Moldova məhdud iştirak şərtləri ilə, o cümlədən veto hüququndan imtina etməklə Avropa İttifaqına (Aİ) daxil olmaq imkanını istisna etmir. Bu barədə respublika parlamentinin vitse-spikeri Doyna Qerman "Moldova Radiosu"nun efirində bəyan edib.
Onun sözlərinə görə, Kişinyov üçün prioritet məsələlər sülh, təhlükəsizlik və iqtisadi inkişafdır ki, bunları da məhz Aİ təmin edir, veto hüququnun mövcudluğu isə həlledici əhəmiyyət kəsb etmir.
Qerman, həmçinin vurğulayıb ki, avrointeqrasiya prosesi Baltikyanı ölkələr və Rumıniya da daxil olmaqla, bir sıra Aİ ölkələri tərəfindən dəstəklənir, lakin Avropa İttifaqı üzvlərinin bir qismi blokun genişlənməsinə münasibətdə skeptik mövqeyini qoruyub saxlayır. O, Moldovanın hələlik üzvlük kriteriyalarına tam cavab vermədiyini və növbəti islahatlara ehtiyac duyduğunu etiraf edib.
Vitse-spiker bir sıra Avropa ölkələrinin Aİ-nin gələcək üzvləri üçün səsvermə hüququnun mümkün məhdudlaşdırılması ilə bağlı təkliflərini ayrıca şərh edərək qeyd edib ki, Kişinyov inteqrasiyanın müxtəlif formatlarını müzakirə etməyə hazırdır.
Daha əvvəl Avropa Komissiyasının Moldovanın Aİ-yə qəbulu ilə bağlı danışıqlara iyunun ortalarında başlamaq imkanını nəzərdən keçirdiyi barədə məlumat verilmişdi, lakin bu prosesin özü üzvlüyə zəmanət vermir və uzun müddət çəkə bilər.
S.ELAY
XQ

