Bu günlərdə Milli Elmlər Akademiyasının (AMEA) Memarlıq və İncəsənət İnstitutunun memarlıq abidələrinin qorunması və bərpası problemləri şöbəsinin elmi işçisi Zərnaz İmanzadənin “İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimatı keçirilib.
Mərasimdə çıxış edən müəllif bildirib ki, “Azərbaycan Nəşriyyatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin maliyyə dəstəyi ilə işıq üzü görən kitab İslam sivilizasiyasına, onun ənənələrinə, memarlıq və incəsənətinə artan böyük maraq nəzərə alınaraq yazılıb. Xüsusi qeydlər və mənbələrlə zənginləşdirilmiş bu fundamental araşdırma, mahiyyət etibarilə İslamın müqəddəs məkanlarına dair ensiklopedik vəsaitdir.
Oxucu kitabda İslamın müqəddəs abidələri haqqında onu maraqlandıran bir çox suallara dair faydalı məlumatlar əldə edə bilər. Bu tədqiqat işi elmi-praktiki, eyni zamanda, idealoji əhəmiyyətə malikdir. İslamın müqəddəs məkanlarının memarlıq və şəhərsalma sənətinə həsr olunmuş əsər dünya universitetlərinin memarlıq və dinşünaslıq fakültələrində İslam tarixi üzrə dərs vəsaiti kimi qiymətli mənbədir. Dünya müsəlmanlarının müqəddəs mərkəzi olan Məkkə şəhərinin, Kəbə və Məscid əl-Haramın memarlıq-planlaşma inkişafı tarixi ilə tanışlıq oxucuya İslam ənənəvi mədəni dəyərlərini daha dərindən dərk etməyə imkan verəcək.
“Azərbaycan Nəşriyyatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Leyla Güləliyeva "Şəhərsalma və Memarlıq İli" çərçivəsində nəşr olunan kitabın mövzusunun elmi baxımdan xüsusi önəm kəsb etdiyini, xalqımızın memarlıq irsinin öyrənilməsi və təbliğinə mühüm töhfə olduğunu bildirib: “Müəllif şəxsi müşahidələrini geniş tədqiqatlar, səyahətçilərin qeydləri, tarixi salnamələr və İslam mətnləri ilə birləşdirərək, şəhərin XXI əsrin dini turizm məkanı kimi çoxqatlı portretini yaradıb. Kitabda Məkkədə baş verən dəyişikliklər fonunda tarixi irsin itirilməsi və bu günümüzə qədər gəlib çatmış memarlıq abidələrinin bərpası problemləri öz əksini tapıb”.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, ilk dəfə olaraq bir azərbaycanlı müəllif İslamın müqəddəs mərkəzi olan Kəbə haqqında sistemli, əyani materiallarla zəngin monoqrafik tədqiqat işi ərsəyə gətirib: “Zərnaz İmanzadə tədqiqat işində Məkkənin inkişaf tarixini, eyni zamanda, İslam sivilizasiyasının nümunəsi olan bu şəhərin memarlığının sənətkarlıq xüsusiyyətlərini şərh edib. Uzun müddət Səudiyyə Ərəbistanında yaşadığı dövrdə müəllif Məkkə şəhərinin, Kəbə və Məscid əl-Haramın memarlıq inkişafını hərtərəfli araşdırmış, mövzu ilə bağlı həm tarixi, həm də faktiki vizual sənədləri dərindən öyrənmişdir”.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin müəllifin yeni kitabının çapdan çıxması münasibətilə göndərdiyi təbrik məktubu da diqqətə çatdırılıb.
İctimai-siyasi xadim, professor Dilarə Seyidzadə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova, Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, Bakı Dövlət Universitetinin fəlsəfə kafedrasının müdiri, professor Rəbiyyət Aslanova təqdim edilən kitabın məzmun və fakt zənginliyi baxımından dəyərli əsər olduğunu bildiriblər.
Xatırladaq ki, tanınmış memar, Beynəlxalq Memarlıq Akademiyasının və AMEA-nın müxbir üzvü Zərnaz İmanzadə 1953-cü ildə Şəkidə anadan olub. Uzun illər Ərəb ölkələrində yaşayıb. Alimin “Diriiyyə – Açıq Səma Altında Muzey” kitabı Beynəlxalq Memarlıq Müsabiqəsində I dərəcəli diploma layiq görülüb. O, Azərbaycan memarlığının inkişafındakı xidmətlərinə görə Memarlar İttifaqının “Akademik Mikayıl Hüseynov” xatirə medalı ilə təltif edilib. Memar “Galateya” Moda Evinin təsisçilərindən biri, memarlıq və şəhərsalma mövzusunda 4 kitabın və 50-dən çox məqalənin müəllifidir.
M.ƏLİYEVA
XQ





