Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
ABŞ-ın paytaxtı Vaşinqton bu həftəsonu UFC tarixində xüsusi yer tutacaq möhtəşəm bir turnirə ev sahibliyi edəcək.
Bakı Şəhər Halqasından XQ-yə verilən məlumata görə, UFC Freedom 250 yarışları ABŞ prezidentinin rəsmi iqamətgahı olan Ağ Evin ərazisində təşkil olunacaq. ABŞ-ın müstəqilliyinin 250 illik yubileyinə həsr edilən tədbir iyunun 14-də, Bakı vaxtı ilə isə iyunun 15-də saat 04:00-da start götürəcək.
Turnir proqramına ümumilikdə yeddi döyüş daxildir. Gecənin əsas qarşılaşmasında yüngül çəkidə çempion olan İliya Topuriya müvəqqəti çempion Castin Qeyci ilə üz-üzə gələcək. Əsas kartın digər vacib döyüşündə isə Aleks Pereyra və Siril Qan ağır çəkidə müvəqqəti çempionluq kəməri uğrunda mübarizə aparacaqlar.
Hazırda UFC rəhbərliyi təşkilatın tarixində ən yaddaqalan layihələrdən biri hesab olunan bu tədbirin hazırlıq işlərini yekunlaşdırmaq üzrədir. Yarışın Ağ Evin ərazisində keçirilən ilk peşəkar idman tədbiri kimi tarixə düşəcəyi vurğulanır.
Ağ Evdə baş tutacaq UFC Freedom 250 turniri təşkilat üçün xüsusi əhəmiyyət daşıyır. Dünyanın ən nüfuzlu qarışıq döyüş təşkilatlarından biri olan UFC son illərdə qlobal idman və əyləncə bazarında böyük nüfuz qazanıb. Mütəxəssislər hesab edirlər ki, Freedom 250 UFC tarixinin ən çox müzakirə olunan və izlənilən tədbirlərindən birinə çevriləcək.
Dünya idmansevərlərinin diqqəti Vaşinqtona yönəldiyi günlərdə Bakı da növbəti UFC gecəsinə hazırlaşır. Növbəti turnir iyunun 27-də Milli Gimnastika Arenasında təşkil olunacaq.
Xatırladaq ki, Azərbaycan hazırda həm Cənubi Qafqaz, həm də MDB məkanında UFC turnirlərini qəbul edən yeganə ölkədir. Mövcud əməkdaşlıq çərçivəsində 2028-ci ilə qədər hər il Bakıda UFC Fight Night yarışlarının keçirilməsi nəzərdə tutulur.

