Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Bakıda və ətraf ərazilərdə nəqliyyat sıxlığının azaldılması məqsədilə yaxın dövrdə dəyişkən iş qrafikinin tətbiqi nəzərdən keçirilir.
XQ xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
O qeyd edib ki, bu məsələ "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üzrə Dövlət Proqramı" çərçivəsində nəzərdə tutulub. Onun sözlərinə görə, proqramda dövlət qurumları, təhsil və səhiyyə müəssisələri, eləcə də digər təşkilatlarda iş rejiminin fərqli başlama saatları əsasında təşkil edilməsi planlaşdırılır.
Deputat qeyd edib ki, aidiyyəti dövlət qurumları tərəfindən aparılan araşdırmaların yekunlaşmasından sonra dəyişkən iş qrafikinin tətbiqi ilə bağlı təkliflər hazırlanacaq. Daha sonra müvafiq siyahılar təsdiqləndikdən sonra yeni iş rejiminin mərhələli şəkildə həyata keçirilməsi mümkün olacaq.
Vüqar Bayramovun sözlərinə görə, bir sıra Avropa ölkələrində artıq istifadə olunan bu model nəqliyyat sisteminə düşən yükün gün ərzində daha bərabər paylanmasına kömək edir. Müxtəlif işə başlama saatları pik vaxtlarda yaranan sıxlığı azaltmaqla yanaşı, ictimai nəqliyyatda rahatlığı artırır və şəhər infrastrukturunun daha səmərəli istifadəsinə şərait yaradır.
Deputat əlavə edib ki, Azərbaycanda da fərqli sahələr üzrə iş saatlarının tədricən dəyişdirilməsi nəzərdə tutulur. Bu yanaşma sayəsində bütün müəssisələrin eyni vaxtda fəaliyyətə başlamasının qarşısı alınacaq və nəticədə nəqliyyat axınında müəyyən azalma müşahidə olunacaq.
Onun fikrincə, dəyişkən iş qrafiki tıxac problemini tam həll etməsə də, nəqliyyat yüklənməsinin azaldılmasına mühüm töhfə verə bilər. Bununla yanaşı, uzunmüddətli nəticələr üçün nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və əlavə dəstəkləyici tədbirlərin həyata keçirilməsi də vacib hesab olunur.

