Sosial şəbəkələrdə “yaş senzi”nin zəruriliyi

post-img

Çoxsaylı beynəlxalq tədqiqatlar sosial şəbəkələrdən nəzarətsiz və həddindən artıq istifadənin yeniyetmələr arasında depressiya, təşviş pozuntuları və özünəqəsd düşüncələri riskinin artması ilə əlaqəli olduğunu göstərir. Həmçinin kiberzorakılıq hallarını artırır. Problem ondadır ki, ənənəvi zorakılıq məktəb və ya küçə ilə məhdudlaşdığı halda, virtual zorakılıq sutkanın istənilən saatında və internetin əlçatan olduğu hər məkanda davam edə bilir. Uşaq evdə də təhqir, təzyiq, alçaldılma və sosial təcrid riski ilə üzləşir.

Bu məsələ artıq nəzəri disputların mövzusu olmaq mərhələsindən çıxıb, gündəlik həyatımızda intensiv şəkildə müşahidə olunan real təhdidə çevrilir. İlin əvvəlində “İdrak” liseyində baş vermiş faciəli hadisə – 10-cu sinif şagirdinin müəllimə odlu silahdan atəş açması cəmiyyət üçün ciddi siqnal idi. Həmin ərəfədə Ağcabədidə 12 yaşlı uşağın digər azyaşlıya bıçaqla xəsarət yetirməsi artıq təsadüf kimi qiymətləndirilə bilməz. Bənzər nümunələrin sayı çoxdur. Onların coğrafiyası və forması fərqli olsa da, mahiyyət eynidir: yetkinlik yaşına çatmayanların zorakılığa meyillənməsi faktı ortadadır.

Bu cür davranış modelləri təsadüfən formalaşmır. Akademik çevrələrdə təsdiqini tapmış faktdır ki, belə cinayətlərin baş verməsində sosial şəbəkələrin və rəqəmsal platformaların uşaqlar üzərində artan neqativ təsirinin rolu var. Süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış və sosial şəbəkələrdə kütləvi şəkildə yayılan qısa videoçarxlar - reels, shorts və s. uşaqlara hər gün yüzlərlə zorakılıq, silah, kriminal həyat tərzi, aqressiv davranış nümunələri təqdim edir. Nəticədə zorakılıq adi, qəhrəmanlıq isə silah və güc üzərindən təqdim olunan davranış modelinə çevrilir.

Doğrudur, “Facebook”, “YouTube” kimi iri platformalar azyaşlıların zərərli məzmundan qorunması üçün müəyyən mexanizmlər tətbiq edirlər, 12-13 yaşdan aşağı uşaqların hesab açmasını formal olaraq məhdudlaşdırmağa çalışırlar. Valideyn nəzarəti alətləri də mövcuddur. Lakin bu tədbirlərin effektivliyi ciddi sual altındadır. Bir valideyn öz övladına məhdudiyyət tətbiq etsə belə, həmin uşağın dostunun telefonundan, yaxud başqa platformalar vasitəsilə eyni məzmuna çıxış əldə etməyəcəyinə heç bir təminat yoxdur. Yaxud uşaqların 13-16 yaş baryerini anonim profillərlə aşmayacaqlarına da təminat yoxdur.

Rəqəmsal asılılıqdan qorunma dövlət siyasətinin əsas istiqaməti kimi

Məsələ təkcə “Facebook” və “YouTube”la bitmir. Hazırda dünyada yüzlərlə sosial şəbəkə və videopaylaşım platforması fəaliyyət göstərir. Onların böyük əksəriyyətində yaş filtrləri formal xarakter daşıyır və faktiki olaraq işləmir. Pornoqrafik materiallar, silah nümayişləri, kriminal çağırışlar, qanunsuz oyunlar və zorakı davranışlar heç bir real nəzarət mexanizmi olmadan tirajlanır. Bu isə psixoloji cəhətdən formalaşmaqda olan uşaqlar üçün birbaşa təhlükədir.

Qeyd etmək lazımdır ki, baş verən faciələr Azərbaycan cəmiyyəti üçün uzun müddət xarakterik olmayıb. Güclü ailə institutu, mənəvi bağlar, ictimai nəzarət, daxili sabitlik və nizam-intizam bu cür halların kütləviləşməsinin qarşısını ala bilib. Lakin qlobal rəqəmsallaşma və nəzarətsiz sosial media mühiti bu balansı sürətlə pozur. Əgər vaxtında və sistemli tədbirlər görülməzsə, bu tip hadisələrin artacağı şübhə doğurmur.

Rəqəmsal texnologiyaların, internetin, xüsusən sosial şəbəkə platformalarının uşaqlar və yeniyetmələr üzərində yaratdığı neqativ təsirlər bütün dünyada narahatlıq doğurur, ciddi şəkildə müzakirə edilir. Son illər dünyanın müxtəlif ölkələrində 16 yaşadək şəxslərin sosial şəbəkələrdə qeydiyyatına məhdudiyyət qoyulması ilə bağlı qanunvericilik təşəbbüslərinin irəli sürülməsi məhz bu narahatlıqlardan qaynaqlanır.

Dünya təcrübəsi göstərir ki, bu istiqamətdə atılan addımlar müsbət nəticələr verir. Məsələn, Avstraliya 16 yaşadək uşaqların sosial şəbəkələrdə hesab açmasını məhdudlaşdıran ən sərt qanunvericilik modellərindən birini qəbul edib və effekt əldə edib. Norveç, İrlandiya və digər bir sıra ölkələr sosial şəbəkə platformalarından istifadə yaşının 16-ya qaldırılmasını təklif ediblər. İspaniya isə uşaqların rəqəmsal asılılıqdan qorunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. BMT-nin Uşaq Fondu (UNICEF), Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumlar da uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsini prioritet vəzifə kimi irəli sürüblər.

Bu baxımdan Azərbaycanda 16 yaşadək uşaqların sosial şəbəkələrdə qeydiyyatına məhdudiyyət qoyulması istiqamətində atılan addımlar müasir dövrün çağırışlarına uyğun və strateji əhəmiyyət daşıyan təşəbbüs kimi qiymətləndirilməlidir. Bu qərar təkcə rəqəmsal təhlükəsizlik məsələsi deyil, həm də gələcək nəslin psixoloji sağlamlığına, təhsil keyfiyyətinə və sosial inkişafına yönəlmiş uzunmüddətli investisiyadır. Belə bir yanaşma daha sağlam, daha savadlı və daha dayanıqlı cəmiyyətin formalaşmasına xidmət edə bilər.

Azərbaycanda bu problemin aradan qaldırılmasını ehtiva edən qanun layihəsinin Milli Məclisdə müzakirəyə çıxarılması ciddi əhəmiyyət daşıyır. Layihənin mühüm üstünlüklərindən biri onun həm də effektiv icra mexanizmlərini nəzərdə tutmasıdır. Yaş məhdudiyyəti ilə bağlı tələbləri yerinə yetirməyən platformalar üçün cəza və cərimə prosedurlarının müəyyən edilməsi qanunun effektivliyini artıran elementlərdir. Hüquqi praktikada istənilən normanın real nəticə verməsi üçün onun icrasını təmin edən məsuliyyət mexanizmlərinin mövcudluğu vacib şərtlərdəndir. Əks halda, qanun yalnız tövsiyə xarakteri daşıyaraq praktiki təsir imkanlarını itirə bilər. İndiki qanun layihəsi bu cür məcburi icraetmə mexanizmlərini mükəmməl şəkildə müəyyən edir.

 

Siyasət