Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkədəki mina təhlükəsi ilə bağlı paylaşım edib: “Hələ də minalar Ermənistan–Azərbaycan münaqişəsinin ən ağır nəticələrindən biri olaraq qalır və aktiv döyüş əməliyyatlarının dayandırılmasından uzun müddət keçməsinə baxmayaraq, insan həyatına son qoymağa davam edir”.
Doğrudan da, müharibələr yalnız imzalanmış sənədlərlə bitmir. Silahların döyüş meydanlarında susmasından sonra belə, onların yaratdığı fəsadlar uzun illər insan həyatına, iqtisadi inkişafa və cəmiyyətlərin sosial sabitliyinə təsir göstərməkdə davam edir. Azərbaycan üçün bu təhdidlərin ən ağır və uzunmüddətli forması mina və partlamamış hərbi sursatlarla çirklənmiş ərazilərdir. Ermənistan–Azərbaycan münaqişəsinin başa çatmasından illər keçməsinə baxmayaraq, bu təhlükə hələ də insan həyatına son qoyur.
ARAYIŞ: İkinci Qarabağ müharibəsi başa çatandan – 2020-ci il 10 noyabr tarixindən sonra mina partlayışları nəticəsində 427 nəfər vətəndaşımız zərər çəkib. Onlardan 73 nəfər həlak olub, 354 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Zərərçəkənlərin 231 nəfəri mülki şəxslərdir. 1991-ci ildən bu günə qədər isə mina qurbanlarının ümumi sayı 3500 nəfəri ötüb, onların arasında 362 uşaq və 38 qadın var.
Bu, sadəcə, statistika deyil, rəqəmlərin arxasında yarımçıq qalmış ömürlər, dağılmış ailələr və dəyişmiş həyat hekayələri dayanır. Mina qurbanları arasında doğma yurdlarına qayıdan sakinlər, fermerlər, tikinti və xidmət sahələrində çalışan işçilər və digər mülki şəxslər var. Bu isə mina təhlükəsinin cəmiyyətin bütün təbəqələri üçün hələ də ciddi və davamlı risk olduğunu göstərir.
Hikmət Hacıyev paylaşımında onu da vurğulayıb ki, mina problemi yalnız insan itkisi ilə məhdudlaşmır: “İnsan itkiləri ilə yanaşı, ərazilərin geniş miqyasda minalarla çirklənməsi məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıtması, azad edilmiş ərazilərin bərpası, iqtisadi inkişaf və kənd təsərrüfatı işlərinin aparılması üçün ciddi maneə olaraq qalır. Aşkar edilərək zərərsizləşdirilən hər bir mina yalnız potensial olaraq xilas edilmiş bir həyat deyil, həm də bərpa prosesinə doğru atılmış addımdır”.
Bəli, geniş ərazilərin minalarla çirklənməsi həm də məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışını ləngidən əsas maneələrdəndir. Həm insanların həyatını risk altında saxlayır, həm də azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma proseslərinin sürətinə birbaşa təsir göstərir.
İqtisadi inkişaf baxımından da mina problemi ciddi məhdudiyyətlər yaradır. Azad edilmiş ərazilərin zəngin təbii və iqtisadi potensialının reallaşdırılması, yeni investisiyaların cəlb olunması, sənaye və xidmət sektorlarının inkişafı birbaşa təhlükəsizlik məsələsi ilə bağlıdır. Sahibkarlar və investorlar üçün sabit və təhlükəsiz mühit əsas şərtlərdən biridir. Mina təhlükəsinin mövcudluğu isə bu imkanların tam şəkildə reallaşmasını ləngidən amillərdən biri olaraq qalır.
Kənd təsərrüfatı sahəsində vəziyyət daha aydın görünür. Vaxtilə ölkənin mühüm aqrar bölgələri hesab edilən geniş torpaq sahələrinin bir hissəsi uzun illər ərzində istifadədən kənarda qalıb. Əkin və biçin işlərinin aparılması, heyvandarlığın inkişafı, suvarma sistemlərinin bərpası və kənd təsərrüfatında istehsalın genişləndirilməsi üçün həmin ərazilərin minalardan təmizlənməsi həyati əhəmiyyət daşıyır. Torpaqlar təhlükəsiz olmadığı müddətdə onların iqtisadi dövriyyəyə qaytarılması və regionun aqrar potensialından tam istifadə edilməsi mümkün deyil.
Məhz buna görə, Hikmət Hacıyevin vurğuladığı kimi, hər zərərsizləşdirilmiş mina yalnız potensial bir təhlükənin aradan qaldırılması deyil, həm də bərpa prosesi istiqamətində atılan konkret addım sayılır. Təmizlənən hər sahə bir ailənin doğma yurduna qayıtmasına, yeni yaşayış məntəqələrinin salınmasına, sosial infrastrukturun qurulmasına və iqtisadi fəaliyyətin genişlənməsinə imkan yaradır. Bu mənada, mina təmizlənməsi həm humanitar, həm də inkişafyönümlü strateji prosesdir.
* * *
Azərbaycanın mina problemi beynəlxalq səviyyədə diqqət mərkəzindədir. Son illərdə ölkə bu məsələnin qlobal gündəlikdə saxlanılması və mina təhlükəsindən əziyyət çəkən dövlətlərə dəstəyin artırılması istiqamətində fəal diplomatik təşəbbüslərlə çıxış edir. Bu fəaliyyət beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və çağırışlara daha geniş diqqət ayrılmasına xidmət edir.
Bu istiqamətdə Azərbaycanın həyata keçirdiyi diplomatik addımların mühüm nümunələrindən biri BMT-nin Əlillərin Hüquqları haqqında Konvensiyasının iştirakçı dövlətlərinin XIX Konfransında 19 ölkədən ibarət regionlararası qrup adından çıxış etməsidir. Həmin bəyanatda münaqişələr nəticəsində mina və partlayıcı qurğulardan zərər çəkmiş insanların hüquqlarının qorunmasının vacibliyi vurğulanıb, beynəlxalq ictimaiyyət isə mina təhlükəsinə qarşı mübarizədə daha güclü və operativ dəstəyə çağırılıb.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, ANAMA yanında İctimai Şuranın sədri Umud Mirzəyev XQ-yə açıqlamasında bildirdi ki, bu gün minalar təkcə keçmiş münaqişənin ağır mirası deyil, həm də insanların həyat və təhlükəsizliyi, Böyük Qayıdış prosesi və regionun sosial-iqtisadi inkişafı qarşısında ən ciddi maneələrdən biridir: “İşğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlər edən, ANAMA yanında İctimai Şuranın üzvləri ilə birlikdə mina təhlükəsinə qarşı maarifləndirmə tədbirlərində iştirak edən bir şəxs kimi deyə bilərəm ki, problemin miqyası çox böyükdür. Bəzi ərazilərdə minalar və partlamamış hərbi sursatlar yaşayış məntəqələrinin, yolların, qəbiristanlıqların, əkin sahələrinin, hətta su və enerji xətlərinin ətrafında geniş şəkildə yerləşdirilib. Xüsusilə qeyd etmək lazımdır ki, mina təhlükəsi yalnız hərbi məsələ deyil. Bu problem insanların öz doğma torpaqlarına təhlükəsiz qayıdışı, kənd təsərrüfatının bərpası, yeni yaşayış məntəqələrinin salınması və ümumilikdə Qarabağın yenidən qurulması prosesinə birbaşa təsir göstərir”.
Bu gün Azərbaycanın mina çirklənməsinin miqyasına görə dünyanın ən çox zərər görən ölkələrindən biri olduğuna diqqət çəkən U.Mirzəyev beynəlxalq ictimaiyyətin bu məsələyə daha həssas yanaşmasının və humanitar minatəmizləmə fəaliyyətinə dəstəyin artırılmasının vacibliyini bildirdi: “Hər zərərsizləşdirilən mina bir insan həyatının xilasına, bir ailənin öz yurduna dönüşünə və Qarabağın bərpasına doğru atılan növbəti addımdır. Hikmət Hacıyevin səsləndirdiyi fikirlər Azərbaycan üçün son dərəcə aktual və həyati əhəmiyyət daşıyan bir məsələnin mahiyyətini əks etdirir”.
Belə bir reallıq fonunda “Hər zərərsizləşdirilmiş mina bərpa yolunda atılan bir addımdır” fikri, sadəcə, bəyanat deyil, Azərbaycanın postmünaqişə dövrünə yanaşmasını ifadə edən strateji mövqedir. Buna görə də minatəmizləmə fəaliyyəti yalnız təhlükəsizlik tədbiri deyil, həm də humanitar missiya, sosial məsuliyyət və milli inkişaf strategiyasının mühüm istiqamətlərindəndir.
Pünhan ƏFƏNDİYEV
XQ



