“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda ictimai müzakirə

post-img

İyunun 11-də QHT Agentliyində “Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda aqrar sahə profilli QHT-lərin iştirakı ilə ictimai müzakirə keçirilib. QHT Agentliyinin Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Rizvan Nəbiyev bildirib ki, 2026-cı il mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə dövlət başçısı tərəfindən qarşıya qoyulmuş vəzifələr aqrar sahənin inkişafında tam yeni mərhələ yaradır. R.Nəbiyevin sözlərinə görə, Azərbaycan Prezidentinin kənd təsərrüfatının inkişafına dair konkret hədəfləri olan, dövlət və özəl sektorun imkanlarını vahid platformada birləşdirən yeni Dövlət Proqramının hazırlanması ilə bağlı tapşırıqları ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, idxaldan asılılığın azaldılması və yerli istehsalın rəqabət qabiliyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri Bağış Əhmədov “Aqrar sektorda artım və ixrac perspektivləri” mövzusunda çıxış edib. O, söyləyib ki, kənd təsərrüfatı ölkə üzrə ÜDM-də 5,9 faiz paya malik olsa da, kənd yerlərinin inkişafında məşğulluğun və ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir. B.Əhmədov onu da vurğulayıb ki, 2030-cu ildə Azərbaycanda kənd təsərrüfatında yaranan əlavə dəyərin 2025-ci ilə nisbətən ən azı 10,4 faiz artacağı gözlənilir ki, bu da əsasən ixrac hesabına təmin ediləcək. Belə ki, qeyd edilən dövrdə kənd təsərrüfatı, balıqçılıq və emal məhsullarının ixracının təxminən 34 faiz artacağı proqnozlaşdırılır. 

ADA universitetinin Kənd təsərrüfatı və qida elmləri kafedrasının professoru Sahil Quliyev “XQ”-ya özəl açıqlamasında bildirdi ki, son dövrlərdə aqrar sektor dövlət başçısının diqqət mərkəzində olmuşdur: "Bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilir. Lakin bu sahədə hələ də müəyyən problemlər mövcuddur. Qeyd etmək istəyirəm ki, aqrar sahədə əsas məsələlərdən biri innovasiyaların tətbiqi, yeni texnologiyalardan istifadə və fermerlərin maarifləndirilməsidir. Digər vacib məsələlərdən biri isə torpaqlardan davamlı və səmərəli istifadə olunmasıdır. Fermerlər aqrar sahədə hansı işləri həyata keçirməlidirlər? Təbii ki, ilk növbədə innovasiyalar tətbiq olunmalı, müasir texnologiyalar mənimsənilməlidir. Eyni zamanda fermerlər yalnız xammal istehsalı ilə kifayətlənməməli, məhsulları emal edərək əlavə dəyər yaratmalı və bazara hazır məhsul şəklində çıxarmalıdırlar. Bu, onların gəlirlərinin artmasına mühüm töhfə verə bilər. Aqrar sahədə elmi tədqiqatların aparılması, elm, təhsil və istehsalat arasında əlaqələrin gücləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə fəaliyyət genişləndirildikdən sonra məhsuldarlığın artırılması, yeni sortların yaradılması və mövcud sortların yaxşılaşdırılması mümkün olacaqdır. Eyni zamanda bu yeniliklərin Azərbaycan şəraitinə uyğunlaşdırılması böyük əhəmiyyət kəsb edir. Bu baxımdan elm, təhsil və praktikanın inteqrasiyası mühüm rol oynayır. Həm xaricdə, həm də ölkə daxilində əldə olunan yeni innovativ vasitələrin tətbiqi vacibdir.

O, həmçinin qeyd etdo ki, Azərbaycanda müasir istixana kompleksləri, heyvandarlıq kompleksləri və müasir suvarma sistemləri yaradılmışdır: “Bununla yanaşı, süni intellektin və rəqəmsal texnologiyaların tətbiqi də öz əhəmiyyətini qoruyub saxlayır və gələcək inkişaf üçün vacib amillərdən biridir. Qeyd etmək istəyirəm ki, Azərbaycanda bu hədəflərə çatmaq üçün son illərdə mühüm işlər görülmüşdür. Bununla belə, qarşıda hələ də həlli vacib olan məsələlər dayanır. Məsələn, bəzi ərazilərdə torpaqların deqradasiyası, şoranlaşma və digər problemlər müşahidə olunur. Bu isə müasir tədqiqatların aparılmasını və hər vahid ərazidən əldə olunan məhsuldarlığın artırılmasını zəruri edir. Əminəm ki, müasir tədqiqatların nəticələrini elmi əsaslarla tətbiq etsək, mövcud problemlərin öhdəsindən gələ bilərik. Bununla da fermerlərimizə dəstək olar, ölkəmizin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə töhfə verə bilərik".

Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri Mürvət Həsənli isə “XQ”-ya açıqlamasında qeyd etdi ki, Prezident İlham Əliyevin 23 may 2026-cı il tarixində qəbul etdiyi dövlət proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsidir: "Ərzaq təhlükəsizliyinin təmin olunması üçün məhsuldarlığın artırılması, elmi potensialın gücləndirilməsi və innovativ yanaşmaların tətbiqi vacib şərtlərdən biridir. Cənab Prezidentin qarşımıza qoyduğu hədəflərə çatmaq üçün fermerlərin və sahibkarların maliyyə resurslarına rahat çıxışının təmin edilməsi mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda suvarma sistemlərinin yenidən təşkili və təkmilləşdirilməsi həyata keçirilməlidir. Bu tədbirlər aqrar sektorun dayanıqlığını və rəqabət qabiliyyətini artırmağa xidmət edəcəkdir. Bu məqsədlərə nail olmaq üçün logistika infrastrukturunun inkişaf etdirilməsi, soyuducu anbarların və yeni bazarların yaradılması da xüsusi diqqət mərkəzində olmalıdır. Bildiyiniz kimi, son dövrlərdə logistika sahəsinin inkişafı ilə bağlı mühüm qərarlar qəbul olunmuşdur. Həmçinin aqrar subsidiya mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində də mühüm addımlar atılmışdır. Bu qərarların əsas məqsədi iş proseslərinin sadələşdirilməsi və səmərəliliyinin artırılmasıdır. Əsas məqsədlərimizdən biri də ekoloji dayanıqlığın təmin edilməsidir. Torpaq və su ehtiyatlarından səmərəli istifadə olunması aqrar siyasətin prioritet istiqamətlərindəndir”.

M.Həsənli əhalinin sosial rifahının yüksəldilməsi və kənd yerlərində məşğulluğun artırılması istiqamətində qarşıya qoyulan hədəflərə nail olmağın vacibliyini də vurğuladı: “Hazırda keçirilən forumlarda və müzakirələrdə qeyri-hökumət təşkilatlarının bu prosesə necə dəstək verə biləcəyi, hansı sahələrə daha çox diqqət ayrılmasının vacibliyi barədə dəyərli təkliflər səsləndirilir. Biz də qeyri-hökumət təşkilatları ilə birlikdə bu planların hazırlanmasında, əhalinin maarifləndirilməsində, kredit resurslarından səmərəli istifadənin təşviqində, eləcə də otlaq və örüş sahələrinin qorunması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik".

Müzakirələr zamanı aqrar sahədə fəaliyyət göstərən QHT-lərin nümayəndələri kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə fikir və yanaşmalarını bölüşərək bir sıra təkliflərlə çıxış ediblər. “Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda aqrar yönümlü QHT-lərin iştirakı ilə keçirilən ictimai müzakirələrdə vurğulanıb ki, kənd təsərrüfatı sahəsində maarifləndirmənin gücləndirilməsinə, xüsusilə radio vasitəsilə məlumatlandırmanın artırılmasına, eləcə də bu sahədə ixtisaslaşmış vətəndaş cəmiyyəti institutlarının mövqelərinin daha geniş auditoriyaya çatdırılmasına ehtiyac var.

Nurlan ABDALOV

Cavid QAÇAYEV (foto)

XQ





İqtisadiyyat