Reuters: Ukrayna Krımın təcrid olunması planının icrasına ciddi şəkildə başlayıb

post-img

Ukrayna işğal olunmuş Krımın təcrid edilməsi planının reallaşdırılmasına ciddi şəkildə start verib. Bu barədə "Reuters" agentliyi Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdiyə ("Madyar") istinadən yazır.

Nəşr qeyd edir ki, Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) Rusiyanın işğal etdiyi ərazilərə endirdiyi hazırkı zərbələr kampaniyası artıq hərbi loqistikanı, xüsusən də yanacaq təchizatını sıradan çıxarıb. Bu səbəbdən Krımın işğalçı hakimiyyəti yanacaq satışına ciddi məhdudiyyətlər (normalar) tətbiq etmək məcburiyyətində qalıb.

Robert Brovdinin qiymətləndirməsinə görə, Ukraynanın zərbələr kampaniyası sayəsində son bir ay ərzində Rostov, Mariupol, Melitopol və Krımı birləşdirən magistral yolda nəqliyyatın hərəkəti üçdə ikidən çox azalıb. "Madyar" əmindir ki, növbəti ay ərzində Ukrayna sözügedən yola tam nəzarət edəcək.

"Biz yaxın vaxtlarda Krımı təcrid edəcəyik", - Brovdi bildirib.

Rusiya yük maşınlarının "ovlanması" prosesini təsvir edən hərbçi bəyan edib ki, bunu etmək "açıq sahədə kəklikləri vurmaq qədər asandır".

"Biz elə şərait yaradacağıq ki, istənilən hərbi qulluqçunun və ya müdafiə sənayesi işçisinin Krımda, müvəqqəti işğal olunmuş ərazilərdə qalması və ya oraya gedən yollardan istifadə etməsi son dərəcə çətinləşəcək", -  Pilotsuz Sistemlər Qüvvələrinin komandanı izah edib.

Brovdinin sözlərinə görə, bu ilin ilk beş ayı ərzində onun tabeliyində olan bölmələr Rusiyanın 174 hava hücumundan müdafiə (HHM) kompleksini məhv edib və bununla da hazırkı kampaniyada dronlar üçün yol açılıb.

"Madyar" ümid edir ki, Rusiyanın hərbi-sənaye və neft kompleksinə edilən sistemli hücumlar Moskvanın müharibəni davam etdirmək imkanlarını və istəyini sarsıdacaq.

S.ELAY

XQ

Dünya