Bakıda keçirilən “Force of Love 2026” festivalı böyük maraq doğurub

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

5–7 iyun tarixlərində Space_13 incəsənət məkanında NARGIS jurnalının təşəbbüsü ilə “Force of Love” adlı genişmiqyaslı festival təşkil olundu.

XQ xəbər verir ki, tədbir yaradıcılıq, sənət və canlı ünsiyyəti bir araya gətirərək iştirakçılara ailə və dostlarla birlikdə xoş və yaddaqalan anlar yaşamaq imkanı yaradıb.

Üç gün ərzində paytaxt sakinləri və şəhərin qonaqları müxtəlif məhsulların təqdim olunduğu satış zonaları ilə yanaşı, kulinariya stendlərində fərqli dadları sınamaq fürsəti əldə etdilər. Zinət əşyaları, interyer dizayn nümunələri, kitablar, geyim və çantalar kimi müxtəlif kateqoriyalar ziyarətçilərin böyük marağına səbəb oldu.

Festivalın proqramı yalnız alış-veriş və dad təcrübələri ilə məhdudlaşmadı. Burada rəssamlıq, keramika, kətan üzərində yaradıcılıq, skrapbukinq, robototexnika, xalçaçılıq, trafaret sənəti və kulinariya üzrə müxtəlif ustad dərsləri keçirildi. Qonaqlar həmçinin rəqs dərslərində iştirak edərək, NARGIS jurnalının baş redaktoru Ülviyyə Mahmud və rəqqas Fərid Mehdi ilə birlikdə baçata ritmlərini öyrəndilər.

Festivalın ilk günü xüsusi olaraq uşaqlara həsr olundu. Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 saylı Uşaq Evinin sakinləri üçün Nargis Fund ilə birgə hazırlanmış proqram təqdim edildi. Balacalar kukla tamaşası izlədilər, müxtəlif yaradıcılıq fəaliyyətlərinə qatıldılar və onlara hədiyyələr təqdim olundu.

İyunun 6-da ekoloji məsuliyyət mövzusuna diqqət çəkən ağacəkmə aksiyası təşkil edildi. Təşəbbüs gələcək nəsillərə daha yaşıl mühitin ötürülməsi ideyasını ön plana çıxardı və tədbir iştirakçılarının fəal iştirakı ilə yadda qaldı.

İyunun 7-də isə uşaqlar üçün xüsusi cizgi filmi nümayişi baş tutdu. Kino seansı kiçik tamaşaçılara sevinc dolu anlar yaşadaraq festivalın ən yaddaqalan bölümlərindən birinə çevrildi.

Festival ərzində Mədəniyyət Nazirliyi yanında Mədəni və Kreativ Sənayelərin İnkişafı Mərkəzi (Yaradıcı Mərkəz) tərəfindən müxtəlif tematik master-klasslar, oyunlar və interaktiv fəaliyyətlər təşkil olundu. Eyni zamanda yerli gənc brendlərin tanıdılması üçün xüsusi təqdimat zonası yaradıldı.

Tədbirin tərəfdaşları sırasında Baku City Circuit də yer aldı və festivalın təşkilinə mühüm dəstək göstərdi. Qonaqların rahat hərəkəti üçün BakuBus tərəfindən ödənişsiz nəqliyyat xidməti təmin edildi.

“Force of Love” festivalı üç gün ərzində iştirakçılara yaradıcılıq, əyləncə və birgəlik hissini yaşadaraq xoş təəssüratlarla yadda qaldı.





















Sosial həyat