Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi Prezident İlham Əliyevin 14 yanvar 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın qarşıya qoyduğu məqsəd və hədəflərin işığında “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” mövzusunda silsilə seminarlardan ibarət yeni layihəyə start verib.
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında təşkil olunan ilk seminarda kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək bildirib ki, dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası ölkəmizin mədəni siyasətinin gələcək onilliklər üzrə strateji istiqamətlərini müəyyənləşdirən mühüm sənəddir. Konsepsiya yalnız bu günü deyil, gələcək nəsillərin mədəni düşüncə və estetik zövqünün formalaşmasını da hədəfləyən uzaqgörən bir baxışın ifadəsidir.
Daha sonra Milli Məclisin sədr müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” mövzusunda məruzə ilə çıxış edərək Azərbaycanın müstəqillik tarixindən və inkişaf yolundan danışıb.
“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının müstəqilliyimizin və suverenliyimizin tam bərpa olunduğu bir zamanda qəbul edilməsinin təsadüfi olmadığını söyləyən alim bildirib ki, konsepsiya qlobal və daxili çağırışlar nəzərə alınmaqla Azərbaycanın milli kimliyinə əsaslanan müasir mədəniyyət modelinin formalaşdırılması, inkişaf etdirilməsi və 2040-cı ilədək digər mədəniyyətlərlə qarşılıqlı əlaqələrin genişləndirilməsi məqsədi daşıyan strateji planlaşdırma sənədidir.
Onun sözlərinə görə, Azərbaycan mədəniyyətinin müasir modeli qlobal çağırışlara cavab verməklə yanaşı, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasını təmin edən mədəniyyət modelidir. Bu məqsədlə konsepsiya milli mədəniyyətə yeni strateji baxışı şərtləndirir. Sənədin uğurla həyata keçirilməsi və müasir mədəniyyət modelinin işlək olması üçün normativ hüquqi bazanın təkmilləşdirilməsi, idarəetmə formasının, müasir sosial-iqtisadi yanaşmanın təmin edilməsi zəruridir.
Akademik Rafael Hüseynov qeyd edib ki, Azərbaycan dilinin zənginliyi, tarixi kökləri və ifadə imkanları haqqında danışan Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, ana dilimiz sadəcə ünsiyyət vasitəsi deyil, milli kimliyimizin və dövlət müstəqilliyimizin mənəvi dayağıdır. Dövlət başçısının dilimizlə bağlı çağırışları, həm tarixi köklərimizə sədaqətin, həm də milli birliyin möhkəmləndirilməsinin bariz nümunəsidir. Onun sözlərinə görə, ölkə başçısının Azərbaycan dili ilə bağlı qarşıya qoyduğu tələblərə uyğun olaraq internet mühitində digər dillərin Azərbaycan dilini sıxışdırmaması, dilimizin saflığının, təhlükəsizliyinin qorunması və ona olan müxtəlif növ təhdidlərin qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi vacibdir.
Q.YUSİFOĞLU
XQ

