Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycanın hərb tarixi hər anı qəhrəmanlıq, cəsarət və fədakarlıqla yoğrulmuş unudulmaz simalarla zəngindir. Bu simalardan biri də xalqımızın yaddaşına “Laçın qartalı” kimi həkk olunan, doğma yurdunun hər qarışı üçün canını sipər edən Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahverdiyevdir. Bu gün onun keçdiyi şərəfli döyüş yoluna nəzər salırıq.
Bəzi insanlar var ki, öz varlıqları ilə sadəcə bir ailənin deyil, bütöv bir millətin fəxr mənbəyinə çevrilirlər. Onların atdıqları addımlar, göstərdikləri fədakarlıqlar zamanın sərhədlərini aşaraq tarixə qızıl hərflərlə yazılır. Qəhrəmanlıq sadəcə fiziki güc deyil, o, çətin andan, təhlükədən qorxmayaraq irəli atılmaq, başqalarının həyatı üçün özünü fəda etmək bacarığıdır. Onun qəhrəmanlığı da məhz belə bir anda, hər kəsin tərəddüd etdiyi, zamanın donduğu bir saniyədə özünü göstərdi. O, geriyə baxmadı, şöhrət və ya mükafat düşünmədi. Onu irəli aparan tək bir qüvvə var idi: daxilindəki sarsılmaz vicdan və cəsarət.
Onun göstərdiyi bu rəşadət bu gün gənclərimiz üçün ən böyük həyat dərsidir. Çünki onun qəhrəmanlığı bizlərə Vətəni təmənnasız sevməyi, vətənə və insana bağlılığı, ən əsası isə çətinliklər qarşısında dik durmağı öyrədir. Hər bir millət qəhrəmanlarını tanıdıqca və onlara dəyər verdikcə böyüyür, ucalır.
Laçından başlayaraq Qarabağın müxtəlif ərazilərində döyüş yolu keçən İsrafil Şahverdiyev Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərovanın həyatına qəsd edilən vaxt hadisə yerinə gələrək özünə söz verir: “And olsun namusuna, el qızı, sənin qanın yerdə qalmayacaq”.
Çox çəkmir ki, cəsur kəşfiyyatçı, peşəkar əməliyyatçı qardaşı Rəsulla birlikdə əməliyyat zamanı on iki erməni casusunu məhv edir. Salatının qatili də məhz bu dəstənin tərkibində öldürülür.
Günlərlə, aylarla ev-eşik üzü görməyən, məşəqqətli günlər keçirən, döyüşlərdə mətinləşən İsrafil xalq arasında böyük hörmət qazanır. Kirs dağının erməni təcavüzkarlarından təmizlənməsində şəxsi igidliyinə görə xüsusi təşəkkürə layiq görülür. İsrafil 1990-cı ildə Laçın rayon Kooperativlər İttifaqının təsis etdiyi “Sultan bəy” mükafatını alır.
İsrafil Şahverdi oğlu Şahverdiyev 1952-ci ilin iyun ayının 11-də Laçın rayonunun Unannovu kəndində doğulmuşdur. 1959-cu ildə həmin kənddə orta məktəbə getmiş, 1969-cu ildə məktəbi bitirmişdir. 1971-74-cü illərdə ordu sıralarında hərbi xidmət keçərək 1975-ci ildə Laçın rayon Daxili İşlər Şöbəsində milis nəfəri kimi əmək fəaliyyətinə başlamışdır. Yağı düşmən torpaqlarımıza basqın edən vaxtdan İsrafil bir polis işçisi kimi əhalinin təhlükəsizliyinin təmin edilməsində və quldurların tutulub zərərsizləşdirilməsində yaxından iştirak etmiş, fədakarlıqlar göstərmişdir.
... 1991-ci ilin yazında Qaladərəsi kəndini erməni quldurlarından təmizləmək məqsədilə plan hazırlanır. Gecədən səhərə kimi davam edən ağır döyüşdə erməni yaraqlıları güclü müqavimətlə rastlaşdılar və geri çəkilməyə məcbur olurlar.
İ.Şahverdiyev öz rotası ilə 1992-ci il sentyabrın 19-dan noyabrın 17-ə qədər Hocaz qayası və Hocaz kəndi uğrunda gedən döyüşlərdə iştirak edir. O, dəfələrlə kəşfiyyata getmiş, düşmənin yerinin təyin olunmasında xüsusi hünər göstərmişdir.
1994-cü il yanvarın 6-da Horadiz qəsəbəsi azad edildikdən sonra İ.Şahverdiyevin rotası Füzuli rayonunun kəndlərini erməni işğalından azad etmək üçün döyüşə girir. Rota Horadiz qəsəbəsini, eləcə də digər 4 kəndi azad edir.
İgid komandir İ.Şahverdiyevin son döyüşü 1994-cü il yanvarın 13-də olur. Rota bir neçə istiqamətdən hücuma keçərək, düşmənin əsas qüvvəsini sarsıdır. Erməni yaraqlılarının çoxlu sayda canlı qüvvəsi və döyüş texnikası məhv edilir. Lakin bu döyüşdə İsrafil Şahverdiyev özü də qəhrəmancasına şəhid olur.
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli Fərmanı ilə İsrafil Şahverdi oğlu Şahverdiyev ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. İsrafil Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Onu tanıyanlar hər zaman səmimiyyətindən, gözlərindəki təmiz qığılcımdan danışırlar. Amma o sakit təbəssümün arxasında fırtınalara meydan oxuyacaq bir iradənin gizləndiyini bəlkə də çoxları son ana qədər bilmirdi. O, öz əməli ilə sübut etdi ki, qəhrəmanlar unformada doğulmur, onlar çətin anlarda bəşəriyyətin ümidinə çevrilirlər.
XQ-yə Milli Qəhrəmanla birgə döyüş yolu keçmiş Birinci Qarabağ Müharibəsi iştirakçısı Ərşad Hüseynov İsrafil Şahverdiyevin igidliyindən söz açaraq qeyd etdi: – İstər Birinci, istərsə də İkinci Qarabağ müharibəsi qəhrəmanlarının, şəhidlərinin, Vətən uğrunda şücaət göstərən hər kəsin xatirəsini həmişə yüksək səviyyədə, ehtiramla yad etməli, uca tutmalıyıq. İsrafil Şahverdiyev də həmin qəhrəmanlardan biridir. İsrafil haqqında mənim çox xoş təəssüratlarım var. O vaxt mən də döyüşdə iştirak etmişəm. Azərbaycan Milli Ordusunda və doğma Laçındakı döyüşlərdə bir yerdə olmuşuq. Paralel olaraq, Milli Ordu, Laçın Polis Şöbəsi – demək olar ki, qonşu səngərlərdə, yaxud da bəzən bir səngərdə olurduq.
İsrafil Şahverdiyev özünəməxsus qəhrəmanlığı olan bir şəxsiyyətdir. Onu da deyim ki, qəhrəmanların heç birinin döyüş yolu, hünər yolu, qəhrəmanlığı tam eyni olmur. Hərənin özünün bir yolu, öz dəst-xətti var. Bax, İsrafil Şahverdiyev də belə bir qəhrəman idi. Cəsarəti ilə, insanpərvərliyi, dostcanlığı, vətənpərvərliyi ilə seçilən bir insan idi.
Xoş xatirələrimizdən bir-neçəsini qısaca söyləyim. İsrafil bizdən böyük olduğuna görə hamının yolunu saxlayırdı, məsləhətlər verirdi. İsrafil həmişə qabaqda gedirdi. Özü də çox cəld, çox cəsarətli və qorxmaz idi. Məsələn, yadımdadır, onunla bir istiqamətdə hərəkət edirdik. Sürətlə hərəkət etmək lazım idi, ona çata bilmirdik. Şücaət göstərirdi hər yerdə, hər zaman. O, ətrafında mühit yaradan insan idi. Bax, belə insanlar çox olmur, açığını deyim ki, ətrafında xoş mühit yaradan, yəni başqalarına düzgün istiqamət, məsləhət verən, düzgün yol göstərən, onları lazım gələndə idarə edə bilən, onlara nəzarət edə bilən bir insan idi. Və onun xoş aurası vardı. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah qismət eləsin, onların uğrunda döyüşdükləri torpaqlar çiçəklənsin, tam bərpa olunsun.
Onun çox döyüşləri olub. Laçın polisi, ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi başlayan gündən – 1988-ci ildən, hətta 1987-ci ilin sonlarından bu hadisələrin içərisində olub. Sonra konkret olaraq, polis yox, konkret döyüş tapşırığını icra edən ordu birləşməsi kimi fəaliyyət göstərib. Bax, İsrafil Şahverdiyev də elə ilk gündən ta şəhid olana qədər həmin ordunun sıralarında fasiləsiz, heç bir bəhanə gətirmədən – “ay nə bilim, ailəliyəm, gedim” filan, belə söhbətlər olmadan – gözünü qırpmadan, uzaqbaşı o qısamüddətli ezamiyyətlərindən istifadə eləməklə son nəfəsinə qədər, sözün həqiqi mənasında, döyüşmüş insanlardandır. Allah ruhunu şad eləsin. Onun Qarabağın hər yerində izi var”.
Bu gün fəxrlə deyə bilərik ki, Milli Qəhrəmanımızın və onun timsalında bütün şəhidlərimizin qanı yerdə qalmadı. 2020-ci ilin sentyabrında başlayan Vətən Müharibəsində Müzəffər Azərbaycan Ordusu İsrafil Şahverdiyevin uğrunda canını fəda etdiyi Laçını və digər işğal altındakı torpaqlarımızı azad etdi. İndi onun ruhu şaddır, çünki canından çox sevdiyi Laçın dağlarında yenidən üçrəngli Azərbaycan bayrağı dalğalanır.
İsrafil Şahverdiyevin ömür yolu və göstərdiyi qəhrəmanlıq bu gün hər birimiz üçün örnəkdir. Bir millət öz qəhrəmanlarını yaşatdıqca var olar və heç vaxt basılmaz.
Müşfiq MİRZƏ
XQ



