Brüsseldə Azərbaycanın mədəniyyəti və tarixi ilə bağlı nəşrlərin təqdimatı keçirilib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycanın Belçika, Lüksemburq və Avropa İttifaqındakı səfirliyində “İRS” nəşriyyat evinin kitab və jurnal kolleksiyasının təqdimat mərasimi təşkil olunub. Tədbir Azərbaycan mədəni irsinin Avropada tanıdılması məqsədinə xidmət edib.

Nəşriyyat evinin rəhbəri və eyniadlı jurnalın baş redaktoru Musa Mərcanlı səfər çərçivəsində Belçikaya gələrək iştirakçılara Azərbaycan regionlarının zəngin mədəni irsinə həsr olunmuş nəşrləri təqdim edib. Kitablar arasında ölkənin memarlıq inciləri, muzeyləri, qədim tarixi abidələri ilə bağlı materiallar xüsusi yer tutub. Xüsusilə Qarabağ və Şuşanın tarixi-mədəni irsini əks etdirən nəşrlər tədbir iştirakçılarının diqqətini cəlb edib.

Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov çıxışında “İRS” nəşrlərinin diplomatik fəaliyyət üçün mühüm informasiya mənbəyi olduğunu vurğulayıb. O qeyd edib ki, səfirlik əməkdaşları bu materiallardan həm Azərbaycan həqiqətlərinin çatdırılmasında, həm də xarici tərəfdaşlarla mədəni dialoqun genişləndirilməsində fəal şəkildə istifadə edirlər. Səfir həmçinin nəşrlərin təkcə Belçikada deyil, Azərbaycanın digər ölkələrdəki diplomatik nümayəndəliklərində də maraqla qarşılandığını bildirib.

“İRS” nəşriyyatının kitab və jurnalları Azərbaycanın tarixini, mədəniyyətini, musiqi ənənələrini, fəlsəfi düşüncəsini və arxeoloji irsini geniş oxucu auditoriyasına təqdim edir. Bu nəşrlər ölkənin multikultural dəyərlərini və zəngin keçmişini sistemli şəkildə əks etdirən mühüm informasiya resursu kimi qiymətləndirilir.

Tədbirdə çıxış edən Brüssel Azad Universitetinin professoru Filip Hambl Bakı haqqında təəssüratlarını bölüşərək şəhərin müasir inkişafı ilə tarixi ab-havasının harmoniyasını, eləcə də dini tolerantlıq mühitini xüsusi vurğulayıb. O, Azərbaycanı daha dərindən tanımasında ədəbiyyatın mühüm rol oynadığını, xüsusilə Qurban Səidin “Əli və Nino” romanının onun baxışlarına təsir etdiyini qeyd edib.

Brüsselin “Avropa” Press Klubunun prezidenti Antonio Buskardini isə Azərbaycana səfərləri, o cümlədən Naxçıvana etdiyi press-turun onda dərin təəssürat yaratdığını bildirib və ölkənin müxtəlif bölgələrində gördüyü mədəni müxtəlifliyi yüksək qiymətləndirib.

Mədəniyyət