Azərbaycanda sahibkarlığın inkişafına dövlət dəstəyi gücləndirilir

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Prezident İlham Əliyevin 9 iyun 2026-cı il tarixli “Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında” Fərmanına əsasən, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat və həmin kreditlərə hesablanmış faizlərə subsidiya verilməsi ilə bağlı səlahiyyətləri İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Azərbaycan Biznesinin İnkişafı Fondu” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilmişdir.

Həmçinin, 2030-cu ilin sonuna qədər biznes kreditlərinə dövlət dəstəyi pilot layihə kimi Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla ölkənin digər ərazilərində tətbiq ediləcək. 

XQ-yə Milli Məclisin deputatı Vüqar Bayramov fərmandan irəli gələn məsələlərlə bağlı açıqlamasında bildirdi ki, Prezident tərəfindən imzalanmış fərman Azərbaycanda sahibkarlığın inkişafının daha da gücləndirilməsi və dövlət dəstəyinin artırılmasının prioritet olduğunu bir daha təsdiq edir. Bu, sahibkarların daha aşağı faizli kredit resurslarına çıxış imkanlarını genişləndirəcək.

Xüsusilə subsidiyalaşdırma mexanizminin tətbiqi və bunun genişləndirilməsi nəzərdə tutulur ki, bu təcrübədən artıq Qarabağ və Şərqi Zəngəzurda uğurla istifadə olunub. Həmçinin digər sahibkarlar üçün də oxşar imkanlar yaradılıb. Nəticədə 2030-cu ildən sonra kreditlərin subsidiyalaşdırılması mexanizminin daha çox sahibkarı və regionu əhatə etməsi planlaşdırılır. Bu sahibkarların dəstəklənməsi baxımından vacibdir. Eyni zamanda, fərman imkan verəcək ki, məhz daha çox sahibkarın götürdüyü kredit faizinin bir hissəsi dövlət tərəfindən subsidiya edilsin. Bunun mahiyyəti ondan ibarətdir ki, sahibkarın özəl bankdan götürdüyü kreditin faizlərinin bir qismi dövlət tərəfindən qarşılanır.

Bu baxımdan, bir tərəfdən sahibkarlar İqtisadiyyat Nazirliyi yanındakı Sahibkarlığın İnkişafı Fondu vasitəsilə güzəştli kredit xətləri ilə dəstəklənir, həm də birbaşa kommersiya banklarından götürülən kreditlərin faizlərinə subsidiya mexanizmi tətbiq olunur. Atılan addımlar sahibkarların inkişafı baxımından olduqca vacibdir. Həmçinin sahibkarlar tərəfindən istehsal edilən məhsulların və göstərilən xidmətlərin xərclərinin azalmasına gətirib çıxaracaq. Bu isə həm sahibkarların gəlirlərinin artmasına, həm də bazarda qiymətlərin optimallaşdırılmasına geniş imkan yaradacaq.

Müşfiq MİRZƏ
XQ

İqtisadiyyat