Cənubi Qafqazda formalaşan yeni geosiyasi balans

post-img

Ermənistanda parlament seçkilərinin nəticələri elan olunan kimi İrəvana ilk təbrik Tbilisidən gəldi. Gürcüstanın Baş naziri İrakli Kobaxidze həmkarı Nikol Paşinyanı qələbə münasibətilə təbrik edərək, regional sabitliyin qorunması, strateji tərəfdaşlığın möhkəmləndirilməsi və dostluq münasibətlərinin inkişafını xüsusi vurğuladı. Bu təbrik həm diplomatik jest, həm də Gürcüstanın Cənubi Qafqazda dialoq və əməkdaşlıq xəttini davam etdirdiyinin göstəricisi kimi qiymətləndirildi. Eyni zamanda, Tbilisinin regiondakı tranzit və kommunikasiya mərkəzi rolunu qorumaq istəyini də əks etdirdi.

Paşinyan bu siyasi jesti cavabsız qoymadı və Gürcüstanla münasibətləri “qardaşlıq və strateji tərəfdaşlıq” kimi xarakterizə etdi. O, seçkilərin nəticələrindən asılı olmayaraq iki ölkə arasında əlaqələrin davamlı inkişaf edəcəyini bildirdi. Bu mesaj Ermənistanın xarici siyasətində Gürcüstanın xüsusi yer tutduğunu və İrəvan üçün Tbilisinin yalnız qonşu deyil, həm də həyati əhəmiyyətli iqtisadi və siyasi tərəfdaş olduğunu göstərdi. Seçkidən dərhal sonra baş verən qarşılıqlı mesajlar iki ölkə arasında münasibətlərin sabit olmaqla yanaşı, dərinləşdiyini də ortaya qoydu. Bu barədə politoloq Vladimir Tsxvediani “Nə üşün Paşinyanın qələbəsi Tbilisi üçün əhəmiyyətlidir” məqaləsində yazıb. Bəs Gürcüstan üçün Paşinyanın qələbəsi niyə əhəmiyyətlidir?

Şübhəsiz, Nikol Paşinyanın hakimiyyəti dövründə Ermənistan–Gürcüstan münasibətləri keyfiyyətcə yeni siyasi və institusional mərhələyə keçib. Əvvəllər əsasən qonşuluq və iqtisadi əməkdaşlıq çərçivəsində inkişaf edən əlaqələr son illər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Paşinyan hökuməti üçün Gürcüstan Ermənistanın dünyaya açılan əsas qapısı rolunu oynayır, Gürcüstan isə Ermənistanı Cənubi Qafqazda balansın və sabitliyin mühüm elementi kimi görür və regionda sabitlik siyasətini bu əməkdaşlıq üzərindən gücləndirməyə çalışır. Tbilisi üçün İrəvana yaxınlaşma həm də Azərbaycan və Ermənistanla paralel balans siyasətini qoruyaraq regionda daha çevik diplomatik mövqe əldə etməyə imkan yaradır.

***

Aydın məsələdir ki, əməkdaşlıq yalnız siyasi dialoqla məhdudlaşmır. Bu əməkdaşlığın əsas dayaqlarından biri iqtisadi və tranzit amilidir. Ermənistanın dənizə çıxışının olmaması Gürcüstanı onun xarici ticarətinin əsas keçid ölkəsinə çevirib. Ermənistanın idxal və ixrac axınlarının böyük hissəsi Gürcüstanın limanları, avtomobil və dəmir yolu infrastrukturundan keçir. Bu qarşılıqlı asılılıq iki ölkənin iqtisadiyyatını birbaşa əlaqələndirir və Ermənistan iqtisadiyyatında baş verən artım Gürcüstana gömrük, logistika, nəqliyyat və liman xidmətləri vasitəsilə əlavə gəlir və iqtisadi fayda qazandırır.

Paşinyan hökumətinin regional kommunikasiyaların açılması ilə bağlı təşəbbüsləri də Tbilisinin maraqları ilə uyğunluq təşkil edir. Gürcüstan uzun illər Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinin kəsişmə nöqtəsi kimi çıxış edir və əsas məqsədi bu tranzit statusunu qorumaqdır. Ermənistanla iqtisadi əlaqələrin genişlənməsi, yükdaşımaların artması və sərhəd keçidlərinin modernləşdirilməsi bu strategiyanı daha da gücləndirir. Eyni zamanda, regionda sabitlik nə qədər möhkəm olarsa, xarici investisiyaların axını bir o qədər artır.

Gürcüstan üçün Paşinyanın seçkilərdə qələbəsi həm də Ermənistanda proqnozlaşdırılabilən hakimiyyətin qorunması deməkdir. Artıq formalaşmış işgüzar münasibətlərin davam etdirilməsi Tbilisi üçün sabitlik və risklərin azalması baxımından mühüm əhəmiyyət daşıyır. Daha geniş regional kontekstdə Cənubi Qafqaz tədricən konflikt modelindən iqtisadi qarşılıqlı asılılıq modelinə keçir. Bu şəraitdə Gürcüstan həm Ermənistanın, həm də Azərbaycanın regional kommunikasiya və ticarət layihələrində iştirak etməkdə maraqlıdır. Paşinyanın qonşularla münasibətlərin normallaşdırılması və regional əlaqələrin inkişafı kursunu davam etdirməsi həm də riskləri azaldır və Gürcüstanın əsas tranzit mərkəzi kimi rolunu gücləndirir.

Digər mühüm amil Ermənistan və Azərbaycan arasında yaranmış balansdır. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən və regional nəqliyyat marşrutlarının genişlənməsindən sonra Bakı Cənubi Qafqazın əsas iqtisadi və enerji oyunçusuna çevrilib. Tbilisi üçün həm Azərbaycanla strateji tərəfdaşlığı qorumaq, həm də Ermənistanla münasibətləri inkişaf etdirmək vacibdir. Bu baxımdan Paşinyanın qələbəsi mövcud regional balansı pozmayan və proqnozlaşdırılabilən amil kimi qəbul olunur.

Eyni zamanda, Avropa İttifaqı, Rusiya və ABŞ arasında artan rəqabət fonunda Gürcüstan regionda tranzit və logistik neytral məkan statusunu qorumağa çalışır. Ermənistanda sabit hökumətin mövcudluğu bu məqsədə xidmət edir, çünki siyasi böhranların azalması xarici təzyiqlərin və eskalasiya risklərinin də azalması deməkdir.

***

Beləliklə, Paşinyanın qələbəsi Gürcüstan üçün bir neçə istiqamətdə faydalıdır: sərhəddə sabitlik, proqnozlaşdırılabilən tərəfdaş, tranzit gəlirlərinin qorunması və Gürcüstanın Cənubi Qafqazda əsas logistika mərkəzi kimi mövqeyinin güclənməsi. Bu baxımdan Ermənistanın hazırkı siyasi kursu Tbilisi üçün riskdən daha çox strateji resurs kimi qiymətləndirilir.

Bununla bağı siyasi icmalçı Mübariz Göyüşlü XQ-yə bildirdi ki, Cənubi Qafqazda yeni geosiyasi reallıqlar göstərir ki, uzunmüddətli inkişafın əsas yolu qarşıdurma deyil, iqtisadi inteqrasiya və qarşılıqlı asılılığın gücləndirilməsidir: “Azərbaycan, Ermənistan və Gürcüstan arasında nəqliyyat və ticarət əlaqələrinin genişlənməsi regionun Avropa ilə Asiya arasında strateji tranzit mərkəzinə çevrilməsi imkanlarını artırır. Nəqliyyat kommunikasiyalarının açılması, sərhəd keçidlərinin modernləşdirilməsi və regional layihələrin inkişafı təkcə iqtisadi deyil, həm də siyasi sabitlik baxımından əhəmiyyətlidir. Bu proseslər investisiyaların artmasına, yeni iş yerlərinin yaranmasına və region ölkələri arasında qarşılıqlı etimadın güclənməsinə xidmət edir. Ermənistanın sabitlik və əməkdaşlıq kursunu davam etdirməsi Cənubi Qafqazda daha inteqrasiya olunmuş və dayanıqlı geoiqtisadi, geosiyasi modelin formalaşmasına şərait yaradır. Eləcə də gərginlik risklərini azaldır və regionun əsas tranzit mərkəzi kimi rolunu gücləndirir. Bu baxımdan Ermənistanın hazırkı siyasi kursu Tbilisi üçün riskdən daha çox strateji resurs kimi qiymətləndirilir”.

Pünhan ƏFƏNDİYEV
XQ

Siyasət