Bu oyunda dözüm və cəsarət qalib gələcək
Parlament seçkilərini geridə qoymuş Ermənistana Rusiyadan ünvanlanan mesajlar çoxdur və onların sayı artmaqdadır. Bu mənada, seçkilərin görünməmiş qanunsuzluq şəraitində keçirilməsinin iddia olunmasından, eləcə də bir çox digər məqamlardan söz açmaq mümkündür. Ancaq mövzumuz təhdid mesajları barədədir. Ən mühüm mesaj isə budur: Ermənistan Rusiyasız yaşaya bilməz.
Əlbəttə, Rusiyadan səslənən təhdid mesajlarına, belə demək mümkünsə, legitimlik qazandıran ciddi mətləblər var. Çünki Ermənistan iqtisadiyyatının formalaşmasında Rusiyanın rolu həlledicidir. Ticarət, enerji, investisiya və pul köçürmələri baxımından ikinci birinci üçün əsas tərəfdaşlardan biridir. Ayrıca, Rusiyanın Ermənistanın ən böyük ticarət tərəfdaşlarından olduğunu vurğulamalıyıq.
Üstəlik, Avrasiya İqtisadi İttifaqı çərçivəsində Ermənistanın üzv ölkələrə ixracının 95 faizə yaxını məhz Rusiyanın payına düşür. İttifaq ölkələrindən Ermənistana idxalın da 98 faizindən çoxu Rusiyanın hesabınadır. Ermənistan Rusiyadan ucuz qiymətə təbii qaz alır. Rusiyada çalışan erməni miqrantların göndərdiyi vəsait Ermənistan iqtisadiyyatının əsas gəlir mənbələrindən biridir. Yada salaq ki, Prezident Vladimir Putin bir neçə il əvvəl ölkəsində Ermənistanda yaşayan ermənilərdən də çox erməninin yaşadığı eyhamını vurmuşdu.
Onu da qeyd etmək lazımdır ki, 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra Rusiyadan Ermənistana kapital, biznes və insan axını artdı. Minlərlə Rusiya vətəndaşı və şirkəti Ermənistana köçdü. Eyni zamanda, Ermənistan Rusiyaya yönələn təkrar ixrac (re-export) marşrutlarından birinə çevrildi ki, bu, ölkələr arasındakı ticarət dövriyyəsində sıçrayış yaratdı, habelə, Ermənistan iqtisadi artım tempində yüksək nailiyyət əldə etdi.
Amma erməni təkrar ixracının Rusiyaya xeyrinin olduğunu da söyləməliyik. Müharibə səbəbindən sanksiya ilə üzləşmiş rus malları hayların sayəsində dünya bazarlarına çıxdı, habelə, ruslar ermənilərin hesabına idxalı qadağan olunmuş malları ölkələrində gördülər. Özü də söhbət yalnız adi deyil, həm də hərbi təyinatlı məhsullardan və avadanlıqlardan gedirdi. O avadanlıqlar və onların detalları ki, Rusiyanın hərb maşınının işə düşməsində, daha doğrusu, işini dayandırmamasında müstəsna rol oynayırdı. Bütün bunlar öz yerində.
Bəli, qeyd etdiklərimiz Rusiyanın iqtisadi zəmində Ermənistana təhdidlərinin söykənəcəkləridir. Hələ başqa mətləblər də var... Rusiya təhdid edir, habelə, bununla kifayətlənməyərək, erməni yük avtomobillərinin ölkəyə girişinə maneçilik törədir. İndi meyvə-tərəvəz mövsümüdür. Aydındır ki, erməni əriyi “tır”larda çox qalsa, xarab olacaq. Eləcə də Ermənistanın Rusiyaya ixrac edilən digər məhsullarını eyni aqibətin gözlədiyini söyləmək mümkündür.
Qarşıdakı müddətdə Rusiyada erməni “ovuna” da çıxıla bilər. Eynilə bir müddət əvvəl azərbaycanlı “ovunun” gerçəkləşdirildiyi kimi. Rusiyanın Ermənistana satdığı qazın qiymətini artırması da mümkündür. Bəs bütün bunlar fayda verəcəkmi? Sualımız ritorikdir. Çünki bir xalqın və dövlətin heysiyyatına toxunmağın heç bir xeyiri ola bilməz. Əksinə, Ermənistanda və ermənilərdə Rusiyaya qarşı patoloji nifrət yarana bilər. Nifrətdən söz düşmüşkən, onun elementləri indi də var. Habelə, nəzərə alaq ki, Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə nəticələnmiş 2018-ci il inqilabı da böyük ölçüdə erməni xalqının anti-Rusiya köklənişinin məhsulu olmuşdu. Bu kökləniş qalmaqdadır və Rusiyanın iqtisadi embarqoları və təhdidləri onu bir qədər də artıracaq.
Hazırda rus ictimai rəyinin təmsilçiləri erməniləri nankor adlandırırlar. Sanki haylar, loru dildə desək, şadlıqlarına şitlik edirlər. Əslində isə belə deyil. Çünki sadə ermənilər ruspərəst xunta rejiminin ölkələrini quldur kimi idarə etdiklərini görüblər. 2018-ci il inqilabı, hər nə qədər xaricdən idarə olunan proses mahiyyəti daşısa da, Kremlin dirijor çubuğu ilə hərəkətə gələn koçaryanların, sarkisyanların zülmünə görə baş vermişdi. Rusiya məhz həmin xəyanətkar ...yanların sayəsində erməni xalqını kölə kimi görmüşdü.
Prinsip etibarilə “kölələrin” başqa seçim imkanı olmamışdı. Rusiya müstəqillik dövrü Ermənistanını o günə qoymuşdu ki, başını qaldırıb ətrafa baxması mümkünsüzə çevrilmişdi. Yuxarıda ayrı-ayrı elementlərini sadaladığımız asılılıq buna görə yaranmışdı. Əlbəttə, bu mənzərənin formalaşmasında erməni xalqının özünün də təqsiri var. Haylar imperiyanın sadiq qulları kimi davranmamalı idilər.
Əslində, başları Qarabağ avantürasına qarışmış, Kremlin kuluarlarında yazılmış “erməni qəhrəmanlıq nağıllarının” sehrinə düşərək, faciələrinə göz yaşı axıdaraq aldanmış ermənilər kölə durumuna düşdüklərinin fərqinə varmayıblar. İndi Ermənistan kölə olmaq istəmir və 7 iyun parlament seçkiləri böyük ölçüdə məhz bunu göstərdi. Rus ictimai rəyinin isə ənənəvi təhdid ritorikasına baş vurması son dərəcə böyük səhvdir, əks effekt yaradır. Amma belə qənaət formalaşır ki, Moskva təhdid və hədə-qorxu dilindən başqa dil tanınmır. Acınacaqlı durum həm də budur.
Ümumiləşdirmə apararaq, bu nəticəyə gəlmək olar ki, Ermənistanın iqtisadi baxımından rus təsirinin məngənəsində sıxılması elə Rusiyanın erməni xalqının başına açdığı ən böyük oyundur. İllər ərzində hayların ətrafı görə, “erməni planeti”ndən kənara çıxa bilməmələri də həmçinin.
Ermənilər ətrafa reallıq pəncərəsindən baxmağı bacarmalı və öyrənməlidirlər. Onların başqa çıxış yolları yoxdur. Hazırda Ermənistanda durumu dərk edənlər hakim mövqe tuturlar. 7 iyun parlament seçkiləri onların baxışlarının erməni xalqı tərəfindən dəstəkləndiyini göstərdi. İndi qalır Rusiyanın təzyiqlərinə dözərək irəliyə baxmaq. Təkcə baxmaq yox, eyni zamanda, daha cəsarətli davranmaq.
Ə.CAHANGİROĞLU
XQ

