İranlı deputatın diplomatik hədyanı

post-img

Bəlkə də, İranın düşdüyü vəziyyətin qəlizliyini nəzərə alıb, parlamentin üzvü Əbülfəzl Zohrevandın ölkəmizin əleyhinə dediklərini “heç hənanın yeridir” məntiqi ilə yola vermək olardı. Amma bu deputat bəndə bütün “qırmızı xətləri” elə tapdayıb, həddini o dərəcədə aşıb ki, cavabsız buraxmaq qeyri-mümkündür.

Az qala bütün dünyanı özünə düşmən edən SEPAH idarəçiliyindəki İran rejiminin parlamentdəki ideoloji dəstəkçilərindən biri Əbülfəzl Zohrevand Azərbaycan əleyhinə hədyanlarla dolu açıqlama yayıb. Ölkəsi üçün bunca həssas və qəliz durumda qonşunun bostanına daş atmaq heç siyasətdən uzaq diletantın da ağlına gəlməz. Elə maraqlısı da budur ki, Azərbaycanın ünvanına sağlam düşüncədən uzaq hədyanların müəllifi deputat Əbülfəzl Zohrevand diplomatdır. Bu şəxs ölkəsini İraq və İtaliya kimi ölkələrdə səfir kimi təmsil edib. İntəhası, onun ölkəmizə qarşı nifrətdən yoğrulmuş avantürist bəyanatı heç “siyasi boşboğazlıq” kimi də qəbul oluna bilməz. Və bu gerizəkalının diplomatik missiyada çalışması, sonra da qanunverici orqana düşməsi yalnız heyrət doğurası haldır.

Bəs bu təxribatçı “diplomat-deputat” nə deyib? “Tahririeh Plus” “YooTube” kanalına müsahibəsində Azərbaycanı “hədələməyi” fürsət bilən Zohrevandın açıqlamasına diqqət yetirin: “İran ona hücum edən istənilən ölkəyə o qədər güclü cavab verəcək ki, heç vaxt özünə gələ bilməyəcək”. Bunun ardınca isə Azərbaycanı hədəf götürərərək “Bakı üç-dörd saat ərzində xəritədən silinə bilər, ona görə də bizim yanımızdan keçməmək daha yaxşıdır” kimi siyasi nəticələrə səbəb ola biləcək hədyan səsləndirib.

Bu, Zohrevandın Azərbaycana qarşı ilk davranışı deyil. O, 4 il bundan əvvəl ölkəmizin ünvanına bunları üfürürdü: “Azərbaycan dəhşətli fenomendir və bizim üçün potensial təhlükədir. Naxçıvan tamamilə İrana birləşdirilməlidir. Naxçıvan bizim üçün “Axilles dabanıdır”; “Ermənilər İranın müttəfiqidir. Tarix boyu həmişə belə olub”; “Azərbaycan” deyə bir yer yoxdur. Bunlar (azərbaycanlılar) həqiqətən də İran azəriləridir. Azərbaycan yenidən İrana birləşdirilməlidir. İlhaq edilmədikcə, İranın başına xərçəng hüceyrəsi kimi bəla olacaqlar”.

2020-ci il Vətən müharibəsində Azərbaycanın zəfər çalması səbəbindən xəyal qırıqlığına uğradığını güman etdiyimiz bu şəxs o vaxtdan ölkəmizə düşmən kəsilib, ermənilərlə isə qardaşlığı “tərənnüm edir”. Bu azmış kimi, Azərbaycanın işğalından dəm vurur. Hələlik rəsmi Bakının İran parlamentinin üzvü Əbülfəzl Zohrevandın avantürist açıqlamasına reaksiyası Milli Məclisin deputatı, Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Qaya Məmmədovun şəxsində verilib. O, Əbülfəzl Zohrevandın Azərbaycana qarşı böhtan və təhdid ehtiva edən bəyanatının qətiyyətlə rədd edildiyini və sərt şəkildə qınandığını bildirib: “Zohrevandın bəyanatı dünyada kifayət qədər mürəkkəb proseslərin cərəyan etdiyi bir dövrdə Azərbaycan və İran hökumətlərinin regionda sabitliyi və ikitərəfli münasibətləri qarşılıqlı anlaşma şəraitində saxlamaq səylərinə qarşı yönəlmiş təxribatdır. Biz İran hökumətini və parlamentini Zohrevandın təxribatçı açıqlamasını pisləməyə və ona qarşı müvafiq tədbirlər görməyə çağırırıq”.

Axı Azərbaycan ərazisindən heç vaxt İrana qarşı istifadə edilməyib və bununla bağlı böhtan dolu iddiaları İran Prezidenti Məsud Pezeşkian özü təkzib edib. SEPAH-ın komandanlığı isə rəsmi açıqlama yayaraq, Azərbaycandan İran ərazisinə doğru hər hansı fəaliyyətin qeydə alınmadığını bildirmişdi. Əksinə, Azərbaycan İranın ən ağır vaxtında bu ölkəyə humanitar yardım göndərən ilk ölkə olub. Rusiyanın humanitar yardımları da Azərbaycan ərazisindən İrana çatdırılıb. Bakını ABŞ və İsraillə müttəfiq olmaqda suçlayan bədnam deputatın nəzərinə onu da çatdıraq ki, bu gün Qərbin hərbçiləri Azərbaycanda deyil, onun “əziz qardaş”, “İranın tarix boyu müttəfiqi” adlandırdığı Ermənistanda qərar tutublar.

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü eyni vaxtda ABŞ və İsraillə savaşan İrana yardım göndərməkdən çəkinməyən, siyasi iradə nümayiş etdirən Azərbaycanı “hədələməklə” düşmən dəyirmanına su tökdüyünü anlayırmı? Məhz indiki həssas dönəmdə ölkəmizi İranın düşməni, hətta potensial düşməni kimi qələmə verməyə çalışmaq, yumşalmaya doğru gedən siyasi münasibətləri yenidən gərginləşdirmək Tehranın milli maraqlarına nə dərəcədə uyğundur? Əgər Zohrevandın zərrə qədər diplomatik ağlı qalıbsa, əmmaməsini qabağına qoyub bu barədə düşünsün...

İ.HƏSƏNQALA
XQ

Siyasət