Peşə təhsili ölkənin sosial-iqtisadi inkişafına təkan verən əsas amillərdən biri hesab olunur. Müasir dövrdə əmək bazarının sürətlə dəyişməsi, yeni texnologiyaların tətbiqi və iqtisadiyyatın müxtəlif sahələrində ixtisaslı kadrlara artan ehtiyac peşə təhsilinin əhəmiyyətini daha da yüksəldir. İqtisadiyyatın dayanıqlı inkişafı üçün yalnız investisiyalar və texnoloji yeniliklər deyil, həm də bu prosesləri həyata keçirə biləcək peşəkar insan resursları vacibdir.
Məhz peşə təhsili sənaye, kənd təsərrüfatı, xidmət, enerji, tikinti, nəqliyyat və digər sahələr üçün praktiki bacarıqlara malik mütəxəssislərin hazırlanmasında mühüm rol oynayır. Müasir çağırışlar isə peşə təhsilinin qarşısında yeni vəzifələr qoyur. “Yaşıl” iqtisadiyyat, rəqəmsal texnologiyalar, innovativ istehsal və ekoloji yanaşmalar yeni peşə istiqamətlərinin formalaşmasını tələb edir. Bu baxımdan peşə təhsilinin əmək bazarının gələcək ehtiyaclarına uyğunlaşdırılması ölkənin inkişaf strategiyasının mühüm hissəsinə çevrilir.
Mövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca XQ-yə bildirdi ki, bəşəriyyətin intellektual və texnoloji intibah keçirdiyi müasir epoxada peşə təhsili, sadəcə, quru bir ixtisas qazanmaq mexanizmi deyil. Ölkənin sosial-iqtisadi inkişafına birbaşa təkan verən, daxili və xarici bazarlar arasındakı balansı tənzimləyən əsas, strateji amillərdəndir.
Keyfiyyətli peşə təhsili fərdin peşəkar sahədə elmi-texnoloji biliklərini vizioner şəkildə genişləndirir və onun rəqabətədavamlı mütəxəssis kimi formalaşmasına təkan verir. Dövlət səviyyəsində peşə təhsilinin inkişafına istiqamətlənmiş hər bir addım, əhalinin fəal və gənc hissəsinə yerli və beynəlxalq əmək bazarındakı tektonik dəyişikliklərə anında və sürətlə reaksiya vermək üçün mükəmməl bir manevr imkanı yaradır. Əgər biz gələcəyin rəqəmsal dünyasında və intellektual rəqabətdə yerimizi möhkəmlətmək istəyiriksə, peşə təhsilini insan kapitalının ən böyük investisiya sferası kimi dəyərləndirməliyik.
Əsrin bu qaçılmaz çağırışları və trendlərinə müvafiq olaraq, ölkəmizdə də təhsil sahəsində aparılan genişmiqyaslı islahatlar çərçivəsində peşə təhsilinin müasirləşdirilməsi istiqamətində məqsədyönlü, fundamental tədbirlər həyata keçirilir. Azərbaycanda peşə təhsilinin keyfiyyət etibarilə tamamilə yeni müstəviyə qaldırılması dövlətin prioritet istiqaməti kimi möhürlənib. Bu sahədə peşəkar və beynəlxalq standartlara uyğun tədris prosesinin qurulması, əmək bazarının, xüsusən də real işəgötürənlərin strateji tələbatlarına uyğun ixtisaslar üzrə kadr hazırlığının təmin olunması qarşıda duran ən ali vəzifələrdən biridir. Sevindirici haldır ki, son dövrlər bu canlanma yalnız paytaxt Bakı ilə məhdudlaşmır, bölgələrimizdə də modern peşə təhsili müəssisələri qurulub gənclərin ixtiyarına verilir.
Zaman dəyişsə də, bəzi peşələrin iqtisadiyyatdakı rolu dəyişməz qalır. İKT, turizm-xidmət, avtomobil diaqnostikası, elektrik qaz qaynaqçısı, bərbər, avtomatika, dərzi, qrafik dizayner və aqroservis mütəxəssisi kimi ixtisaslar artıq uzun müddətdir ki, əmək bazarının dəyişməz və stabil tələbatı olaraq qarşımıza çıxır. Bu sahələr həm də müasir gəncliyin ən çox yiyələnmək istədiyi ixtisaslar cərgəsindədir.
Azərbaycan gəncliyinin peşə bacarıqlarının beynəlxalq arenada nümayişi baxımından ölkəmizin WorldSkills hərəkatına qoşulması mühüm tarixi hadisədir. Bu qlobal platforma yerli tələbələrimizə rəqəmsal dizayn, aşpazlıq, İT sahələri və texniki peşələr üzrə dünya gəncləri ilə eyni cərgədə yarışmaq, öz potensiallarını beynəlxalq münsiflər qarşısında sübut etmək imkanı verir.
Son illərin dinamikası göstərir ki, İKT sahəsi üzrə ixtisaslara — xüsusilə veb dizayner, kibertəhlükəsizlik və kompüter sistemlərində proqramlaşdırma istiqamətlərinə kütləvi və qarşısıalınmaz maraq dalğası mövcuddur. Maraqlıdır ki, bu müxtəlif ixtisaslar palitrasında gender üstünlükləri də zərif çalarları ilə seçilir. Dayə, qrimçi-pastijor, laborant-mikrobioloq və moda dizaynı kimi incəlik və dəqiqlik tələb edən sahələr qızların ən çox maraq göstərdiyi ixtisaslar kimi önə çıxır. Xanım tələbələr öz gələcək seçimlərində həmçinin kimyəvi analiz laborantı, geyim üzrə dizayner, xalçaçı, kargüzar, tədbir təşkilatçısı və qənnadçı-şirniyyatçı ixtisaslarına da böyük üstünlük verirlər.
Şəmsi Qoca vurğuladı ki, süni intellektin və robotların insan əməyini əvəz etdiyi bu intellektual sınaq dövründə, gənclərimiz robotlarla yalnız mexaniki bilik müstəvisində yarışa bilməzlər. Kompüterlərin sahib ola bilmədiyi yeganə bir sahə var-bu, insanın milli-mənəvi məsuliyyət hissi, yaradıcı təfəkkürü, emosional zəkası və ətraf mühitə qarşı duyarlılığıdır. Müasir peşə təhsili gənclərə sadəcə dəzgahı idarə etməyi və ya kod yazmağı öyrətməməlidir; o, eyni zamanda gələcəyin mütəxəssisində yüksək vicdan, peşə etikası və milli dövlətçilik təfəkkürü formalaşdırmalıdır. Çünki ruhsuz texnologiyanın qarşısında yalnız yüksək mənəviyyata və itilənmiş zəkaya malik olan insan qalib gələ bilər.
Dövlətin bu sahədəki gələcək hədəfləri rəsmi sənədlərdə və hesabatlarda da öz əksini tapıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il fəaliyyət hesabatına əsasən, əmək bazarının ən müasir tələblərinə uyğun peşə və ixtisasların elmi əsaslarla müəyyənləşdirilməsi istiqamətində işlər sürətlə davam etdirilir. Dövlət hesabatının ən diqqətçəkən məqamı odur ki, artıq qlobal dünyanın əsas hədəfi olan və yüksək texnoloji inkişaf sahələrinə aid peşələr siyahısı planlı şəkildə genişləndirilir.
Peşə hazırlığı proqramlarının əmək bazarının həm mövcud, həm də perspektiv çağırışlarına uyğunlaşdırılması məqsədilə ölkədə ixtisas təsnifatının yenilənməsi istiqamətində fundamental analitik təhlillər aparılmışdır. Əldə edilən elmi və statistik nəticələr əsasında dövlət strukturları tərəfindən müvafiq strateji təkliflər paketi hazırlanıb. Hazırda “yaşıl iqtisadiyyat”ın, ekoloji tarazlığın və gələcəyin vizioner peşələri istiqamətində müəyyən edilmiş tam 25 yeni ixtisasın, mövcud olan 175 aktual peşə və ixtisasın rəsmi siyahısına əlavə edilməsi üzrə müvafiq institusional işlər davam edir.
Mustafa KAMAL
XQ



