Türkiyənin Ankara şəhərində, Qazi Universitetinin rektorluq binasında Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimatı və panel müzakirə keçirilib.
Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində Azərbaycan Mədəniyyət Mərkəzi və Qazi Universitetinin birgə təşkil etdiyi məclisdə diplomatlar, mədəniyyət xadimləri, tanınmış ziyalılar, ictimaiyyət nümayəndələri, ali təhsil ocağının müəllim və tələbələri iştirak ediblər.
Toplantı ümummilli lider Heydər Əliyevin mədəniyyət siyasətinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” videomaterialının nümayişi ilə başlayıb.
Məclisi giriş sözü ilə açan Qazi Universitetinin prorektoru Selami Candan əsrlərdən bəri fərqli dinlərə və inanclara mənsub insanların qarşılıqlı anlaşma şəraitində yaşadığı Anadolu və Azərbaycanda multikulturalizm ənənələrinin xalqların mənəvi zənginləşməsinə əhəmiyyətli təsir göstərdiyini vurğulayıb.
Daha sonra tədbirin panel hissəsi keçirilib.
“Azərbaycan–mədəniyyətlərarası dialoqa töhfələri, Bakı prosesi” başlıqlı təqdimatla çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iştirakçılara Prezident İlham Əliyevin 2008-ci ildə irəli sürdüyü mədəniyyətlərarası dialoqa dair “Bakı prosesi”nin tərkib hissəsi olan forumun əhəmiyyəti haqqında geniş məlumat verib.
XQ

