Elm, vətən və zamanın sərhədlərini aşan ömür

post-img

Türk dünyasının elm və düşüncə xəritəsində özünəməxsus iz qoyan, ömrünü elmə, vətənə və milli kimliyin qorunmasına həsr edən görkəmli alim – Əmirulla Məmmədəli oğlu Məmmədov 80 illik yubileyi ərəfəsindədir. Bu yubiley təkcə bir alimin yaşının deyil, bütöv bir elmi irsin, zəngin həyat yolunun və milli xidmətlərin nişanəsidir.

Əmirulla Məmmədəli oğlu Məmmədov 1946-cı ilin adi bir günündə Bakı şəhərində Fatmayı kəndində dünyaya göz açanda heç kim bilmirdi ki, bu sakit təbiətli uşaq gələcəkdə elmin sərhədlərini aşan bir zəka sahibinə çevriləcək. Onun uşaqlıq və gənclik illəri Xəzərin sahilində, qədim Bakının elm və mədəniyyət nəfəsi ilə yoğrulan mühitində keçdi. Bu mühit onda yalnız bilik sevgisi deyil, həm də düşünmək, araşdırmaq və həqiqəti tapmaq ehtirası oyatdı.

Bakı Dövlət Universitetinin tələbəsi olanda isə, burada fizikanın mürəkkəb və cazibədar dünyası onun üçün sadəcə bir ixtisas deyil, həyatın mənasına çevrilir. 1968-ci ildə universiteti bitirərkən o, artıq yalnız bir məzun deyil, gələcəyin alim potensialını özündə daşıyan bir tədqiqatçı idi. Bu dövrdə hərbi xidmət onun həyatında qısa, lakin formalaşdırıcı bir mərhələ oldu, intizamı, dözümlülüyü və məsuliyyəti öyrətdi. Lakin onun əsl dünyası yenə də elm idi. Ordudan qayıtdıqdan sonra o, yenidən universitet mühitinə dönərək özünü tamamilə elmi axtarışlara həsr etdi.

Elmi fəaliyyətə kiçik elmi işçi kimi başlamaq onun üçün sadəcə bir başlanğıc idi. O, hər yeni araşdırmada bir addım irəli gedir, hər nəticədə yeni suallar doğurur, hər sualda isə daha böyük üfüqlər axtarırdı. Zaman keçdikcə bu səssiz zəhmət və bitməyən axtarış onu həmkarları arasında fərqləndirdi. Onun adı artıq yalnız bir əməkdaş kimi deyil, perspektivli alim kimi çəkilməyə başladı.

Əmirulla Məmmədovun yüksəlişi sürətli, amma təsadüfi deyildi. Bu, gecələrə qədər davam edən zəhmətin, sonsuz səbrin və elmə olan sarsılmaz inamın nəticəsi idi. Beynəlxalq konfranslarda səslənən fikirləri, çap olunan məqalələri və dərin elmi baxışları onu getdikcə daha geniş auditoriyaya tanıdırdı. Beləcə, o, addım-addım, zərrə-zərrə qazandığı nüfuzla professor zirvəsinə yüksəldi – amma bu zirvə onun üçün son deyil, yeni başlanğıcların qapısı idi.

Elmin uzaq üfüqləri – Amerika, Yaponiya, İtaliya...

Əmirulla müəllim üçün elm heç vaxt dar çərçivəli bir sahə olmayıb – o, hər zaman düşüncənin sərhədsiz üfüqlərinə açılan bir yol kimi yaşanıb. Onun elmi-pedaqoji fəaliyyəti də məhz bu sonsuzluğun içində formalaşıb, zənginliyi və çoxşaxəliliyi ilə seçilib.

1973-cü ildə İoffe adına Fizika-Texnika İnstitutunün elmi mühitində müdafiə etdiyi dissertasiya  həyatında yeni bir mərhələnin başlanğıcı oldu. “Bərk cisimlər fizikası” kimi mürəkkəb və incə bir sahədə qazandığı ilk böyük elmi uğur, sanki gələcək zirvələrin müjdəçisi idi. Lakin o, bununla kifayətlənənlərdən deyildi. Onun üçün hər nailiyyət yeni bir axtarışın başlanğıcı idi.İllər keçdikcə elmi düşüncəsi daha da dərinləşdi, baxışları genişləndi və nəhayət, 1986-cı ildə Latviya Dövlət Universiteti nəzdində optika sahəsində qazandığı elmlər doktoru dərəcəsi onun adını elmi tarixə xüsusi bir səhifə kimi yazdı. Bu, sadəcə şəxsi uğur deyildi – bu, bütöv bir elmi məktəbin elmi potensialının təsdiqi idi. Çünki o, bu sahədə SSRİ məkanında ilk azərbaycanlı alim kimi bu zirvəyə yüksəlmişdi.

Onun elmi dünyası yalnız nəzəriyyələrlə məhdudlaşmırdı. Əmirulla Məmmədov elmi həyatın praktik tərəfini də dərindən dərk edən alimlərdən idi. Xüsusilə müdafiə sənayesi üçün mühüm əhəmiyyət kəsb edən sistemlər üzərində apardığı tədqiqatlar onun fəaliyyətinə xüsusi çalar qatırdı. Bu istiqamətdə gördüyü işlər yalnız laboratoriyalarda qalmır, real texnoloji həllərə çevrilərək dövlətlərin strateji gücünə töhfə verirdi.

1970-ci illərin mürəkkəb və məsuliyyətli dövründə onun yolu daha da məsuliyyətli bir sahəyə – SSRİ-nin ən yüksək qərarverici elmi-strateji qurumlarından birinə uzandı. Hərbi Sənaye Məsələləri üzrə Komissiyada elmi ekspert kimi fəaliyyəti onun biliklərinə göstərilən böyük etimadın göstəricisi idi. Burada o, sadəcə alim deyil, həm də gələcəyin texnologiyalarını formalaşdıran düşüncə adamı kimi çıxış edirdi. Qəbul edilən qərarların arxasında onun analitik zəkası, elmi əsaslandırmaları və uzaqgörən baxışları dayanırdı.

Onun fəaliyyəti göstərir ki, həqiqi alim üçün elm yalnız öyrənmək deyil – yaratmaq, tətbiq etmək və gələcəyi formalaşdırmaqdır. Ona görə də onun üçün elm bir məkanla məhdudlaşan anlayış deyildi – o, sərhəd tanımayan bir yol, qitələri birləşdirən bir körpü idi. 1978-ci ildən bu yol onu dünyanın ən aparıcı elmi mərkəzlərinə apardı. SSRİ dövlətinin rəsmi icazəsi ilə o, yeni üfüqlərə doğru addımlayaraq qlobal elmi mühitin bir parçasına çevrildi.

Amerikadan keçən yolu bu dəfə başqa bir başlanğıc idi. Burada o, təkcə qonaq alim deyil, həm də yeni ideyaların daşıyıcısı kimi qarşılandı. California Institute of Technology, Stanford University və digər nüfuzlu mərkəzlərdə apardığı tədqiqatlar onun elmi düşüncəsinin coğrafiyasını genişləndirdi. Laboratoriyalarda keçən uzun saatlar, müzakirələrlə dolu elmi mühit və daim yenilənən texnologiyalar onun baxışlarını daha da dərinləşdirdi. O, artıq yalnız bir ölkənin deyil, beynəlxalq elmin nümayəndəsinə çevrilirdi.

1980-ci ildə isə taleyin növbəti dayanacağı Yaponiya oldu. Bu dəfə o, Şərqin texnoloji möcüzəsinin mərkəzinə qədəm qoydu. Nippon Electric Company və Sumitomo Electric kimi qabaqcıl elmi müəssisələrdə apardığı tədqiqatlar onun elmi yaradıcılığına yeni çalarlar qatdı. Tsukuba elmi şəhərinin müasir laboratoriyalarında o, sanki gələcəyin texnologiyalarına toxunur, elmi ideyaları real nəticələrə çevirirdi.

Lakin bu parlaq beynəlxalq fəaliyyətə baxmayaraq, yenidən vətənə – SSRİ-yə qayıtdı. Bu qayıdış təsadüfi deyildi; bu, elmi zirvənin rəsmi təsdiqi ilə nəticələndi. 1986-cı ildə qazandığı elmlər doktoru dərəcəsi onun illərlə davam edən zəhmətinin bəhrəsi idi. Ardınca, 1988-ci ildə layiq görüldüyü Dövlət mükafatı onun elmi nüfuzunun dövlət səviyyəsində qəbulunun parlaq sübutuna çevrildi.

Amma onun hekayəsi burada dayanmadı. Elm onu yenidən xaricə – bu dəfə Italyaya apardı. 1989-cu ildən Sapienza Universitetinin auditoriyalarında, Fraskati şəhərinin elmi mərkəzlərində onun səsi eşidilməyə başladı. Burada o, təkcə tədqiqatçı deyil, həm də biliklərini paylaşan, yeni nəsil alimləri ruhlandıran bir müəllim idi. Beləcə, onun elmi yolu okeanları, qitələri aşaraq bir həqiqəti sübut edirdi: həqiqi alim üçün dünya bir laboratoriyadır, elm isə bu laboratoriyada daim davam edən böyük bir axtarış.

Həyat yolunda 1990-cı il yeni bir səhifə kimi açıldı – bu səhifə onu qardaş ölkə Turkiyəyə apardı. Bu, sadəcə coğrafi dəyişiklik deyildi; bu, elmin, təcrübənin və milli ruhun yeni bir mühitdə yenidən çiçəklənməsi idi. Adana şəhərindəki Çukurova Universitetində o, auditoriyalara daxil olanda yalnız bir professor kimi deyil, böyük bir elmi məktəbin daşıyıcısı kimi qarşılanırdı. Fizika və mühəndislik fakültələrində keçdiyi dərslər sadəcə mühazirə deyildi – bu dərslər düşünməyi öyrədən, sual verməyə cəsarət aşılayan, gənclərin zehni dünyasını genişləndirən bir məktəb idi. Onun yetişdirdiyi tələbələr yalnız bilik qazanmır, həm də elmi düşüncənin fəlsəfəsini mənimsəyirdilər.

Lakin onun fəaliyyəti universitet divarları ilə məhdudlaşmadı. O, elmin real həyatda tətbiq olunduğu ən strateji sahələrdən birinə – müdafiə sənayesinə üz tutdu. ASELSAN kimi mühüm bir qurumda elmi məsləhətçi olaraq çalışmaqla, o, nəzəri bilikləri texnoloji gücə çevirməyi bacaran nadir alimlərdən biri olduğunu bir daha sübut etdi. Mikroelektronika və elektrooptik sistemlər sahəsində onun fikirləri, təklifləri və elmi yanaşması gələcəyin texnologiyalarını formalaşdıran əsas sütunlardan birinə çevrildi.

Yolu Türkiyənin hərbi-elmi strukturlarına da uzandı. Müdafiə Nazirliyi nəzdində fəaliyyət göstərən təhsil mərkəzlərində, hərb akademiyalarında verdiyi mühazirələr, etdiyi elmi məsləhətlər yalnız nəzəri bilik deyil, strateji düşüncə də aşılayırdı. O, burada da elm ilə təhlükəsizlik, bilik ilə məsuliyyət arasında körpü qururdu.

Zaman keçdi, 2011-ci ildə rəsmi qaydalara uyğun olaraq o, professor vəzifəsindən təqaüdə çıxdı. Lakin bu, onun üçün dayanmaq demək deyildi. Əksinə, bu, yeni bir başlanğıc idi. Bilkent Universitetinin nanotexnologiya mərkəzində fəaliyyətini davam etdirən alim, sanki yenidən gənclik enerjisi ilə elmin ən müasir sahələrinə üz tutdu. Burada o, artıq yalnız tədqiqatçı deyil, həm də istiqamət verən, yol göstərən bir lider idi.

Onun elmi irsinin ən parlaq nümunələrindən biri isə MEROPS sistemi oldu. Bu sistem yalnız texniki bir layihə deyil, elmi düşüncənin praktiki gücə çevrilməsinin simvolu idi. Onun ideyaları, rəhbərliyi və zəhməti nəticəsində bu layihə reallığa çevrildi və Türkiyənin müdafiə qabiliyyətinin güclənməsində mühüm rol oynadı. Əmirulla Məmmədovun Türkiyə dövrü göstərdi ki, həqiqi alim heç vaxt təqaüdə çıxmır. O, sadəcə fəaliyyət sahəsini dəyişir, amma düşünmək, yaratmaq və gələcəyi formalaşdırmaq missiyasını ömrünün sonuna qədər davam etdirir.

Azərbaycanın dünyada eşidilən səsi

Əmirulla müəllim üçün həyat yalnız laboratoriyalardan və auditoriyalardan ibarət olmayıb. Onun taleyində elm ilə vətən sevgisi, bilik ilə mənəvi məsuliyyət həmişə yanaşı addımlayıb. O, harada yaşamasından asılı olmayaraq, qəlbində daşıdığı Azərbaycanı heç vaxt tərk etməyən ziyalılardandır.

Yarım əsrə yaxın bir dövrdə doğma yurddan uzaqda yaşasa da, onun düşüncələri, qayğıları və mübarizəsi daim Azərbaycanın taleyi ilə bağlı olub. 1980-ci illərin mürəkkəb siyasi atmosferində o, yalnız müşahidəçi deyil, fəal söz sahibi idi. “Vətən” Cəmiyyəti ətrafında formalaşan milli düşüncə mühitində o, Elçin Əfəndiyev kimi ziyalılarla birgə fəaliyyət göstərərək milli ideyaların qorunmasına töhfə verdi.

O dövrdə informasiya məkanının qapalı olduğu, Azərbaycanın səsinin dünyaya çətinliklə çatdığı bir zamanda, onun səsi uzaq ölkələrdə eşidildi. “Azadlıq”, “Azad Avropa” və “Amerikanın Səsi” radiolarında etdiyi çıxışlar sadəcə müsahibə deyildi – bunlar həqiqətin, ədalətin və milli mövqenin səsi idi. O, sözün gücü ilə sərhədləri aşaraq Azərbaycanın haqq işini beynəlxalq aləmə çatdıran simalardan biri oldu.

1991-ci ildən sonra Turkiyədə yaşayan alim burada da susmadı, geri çəkilmədi. Əksinə, onun fəaliyyəti daha geniş miqyas aldı. Xüsusilə 20 Yanvar faciəsi və Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirlərdə onun çıxışları yaddaşlara həkk olundu. O, tribunadan danışarkən yalnız bir alim kimi deyil, ağrını yaşayan bir xalqın nümayəndəsi kimi danışırdı.Adana şəhərində onun təşəbbüsləri təkcə sözlə kifayətlənmədi, real nəticələrə çevrildi. Xocalı həqiqətlərinin tanıdılması istiqamətində atılan addımlar, qəbul edilən qərarlar, ucaldılan abidə və salınan park onun yorulmaz fəaliyyətinin canlı sübutuna çevrildi. Bu addımlar təkcə xatirə deyil, həm də tarixə yazılmış ədalət çağırışı idi.

Onun ictimai fəaliyyəti zamanla daha da genişləndi. Türkiyə–Azərbaycan münasibətlərinin möhkəmlənməsi, diasporun təşkilatlanması və elmi əlaqələrin qurulması istiqamətində o, birləşdirici bir qüvvə kimi çıxış etdi. Qurucusu olduğu təşkilatlar, üzvü olduğu fondlar onun yalnız alim deyil, həm də təşkilatçı və ideya lideri olduğunu göstərdi.

Əmirulla Məmmədovun həyatının bu tərəfi bizə bir həqiqəti xatırladır: həqiqi ziyalı yalnız bilik sahibi deyil, həm də cəmiyyətin vicdanıdır. O, harada yaşamasından asılı olmayaraq, öz xalqının səsini daşıyan, tarixini qoruyan və gələcəyinə yol açan bir işıqdır.

Əmirulla Məmmədəli oğlu Məmmədov bu gün də yorulmadan fəaliyyət göstərən, zamanın axarına deyil, onu istiqamətləndirən nadir ziyalılardandır. Onun üçün illər sadəcə rəqəm, yaş isə yalnız təqvim göstəricisidir. Düşünən beyin, axtaran ruh və vətənə bağlı qəlb isə dəyişməz qalır.

O, bu gün də müxtəlif ölkələrdə keçirilən elmi toplantılarda, ictimai platformalarda və diplomatik mühitlərdə çıxış edərək Azərbaycanı tanıdır, ölkənin inkişaf yolunu, qazandığı uğurları və gələcəyə yönəlmiş strategiyasını dünyaya çatdırır. Onun sözləri təkcə məlumat deyil – bu sözlər bir ölkənin mövqeyini, bir xalqın iradəsini və dövlətin gələcək baxışını ifadə edir.

Bu uzun və mənalı yol təbii ki, diqqətdən kənarda qalmamışdır. Azərbaycan dövləti onun əməyini yüksək qiymətləndirərək müxtəlif mükafat və fəxri adlarla təltif etmişdir. Çoxillik elmi, pedaqoji və ictimai fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmiş, nüfuzlu mükafat və fəxri adlarla təltif olunmuşdur. O, 1988-ci ildə Azərbaycan Respublikasının Elm sahəsində Dövlət Mükafatı Laureatı adına layiq görülmüş, 2016-cı ildə isə Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi fəxri adı ilə təltif edilmişdir. Onun dövlətə və cəmiyyətə xidmətləri 2021-ci ildə “Diaspora fəaliyyətində xidmətə görə” medalı ilə qiymətləndirilmiş, 2022-ci ildə isə “Dostluq” ordeninə layiq görülməsi ilə daha da yüksək səviyyədə dəyərləndirilmişdir. Bununla yanaşı, Bakı Dövlət Universiteti tərəfindən ona 2016-cı ildə fəxri fərman təqdim edilmiş, 2022-ci ildə isə universitetin 100 illik yubileyinə həsr olunmuş xüsusi medal ilə təltif olunmuşdur. Bu mükafatlar onun zəngin və fədakar fəaliyyətinin parlaq göstəricisi olmazqla, sadəcə rəsmi qərarlar deyil, illərlə davam edən zəhmətin, sədaqətin və xidmətin etirafıdır. Hər bir mükafat onun həyat yolunun bir mərhələsini, bir uğurunu, bir izini simvolizə edir.

Lakin onun ən böyük mükafatı təkcə ordenlər, fəxri adlar deyil, həm də yetişdirdiyi tələbələr, yaratdığı elmi məktəb, qurduğu mənəvi körpülər və qoruduğu milli dəyərlərdir. O, Azərbaycan elmini dünya miqyasında tanıdan, diaspor fəaliyyətinə ruh verən və milli kimliyi uzaqlarda belə yaşadan bir simadır.

Əmirulla Məmmədovun ömür yolu bizə bir həqiqəti xatırladır: böyük xidmətlər zamanla ölçülmür, onların dəyəri yaratdığı təsirlə, qoyduğu izlə müəyyən olunur. Onun fəaliyyəti isə artıq bir insanın ömrünü aşaraq bir məktəbə, bir ənənəyə, bir örnəyə çevrilmişdir.

Namiq Qədimoğlu,

XQ

 

 

 

 

 

 





Sosial həyat