Rusiya Ermənistan məhsullarına qoyulan məhdudiyyətlərdən sonra balıq idxalını artırıb

post-img

Rusiya Ermənistandan gələn tədarükləri əvəzləmək üçün digər ölkələrdən balıq idxalını artırıb. Bu barədə "Rosselxoznadzor"un rəhbəri Sergey Dankvert məlumat verib.  "Kommersant" qəzeti qeyd edir ki, daha əvvəl Moskva iki şirkət istisna olmaqla, bütün Ermənistan şirkətləri üçün bu ölkədən canlı balıq tədarükünə məhdudiyyətlər tətbiq etmişdi.

"Biz məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalacağımızı başa düşürdük. Buna görə də, tarazlıq yaratmaq məqsədilə digər ölkələrdən tədarüklərə yol açdıq. Məsələn, qızılxallı balıq (forel) tədarükündə diqqətimizi İran və Türkiyəyə yönəltdik", - deyə Dankvert "TASS" agentliyinə müsahibəsində bildirib.

Qurum rəhbərinin sözlərinə görə, tədarükçülərin sayı nə qədər çox olarsa, işləmək bir o qədər asanlaşır, çünki idxal yalnız bir ölkədən asılı olduqda məhsul qıtlığı riski yaranır.

Xatırladaq ki, may ayının sonundan etibarən Rusiya Ermənistandan gül, pomidor, xiyar, bibər, göyərti, çiyələk, çəyirdəkli meyvələr, təzə üzüm, badımcan, kartof və quru meyvələrin idxalını məhdudlaşdırıb. İyunun 2-dən isə Ermənistan Rusiyaya ixrac üçün nəzərdə tutulan canlı balıqların sertifikatlaşdırılmasını dayandırmağa məcbur edilib. Rusiya Xarici İşlər Nazirliyi məhdudiyyətlərin fitosanitar normaların pozulması səbəbindən tətbiq edildiyini qeyd edib. Ermənistanın Baş naziri Nikol Paşinyan isə bu tədbirləri siyasiləşdirilmiş addım adlandırıb.

S.ELAY

XQ

Dünya