Dünən “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsinin ictimai müzakirəsi keçirilib.
Müvafiq dövlət qurumları, media subyektləri və jurnalist təşkilatlarının səlahiyyətli nümayəndələri, həmçinin əlaqəli sahələr üzrə məsul şəxslər, rəqəmsal məzmun yaradıcıları və ekspertlərin iştirak etdiyi məclisdə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov mövzunun aktuallığını vurğulayıb. O bildirib ki, İnzibati Xətalar Məcəlləsində və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda, eləcə də digər aidiyyəti normativ-hüquqi aktlarda dəyişikliklər edilməsi barədə qanun layihəsi, uşaqların virtual məkanda təhlükəsizliyinin təmin edilməsinə, bütövlükdə isə milli rəqəmsal ekosistemin hüquqi tənzimlənməsinə yönəlib. Universal etik normalara, milli maraqlarımıza və beynəlxalq hüquqi standartlara cavab verən bu dəyişikliklər milli informasiya mühitinin sağlamlaşdırılmasına və gələcək nəsillərin qorunmasına mühüm töhfə verəcək.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Elmir Vəlizadə müasir informasiya mühitində baş verən dəyişikliklər, rəqəmsal platformaların cəmiyyət həyatına təsiri və bu sahədə hüquqi tənzimləmələrin əhəmiyyətini qeyd edib. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov rəqəmsallaşmanın sürətlə genişləndiyi şəraitdə informasiya təhlükəsizliyi məsələlərinin aktuallığından bəhs edib. Milli Kibertəhlükəsizlik Agentliyinin sektor müdiri Həvva Hüseynli təqdimatla çıxış edərək qanun layihəsində nəzərdə tutulan dəyişikliklərin əsas istiqamətləri barədə məlumat verib.
Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu, Səhiyyə Nazirliyinin sektor müdiri Aynurə Zeynalova, Ədliyyə Nazirliyi Sosial normativ aktlar idarəsinin rəisi Aytən Məmmədova rəqəmsal mühitin uşaqlara inkişaf imkanları yaratmaqla yanaşı, onların həyatları üçün ciddi təhlükə ilə müşayiət olunduğunu bildiriblər. Qeyd olunub ki, uşaqların təhlükəsiz informasiya mühitində inkişafının təmin edilməsi, onların zərərli məzmundan müdafiəsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsi xüsusi aktuallıq daşıyır.
İştirakçılar qanun layihəsində nəzərdə tutulan dəyişikliklər ətrafında geniş və fəal fikir mübadiləsi aparıblar. Müzakirə zamanı müxtəlif yanaşmalar və mövqelər səsləndirilib, təkliflər irəli sürülüb.
XQ

