Türk Mədəniyyəti və İrsi Fondunda görkəmli ictimai və siyasi xadim, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü professor Həsən Həsənovun "Macar-Azərbaycan ortaq etnik kökləri" kitabının təqdimat mərasimi keçirilib.
Kitab bu günə qədər rus və macar dillərində çap olunsa da, ilk dəfə Azərbaycan dilində oxucuların ixtiyarına verilir.
Təqdimatda çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova "Macar-Azərbaycan ortaq etnik kökləri" kitabında Azərbaycan və macar xalqlarının dünyagörüşü, mifologiyası, musiqisi və ənənələri arasındakı çox maraqlı oxşarlıqlardan bəhs olunduğunu qeyd edib. O, kitabın böyük bir hissəsinin macarların və digər türk xalqlarının dillərinin oxşarlığına həsr olunduğunu deyib.
Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torman əsərin ortaq linqvistik, tarixi, mifoloji və musiqi ənənələrimizə dair ədəbiyyatı zənginləşdirdiyini, bir-birimizi daha yaxşı anlamağa və tanımağa imkan verdiyini diqqətə çatdırıb. “Kitab müəllifin xalqlarımızın qədim tarixinə olan dərin marağını əks etdirir. Onun Macarıstan və Azərbaycanın qədim tarixi üzrə bilikləri heyrətamizdir”, - deyə səfir əlavə edib.
Nəşrin tarixçəsinə toxunan kitabın müəllifi Həsən Həsənov qədim türklərlə fin-uqor xalqları arasında qohumluq əlaqələrinin olduğunu diqqətə çatdırıb. O, 1980-ci illərdə Finlandiyanın Baş nazirinin Azərbaycana səfəri zamanı bu barədə keçirilən görüşü və maraqlı söhbətləri xatırladıb. Müəllif məhz bu tarixi-mədəni yaxınlığı əsas götürərək, sonradan diplomatik fəaliyyət üçün Macarıstanı seçdiyini və orada Azərbaycanı tanıdan 40 kitab nəşr etdirdiyini vurğulayıb.
Qeyd edək ki, "Macar-Azərbaycan ortaq etnik kökləri" kitabında macar-türk xalqları arasında tarixi paralelləri və leksik əlaqələri sistemli şəkildə araşdırılır. Dyula Nemet, Layoş Liqeti, Zoltan Qomboç və digər macar alimlərinin türk dili haqqında irəli sürdükləri fikirlər ümumiləşdirərək mövzunun kompleks elmi təhlili təqdim olunur. Əsər macar-türk münasibətlərinin dərin tarixi köklərini və dil müstəvisində formalaşmış qarşılıqlı təsirləri aydın şəkildə ortaya qoyulması baxımından mühüm elmi əhəmiyyətə malikdir.
XQ


