionlararası və qlobal miqyaslarda mövcud olan faktorlarla sıx bağlılıq nəzərə alınmalıdır.

İkincisi, Azərbaycanın təhlükəsizlik və əməkdaşlıq platformalarında yeni bir statusu formalaşmışdır və onun inklüzivliyi ilə legitimliyini dünyanın ən güclü dövlətləri belə qəbul edirlər. Bu, o qədər əhəmiyyətli həqiqətdir ki, bütövlükdə Cənubi Qafqazın yeni geosiyasi, mədəni, iqtisadi, energetik, informasiya, infrastruktur və təhlükəsizlik arxitekturasının aparıcı faktorunu təşkil edir.

Dərk etməyimiz gərəkdir ki, bu cür, obrazlı desək, “status sıçrayışı”, ümumiyyətlə Avrasiya məkanı üçün tarixi hadisədir. Bu prosesin bir-biri ilə sıx əlaqəli iki aspekti mövcuddur.

Birincisi, Azərbaycan milli inkişafda “platforma modeli”nə keçid edir.

İkincisi, Azərbaycan nəqliyyat-logistikada multimodal bağlantılar müstəvisinə keçid edir.

Əslində, bu iki aspektdən birini digərindən ayırmaq reallıqda səmərə verə bilməz. Ancaq geniş kontekstdə platforma modeli daha geniş anlama malikdir və ölkənin sistemli inkişaf modeli statusunda xüsusi əhəmiyyət daşıyır.

Milli inkişafın platforma modeli

Platforma modeli müasir mərhələdə milli inkişafı təmin edən başlıca sferaların harmoniyasına anıl olmağı nəzərdə tutur. Bu, mürəkkəb məsələdir, çünki cəmiyyətin maddi, mənəvi, əxlaqi, sosial, psixoloji, təhlükəsizlik, informasiya, idarəetmə və digər aspektlərinin inkişafına vahid sistemin tərkib hissələri kimi baxmağı tələb edir. Həmin hissələr arasında qarşılıqlı əlaqələr yekunda sinerji yaratmalıdır. Burada rəqəmsallıq, süni intellekt və kibertexnologiyaların rolu çox önəmlidir. Buna görə də elmi tədbirlərdə akademik səviyyədə platforma modelinin müxtəlif aspektlərinin təhlilinə ciddi diqqət yetirilir.

Milli inkişafın platforma modeli idarəetmənin də bütün sferalar üzrə vahid rasional-məntiqi və rəqəmsal təmələ gətirilməsini tələb edir. Nəticədə bütövlükdə ölkə, dövlət və cəmiyyətin eyni yanaşma çərçivəsində, çoxlu sayda tərkib hissələrin sistemli qarşılıqlı təsiri fonunda inkişaf perspektivləri üzərində düşünmək imkanı yaranır.

Bütün bunların bir tərəfi rəqəmsallıq və süni intellekt məsələsinə bağlıdır. Məsələn, logistika və nəqldə elə rəqəmsal mühit formalaşdırmaq tələb olunur ki, orada sifarişçilər, ekspeditorlar, dəniz limanları, avtomobil yolları, dəmir yolları və aviakampaniyalar yüklərin problemsiz daşınmasını təmin etsinlər.

Multimodal nəqliyyat bağlantıları

Hazırda strateqlər, siyasilər və iqtisadçılar Azərbaycanın postmünaqişə strategiyasında multimodal bağlantıların inkişafını çox mühüm faktor hesab edirlər. Şərq-Qərb, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) və Şimal-Cənub Dəhlizi burada xüsusi yer tutur. Bununla Azərbaycan Uzaq Şərq-Mərkəzi Asiya-Cənubi Qafqaz-Yaxın Şərq-Avropa kimi geniş geosiyasi məkanda müxtəlif nəqliyyat (transport bağlantı növləri) növlərinin bir-birini tamamlaması sayəsində əsas geosiyasi məkanlardan biri rolunu oynayır.

Bu kontekstdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun fikirləri maraqlıdır: “2025-ci ilin avqustunda imzalanmış Vaşinqton Bəyannaməsi Beynəlxalq Sülh və Rifah naminə Tramp Yolu təşəbbüsünün əsasını qoyub. Bu təşəbbüs yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz multimodal əlaqəni təmin etməyəcək, eyni zamanda, dəmir yolları, avtomobil magistralları, enerji kəmərləri, elektrik və fiber-optik kabellər vasitəsilə Asiya ilə Avropanı birləşdirən yeni strateji bağlantı xətti yaradacaq”.

Bu o deməkdir ki, Azərbaycanın xarici siyasətində Zəngəzur dəhlizi multimodal bağlantılar əsasında platforma modelinin mühüm tərkib hissələrindən biri kimi qəbul edilir. Belə alınır ki, multimodal bağlantılar milli inkişafın multimodal platformasının çox mühüm aspektidir. Həmin bağlantılar Azərbaycanın geniş bir geosiyasi məkanda müxtəlif xarakterli əlaqələrini vahid məqsəd ətrafında – ölkənin davamlı və dayanıqlı inkişafı ətrafında birləşdirə bilir. Bununla Azərbaycan Cənubi Qafqazda inkişafın substantiv aspekti ilə funksional və kommunikativ aspektlərinin harmoniyasına anıl olmuş dövlət statusuna yüksəlmiş olur. Cənubi Qafqazda bu vəzifəni Azərbaycandan başqa yerinə yetirən dövlət yoxdur.

Beləliklə, geosiyasi anlamı çox aktual olan bir nəticə hasil edə bilərik. Azərbaycan Cənubi Qafqazda əməkdaşlıq, kommunikativ çeşidlilik və təhlükəsizliyin bütün növlərini vahid rəqəmsal platformada birləşdirən dövlət səviyyəsinə yüksəlmişdir. Bu, yuxarıda dövlətin yeni statusu ilə bağlı vurğuladığımız məqamın mühüm əlamətlərindən biridir.

Əlbəttə, Azərbaycanın bu cür tərəqqisi avtomatik olaraq onun əməkdaşlıq və təhlükəsizlik platformalarına da yeni məna çalarları verir. Bu bağlılıqda meydana çıxan aktual suallardan biri “Azərbaycan rəqəmsal dövlətdirmi?” ola bilər. Ümumi təsnifə görə, rəqəmsal dövlət xüsusi idarəetmə modelidir. Burada başlıca məqam informasiya texnologiyalarının dövlət orqanlarının işləmə sisteminə daxil edilməsi ilə bağlıdır. Bu zaman, hakimiyyət, vətəndaş və biznes arasında qarşılıqlı əlaqələr ön sıraya çıxarılır. Həmin modelin məqsədi şəffaflığın artırılması, bürokratiyanın aradan qaldırılması və dövlət xidmətinin rahat onlayn-formata keçirilməsi ilə əlaqəlidir. Bu prosesin əsas prinsipləri kimi proaktivliyi, elektron identifikasiyanı, “Vahid pəncərə”ni müəyyən edirlər. Burada “dövlət platforma kimi” prinsipi də xüsusi əhəmiyyət kəsb edir.

Belə alınır ki, Azərbaycanın rəqəmsal dövlət kimi xarakteristikasına yuxarıda vurğulanan məqamların qarşılıqlı əlaqəsində baxmaq lazımdır. Onların nisbəti dövlətin rəqəmsal obrazını müəyyən edir.

Digər tərəfdən, məsələnin bu cür qoyuluşu müasir mərhələdə ölkənin, dövlətin və cəmiyyətin təhlükəsizliyini daha geniş anlamda dərk etməyin vacibliyini ifadə edir. Bu da özlüyündə yeni informasiya texnologiyaları, dezinformasiya “dalğaları” və kibertəhlükəsizlik kimi faktorların daha da aktuallaşdırdığı qənaətini almağa imkan verir.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

Siyasət