Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Kitabxana şəbəkəsi əhalinin tələbatının yalnız 35 faizini qarşılayır.
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Mədəniyyət komitəsində keçirilən “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai müzakirədə kitabxana xidmətlərinin hazırkı vəziyyəti ilə bağlı fikirlər səsləndirib.
Nazir bildirib ki, Mədəniyyət Nazirliyinin əsas hədəfi bütün vətəndaşların, eləcə də ölkəyə gələn xarici qonaqların kitaba əlçatanlığını təmin etməkdir.
Onun sözlərinə görə, mövcud kitabxana infrastrukturuna baxmayaraq, şəbəkənin yerləşmə və xidmət sistemi əhalinin tələbatını tam qarşılamır:
“Hazırda ölkə üzrə mövcud kitabxana infrastrukturu ərazi baxımından düzgün lokallaşma prinsipi ilə qiymətləndirildikdə, tələbatın təxminən 35 faizini ödəyir”, – deyə A.Kərimli qeyd edib.
Nazir gələcək hədəflərdən də danışaraq ölkə əhalisinin 95 faizinin kitabxanalara əlçatanlığının təmin edilməsinin planlaşdırıldığını bildirib. Onun sözlərinə görə, perspektivdə bu göstəricinin 100 faizə çatdırılması əsas məqsədlərdən biridir.
“Bakıdakı universitetlərdə olan əlçatanlıq səviyyəsi regionlardakı ali təhsil müəssisələrində də eyni olmalıdır”, – deyə nazir vurğulayıb.
Adil Kərimli həmçinin kitabxana fondlarının məzmun keyfiyyəti məsələsinə də toxunub. O qeyd edib ki, fondların zənginləşdirilməsi istiqamətində hər il dövlət tərəfindən təxminən 600 min manat vəsait ayrılır və xüsusi komissiya vasitəsilə nəşrlərin satın alınması həyata keçirilir.
Nazir əlavə edib ki, aparılan monitorinqlər bəzi kitabların cəmiyyət üçün yetərli fayda vermədiyini göstərib. Buna görə də hazırda əsas diqqət elmi və elmi-kütləvi ədəbiyyatın alınmasına yönəldilib.

