Azərbaycan Tibb Universitetinin nevrologiya kafedrasının əməkdaşları Türk Nevroloji Dərnəyinin İstanbulda təşkil etdiyi “I Multipl skleroz” mövzusunda konfransda iştirak ediblər.
Elmi məclisdə dağınıq sklerozun patogenezi, neyroradioloji yanaşmalar, xəstəliyin modifikasiyaedici müalicə üsulları, biomarkerlər və fərdiləşdirilmiş tibb istiqamətində aparılan son tədqiqatlar təqdim olunub. Müxtəlif ölkələrdən olan alimlər, nevroloqlar və tədqiqatçılar öz elmi nəticələrini bölüşüblər, yeni əməkdaşlıq imkanları müzakirə olunub.
Konqres çərçivəsində Azərbaycan Tibb Universiteti nevrologiya kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Fatimə Əliyevanın “Dağınıq skleroz diaqnostikasında istifadə olunan süni intellekt texnologiyaları” mövzusunda məruzəsi də dinlənilib.
***
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov Türkiyəyə səfəri çərçivəsində Ankarada keçirilən “AI Tomorrow Summit 2026” toplantısında təqdimatla çıxış edib.
Soydaşımız iştirakçılara “Qlobal idarəetmə: ortaq inkişaf yolunun müəyyənləşdirilməsi” adlı panel sessiyada spiker qismində çıxış edərək Azərbaycanın süni intellekt və rəqəmsal iqtisadiyyat sahələrində həyata keçirdiyi təşəbbüslər, strateji prioritetlər və bu istiqamətlərdə görülən işlər barədə geniş məlumat verib.
Səfər çərçivəsində AİPA və MEXT Texnologiya Mərkəzinin rəhbərliyi ilə görüşlər keçirilib.
Tərəflər cari layihələr üzrə növbəti addımlar, o cümlədən MEXT ilə Yeni Nəsil Texnologiyalar Mərkəzi və müəssisələrin rəqəmsal transformasiyası istiqamətində əməkdaşlıq, AİPA ilə süni intellekt sahəsində tərəfdaşlığın genişləndirilməsi, eləcə də Türkiyə və Azərbaycan şirkətləri üçün təqdimat turlarının təşkili kimi məsələləri müzakirə ediblər.
XQ

