Orta Dəhliz “Odlar yurdu”nu uzaq “gündoğar” ölkə ilə daha da yaxınlaşdırır

post-img

Azərbaycanla Yaponiya arasında iqtisadi münasibətlər etimad, texnologiya mübadiləsi və uzunmüddətli layihələr üzərində qurulub. 1999-cu ildən fəaliyyət göstərən Hökumətlərarası İqtisadi Komissiya da bu xəttin əsas institutlarından biri sayılır.

2024-cü ildə ikitərəfli ticarət dövriyyəsi 428 milyon ABŞ dollarına çatıb. Ötən il isə ticarət dövriyyəsi 360,25 milyon ABŞ dolları təşkil edib. Ticarətlə yanaşı, iki ölkə arasında qarşılıqlı investisiya qoyuluşları da davam edir. 2025-ci il ərzində Azərbaycan Yaponiya iqtisadiyyatına 16,199 milyon ABŞ dolları həcmində birbaşa investisiya yatırıb.

İqtisadi tərəfdaşlıq dedikdə, Azərbaycan–Yaponiya Birgə İqtisadi Komitəsinin ən mühüm fəaliyyəti onun praktik layihələri hərəkətə gətirməsi ilə bağlı olmasıdır. 2019-cu ildə Tokioda keçirilən 10-cu iclasda tərəflər ticarət, iqtisadiyyat, turizm, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər. 2025-ci ildə keçirilən 12-ci birgə iclasda isə sənaye, kənd təsərrüfatı, nəqliyyat, enerji, infrastruktur, rabitə və yüksək texnologiyalar üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib, protokol və bir sıra əməkdaşlıq memorandumu imzalanıb. Bu, komitənin iqtisadi dialoqu konkret nəticəyə çevirdiyini göstərir.

Qeyd edək ki, iki ölkə arasında aktiv olaraq İnvestisiya Sazişinin imzalanması çərçivəsində müzakirələr davam edir. Ümumiyyətlə, sözügedən ölkə investor üçün proqnozlaşdırılabilən hüquqi mühit yaradır, mülkiyyətin qorunması, şəffaflıq, investisiya imkanlarının genişlənməsi və mübahisələrin həlli üçün ümumi qaydalar formalaşdırır.

Xarici işlər naziri Ceyhun Bayramov dünən Yaponiyaya səfər edib və həmkarı Toşimitsu Motegi ilə görüş keçirib. Danışıqlar zamanı hər iki nazir 30 ildən artıq müddətdə ikitərəfli münasibətlərin inkişafını alqışlayıb, yüksək səviyyəli səfərlər və siyasi məsləhətləşmələr də daxil olmaqla fəal və səmərəli siyasi dialoqun vacibliyini təsdiqləyiblər.

Qeyd edək ki, xarici işlər nazirinin səfəri iki ölkə arasındakı iqtisadi prinsiplərin hansı müstəvilərdə olması ilə bağlı aydın fikir formalaşdırır. Azərbaycan və Yaponiya arasında Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan tutmuş enerji tərəfdaşlığına qədər uzanan geniş portfel mövcuddur. Təsadüfi deyil ki, nazirlərin görüşü zamanı iqtisadi münasibətlər daha çox ön plana çıxıb.

İlk olaraq, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində Yaponiyanın maliyyə və texniki dəstəyi danılmazdır. 2024-cü ildə Yaponiya XİN bildirirdi ki, ölkə marşrutun inkişafı üzərində işləyir və Dünya Gömrük Təşkilatı ilə əməkdaşlığa başlayıb. G7-nin PGII çərçivəsində də bu istiqamətdə tərəfdaşlıq aparılır.

Məlumdur ki, yapon şirkətləri bu gün də Azəri-Çıraq-Günəşli və Bakı–Tbilisi–Ceyhan üzrə uzunmüddətli əməkdaşlıq payına sahibidir. Bu əməkdaşlıq Azərbaycan enerji tarixinin ən dayanıqlı tərəflərindən biridir. Qeyd olunur ki, ITOCHU və INPEX şirkətləri uzun illərdir Azəri-Çıraq-Günəşli və Bakı-Tbilisi-Ceyhan layihələrində iştirak edir. Yaponiyanın Xarici İşlər Nazirliyi də bu tərəfdaşlığı xüsusi vurğulayır. “JICA”nın 2013-cü il hesabatında qeyd olunur ki, yapon şirkətlərinin “AÇQ”də 15,3, “BTC”də 5,9 faiz paya malikdir. Başqa sözlə, Yaponiya Azərbaycan neftinin hasilatı və nəqlində həm investor, həm də uzunmüddətli strateji tərəfdaş kimi yer alır.

Xüsusi bir məqam isə ondan ibarətdir ki, rəsmi Tokio Azərbaycanın turizmin təşviqi, iqtisadi, humanitar və mədəni əlaqələrin daha da genişləndirilməsi məqsədilə Yaponiya vətəndaşları üçün 1 il müddətinə birtərəfli qaydada vizasız rejim tətbiq etmək qərarını alqışlayıb. Yəni sözügedən müddət ərzində Yaponiya vətəndaşları ölkəmizə vizasız səfər edə biləcəklər.

İki ölkə arasında süni intellekt çərçivəsində də əməkdaşlıq mövcuddur. Xatırladaq ki, ötən il Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı çərçivəsində Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyinin təşkilatçılığı ilə Bakıda “Mərkəzi Asiya və Qafqaz üçün rəqəmsal bağlantı” mövzusunda seminar baş tutub. “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyi arasında İKT və poçt xidmətləri sahələrində Əməkdaşlıq Memorandumu”nun icrası məqsədilə işçi qrupunun yaradılması və iş planının hazırlanması barədə razılıq əldə olunub.

Bu mənzərə göstərir ki, Azərbaycan–Yaponiya iqtisadi əlaqələri təkcə xammal və enerji xətti ilə məhdudlaşmır. Xatırladaq ki, 2025-ci ildə Tokioda keçirilən komissiya iclasında Qarabağ və Şərqi Zəngəzurda investisiya imkanları, enerji keçidi və rəqəmsal texnologiyalar da müzakirə olunub. Bu da münasibətlərin gələcək konturlarının daha geniş və daha müasir mahiyyət daşıdığını göstərir.

Nurlan ABDALOV
XQ

İqtisadiyyat