İyunun 16-da İslam İnkişaf Bankı (İİB) Qrupu təşkilatlarının 14-cü özəl sektor Forumu öz işinə başlayacaq. Bakı Konqres Mərkəzində keçiriləcək forum “Dayanıqlı rifah naminə regional inteqrasiya” mövzusuna həsr olunub. Toplantının məqsədi İİB-ə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, eləcə də özəl sektorun davamlı iqtisadi inkişafda rolunun artırılmasıdır.
Forumda regional inteqrasiya, sərhədlərarası investisiyalar, ticarət əlaqələri, infrastruktur, energetika, texnologiya, səhiyyə və maliyyə sektorlarında yaranan yeni imkanlar müzakirə olunacaq. Toplantı çərçivəsində yüksək səviyyəli panel sessiyaları, dövlət və biznes nümayəndələri arasında B2B və B2G görüşləri, startap proqramları və bilik mübadiləsi tədbirləri də keçiriləcək.
Bununla yanaşı, sahibkarların, xüsusilə kiçik və orta biznes subyektlərinin dəstəklənməsi, dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi və innovativ layihələrin təşviqi forumun əsas istiqamətləri sırasında yer alacaq. Tədbir zamanı iştirakçılar üçün investisiya layihələrinin, xidmətlərin və biznes imkanlarının təqdim ediləcəyi xüsusi sərgi zonası da fəaliyyət göstərəcək. Forum çərçivəsində, həmçinin startap müsabiqəsi keçiriləcək, İİB Qrupunun iqtisadi inkişaf və ticarətin təşviqinə töhfə verən təşkilat və şəxslərə təqdim etdiyi Fərqlənmə mükafatları dördüncü dəfə sahiblərinə veriləcək.
Toplantıda dövlət qurumlarının rəhbərləri, beynəlxalq maliyyə institutlarının nümayəndələri, aparıcı şirkətlərin rəhbərləri, investorlar, sahibkarlar, ticarət və sənaye palatalarının təmsilçiləri daxil olmaqla 1500-dən çox iştirakçının iştirakı gözlənilir. Forumun İİB-ə üzv ölkələr arasında yeni tərəfdaşlıqların qurulması və investisiya əməkdaşlığının genişləndirilməsi üçün mühüm platforma olacağı bildirilir.
Qeyd edək ki, İİB Qrupuna daxil olan İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası və Beynəlxalq İslam Ticarətinin Maliyyələşdirilməsi Korporasiyası tərəfindən İİB Qrupunun Biznes Forumu ilə tərəfdaşlıq çərçivəsində təşkil olunacaq toplantı iyunun 19-dək davam edəcək.
XQ

