“Qoca qitə”nin strateji muxtariyyət arzusu niyə dalana dirənib?

post-img

Rusiya təhlükəsi artır, Avropa ölkələri isə ortaq dil tapa bilmirlər

Avropa İttifaqının son illər qarşısına qoyduğu ən mühüm strateji məqsədlərdən biri təhlükəsizlik və müdafiə sahəsində daha müstəqil və inteqrasiya olunmuş sistem formalaşdırmaqdır. Rusiya-Ukrayna müharibəsinin yaratdığı yeni hərbi-siyasi reallıq, Vaşinqtonun Avropa təhlükəsizliyinə yanaşmasının zaman-zaman fərqli xarakter alması və qlobal güc balansında baş verən dəyişikliklər Avropa dövlətlərini müdafiə imkanlarını gücləndirməyə sövq edib. Fəqət son günlər Fransa və Almaniya arasında yaranmış fikir ayrılıqları bu istiqamətdə irəliləyişin heç də asan olmayacağını nümayiş etdirir.

Avropanın ən ambisiyalı hərbi layihələrindən biri hesab edilən FCAS (Future Combat Air System – Gələcəyin Hava Döyüş Sistemi) proqramının dayandırılması barədə xəbərlər qitənin müdafiə strategiyası ilə bağlı ciddi suallar yaradıb. Fransa və Almaniya arasında uzun müddət davam edən texniki, sənaye və siyasi fikir ayrılıqlarının kulminasiya nöqtəsinə çatması layihənin gələcəyini sual altına salıb. Ekspertlər bu hadisəni Avropa müdafiə inteqrasiyasının üzləşdiyi struktur problemlərin göstəricisi kimi qiymətləndirirlər. FCAS proqramı ilk dəfə 2017-ci ildə Fransa və Almaniya tərəfindən təqdim edilmiş, daha sonra layihəyə İspaniya da qoşulmuşdu. Məqsəd hazırda istifadə olunan döyüş təyyarələrini əvəz edəcək yeni nəsil hava döyüş sistemi yaratmaq idi. Eyni zamanda, FCAS pilotsuz uçuş aparatları, süni intellektlə idarə olunan döyüş platformaları, peyk rabitə sistemləri, elektron müharibə vasitələri və vahid rəqəmsal komanda-idarəetmə şəbəkəsini özündə birləşdirən geniş müdafiə ekosistemi kimi nəzərdə tutulurdu. Başqa sözlə, proqram Avropanın XXI əsr müharibələrinə hazırlıq konsepsiyasının əsas sütunlarından biri hesab edilirdi. Layihənin strateji əhəmiyyəti ondan ibarət idi ki, Avropa dövlətləri ABŞ istehsalı olan hərbi texnologiyalardan və xüsusilə F-35 proqramından asılılığı azaltmaq istəyirdilər. FCAS məhz bu asılılığı minimuma endirərək Avropanın texnoloji və hərbi suverenliyini gücləndirməli idi. Buna görə də proqramın dayandırılması Avropa strateji muxtariyyəti ideyasına ciddi zərbə kimi başa düşülə bilər.

Sözsüz ki, siyasi amillər də məsələdə mühüm rol oynayır. Fransa və Almaniya uzun illər Avropa inteqrasiyasının aparıcı mühərrikləri hesab olunurlar. Aİ-də həyata keçirilən bir çox təşəbbüslərin arxasında məhz Paris və Berlin tandemi dayanıb. Lakin son dövrlər iki ölkə arasında enerji siyasəti, iqtisadiyyat, Çinlə münasibətlər, Ukraynaya dəstək mexanizmləri və müdafiə məsələləri üzrə fikir ayrılıqları kəskin xarakter almağa başlayıb. Əgər tərəflər kompromis əldə edə bilməsələr, vəziyyət Aİ-nin digər strateji proqramlarına da mənfi təsir göstərəcək.

Bəzi ekspertlərə görə, hazırkı böhran Fransa-Almaniya münasibətlərində etimad çatışmazlığının göstəricisidir. Müasir hərbi texnologiyaların inkişafı böyük maliyyə və siyasi məsuliyyət tələb etdiyindən tərəflər arasında tam etimad olmadan uğur qazanmaq çətin görünür. Belçikanın Baş naziri Bart De Vever də Fransa və Almaniyanın gələcəyin altıncı nəsil Avropa döyüş təyyarəsi layihəsi üzrə razılığa gələ bilməməsini sərt tənqid edib. O, yaranmış vəziyyəti vaxt itkisi, təkəbbür və Avropa üçün ciddi strateji nəticələr doğuran “tam axmaqlıq” kimi qiymətləndirib. Baş nazirin fikrincə, bu vəziyyət Aİ-nin uzunmüddətli müdafiə müstəqilliyini və çəkindirmə qabiliyyətini ciddi şəkildə zəiflədir.

Almaniyanın son illər müdafiə siyasətindəki kəskin dəyişikliklərin əsas səbəblərindən biri Rusiyadan qaynaqlanan təhlükə amilidir. Berlinin narahatlığı daha çox Rusiyanın gələcəkdə NATO-nun Şərq cinahına qarşı hərbi təzyiq imkanlarının artması ilə bağlıdır. Bu ilin aprelində Almaniya ilk dəfə genişmiqyaslı hərbi strategiya sənədi qəbul etdi. Həmin sənəddə Rusiya “Almaniya və Avro-Atlantik təhlükəsizliyi üçün ən böyük və birbaşa təhdid” kimi xarakterizə olundu. Almaniya Müdafiə Nazirliyi hesab edir ki, Moskva hərbi gücünü sürətlə bərpa edir və NATO ilə mümkün qarşıdurmaya hazırlaşır. Məhz buna görə Almaniya üç istiqamətdə hərəkət edir. Birincisi, Bundesverin genişləndirilməsi. Berlin Avropanın ən güclü konvensional ordusunu qurmağı hədəfləyir. İkincisi, milli HHM sisteminin qurulması. Almaniyanın təşəbbüsü ilə yaradılan European Sky Shield Initiative layihəsi Avropanı raket, dron və ballistik raket hücumlarından qorumağı nəzərdə tutur. Bu çərçivədə Almaniya İsrail istehsalı olan “Arrow-3”, həmçinin “IRIS-T” və “Patriot” sistemlərini əldə edir. Üçüncüsü, müdafiə sənayesinin gücləndirilməsi. Paradoks ondadır ki, elə bu səbəbdən Fransa–Almaniya hərbi əməkdaşlığı böhran yaşayır.

Ümumən, FCAS layihəsinin dayandırılması göstərir ki, texnoloji potensial və maliyyə imkanları mövcud olsa belə, siyasi iradə və strateji uzlaşma olmadan böyük müdafiə layihələrinin həyata keçirilməsi mümkünsüzdür. Avropa müdafiə inteqrasiyasının gələcəyi məhz bu uzlaşmanın nə dərəcədə əldə olunacağından asılı olacaq.

Sonda Fransa və Almaniya arasında yaranmış fikir ayrılığına Avropanın gələcək təhlükəsizlik arxitekturasının hansı istiqamətdə formalaşacağını müəyyənləşdirə biləcək strateji sınaq kimi baxa bilərik. Çünki FCAS proqramının aqibəti Avropanın qlobal güc kimi ambisiyalarının gələcəyini müəyyən edə bilər.

Hüseyn SULTANLI,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin məsləhətçisi

FCAS proqramının dayandırılması Avropa İttifaqının müdafiə və təhlükəsizlik sahəsində daha böyük muxtariyyət əldə etmək istiqamətində üzləşdiyi çətinliklərin növbəti təzahürüdür. Birgə döyüş təyyarəsinin hazırlanmasına dair razılaşmanın əsas tərkib hissəsi olan proqram 2017-ci ildə başladılmış, lakin layihənin inkişafı fransız və alman sənaye nümayəndələri arasında texniki icra məsələləri və ən əsası, prosesdə liderlik rolunun kimə məxsus olması ilə bağlı fikir ayrılıqları səbəbindən dayandı. Bu isə Almaniya-Fransa müdafiə və təhlükəsizlik tərəfdaşlığının mərkəzində daha dərin gərginliyin mövcudluğuna işarə edir. Paradoksal olaraq, hər iki tərəf Avropanın strateji muxtariyyətinin gücləndirilməsinə sadiq olduqlarını bəyan etsə də, onların qısamüddətli prioritetləri və bu məqsədlərin həyata keçirilməsi strategiyaları uzlaşmır.

2022-ci ildə Ukraynada genişmiqyaslı müharibənin başlanması, eləcə də Rusiya təhlükəsi Almaniyanı müdafiə sektoruna yanaşmasını yenidən nəzərdən keçirməyə məcbur etdi və ölkə hərbi ambisiyalarını əhəmiyyətli dərəcədə artırdı. Almaniyanın müdafiə sənayesinin özünütəminetmə imkanlarını gücləndirmək və müdafiə xərclərinin artırılmasını institusional səviyyədə möhkəmləndirmək son illərdə atılmış əsas addımlar sırasındadır. Müdafiə sahəsində daha cəsarətli və qətiyyətli aktora çevrilən Almaniya bu transformasiya sayəsində hətta ən yaxın tərəfdaşları ilə apardığı danışıqlarda belə əlavə nüfuz və özünəinam qazanıb.

Bununla belə, prosesin regional inteqrasiya meyilləri hesabına baş verdiyi şübhəsizdir və FCAS ətrafında mübahisə Almaniyanın Fransa ilə strateji əhəmiyyət daşıyan hərbi münasibətlərində qüvvələr balansının dəyişdiyini nümayiş etdirir. Əgər əvvəllər Paris Avropanın müdafiə sektorunda inteqrasiyanı gücləndirməyə çalışan dominant və təsirli hərbi güc rolunu oynayırdısa, Almaniyanın həm konseptual, həm də praktiki baxımdan öz yanaşmasını yenidən qiymətləndirməsi bu dinamikanın davamını mümkünsüz edib.

Nəzrin ELDARQIZI
XQ



Siyasət