Səudiyyə Ərəbistanı və Türkiyə arasında dəmir yolu əlaqələrinin qurulmasına dair anlaşma memorandumu imzalanıb. Bu barədə “əl-Ərəbiyyə” telekanalı məlumat verib.
Səudiyyə Ərəbistanının nəqliyyat və logistika xidmətləri naziri Saleh əl-Casir bildirib ki, layihə İordaniya və Suriyadan keçməklə iki ölkə arasında dəmir yolu əlaqəsinin yaradılmasını ehtiva edir.
Nazirin sözlərinə görə, təşəbbüs regional inteqrasiyanın gücləndirilməsinə, ticarət dövriyyəsinin artırılmasına və region ölkələri arasında dayanıqlı quru nəqliyyatı sisteminin inkişafına töhfə verəcək.
Son dövrlərdə dəniz yükdaşımalarında yaranan çətinliklər, xüsusilə Hörmüz boğazı ətrafında baş verən gərginliklər və qlobal təchizat zəncirlərindəki fasilələr fonunda regional dəmir yolu bağlantısı layihələrinə maraq yenidən artıb.
Səudiyyə Ərəbistanı–Türkiyə dəmir yolu layihəsi də bu istiqamətdə ən mühüm təşəbbüslərdən biri hesab olunur. Layihənin əsas məqsədi Asiya ilə Avropa arasında ticarət və nəqliyyat əlaqələrinin dayanıqlılığını artıracaq alternativ quru marşrutlarının formalaşdırılmasıdır.
M.QƏZƏNFƏROĞLU
XQ

