(əvvəli qəzetin 11, 15, 21 aprel, 2, 13 və 16 may 2026-cı il tarixli saylarında)
Komision məruzəsi
İclasdan sonra qurultayda seçilən komisionların məruzəsi dinlənir.
Yoldaş Məmməd-zadə mandat komisionunun gördüyü işlər haqqında məruzə edir. Birinci Türkoloji Qurultayına 131 nümayəndə gəlmişdir. Bunlardan 98-i türk, yerdə qalanı özgə millətlərdəndir. İttifaq üzvlərindən 119, ittifaqda olmayanlardan 12 nəfər. Nümayəndələr içində ancaq bir nəfər qadın olub, o da Azərbaycan müəllimələrindən Sultanovadır.
Sonra yoldaş Qorxmasov hamı komisionların adından çıxarılan qərarı oxuyur, Qərar qurultay tərəfindən qəbul olunur.
Bu qərar “Yeni yol” qəzetinə əlavə olaraq nəşr olunacaqdır. Türk xalqlarının hazırkı tarixi və yaxın gələcəkdə onu tədqiq etmək məsələlərindəki qərarda akademik Bartoldun xüsusi rəyi yürüdülmüşdür (Bu rəy ilə akademik Oldenburq da şərikdir). Qurultay bu qərarı qəbul edərək akademik Bartold Oldenburqun mülahizə və rəylərini təsvib edərək prezidiuma bu qərarın qəti təshih və tərtib edilməsini tapşırmışdır.
Son təbriklər
Azərbaycan ədəbiyyatçılarından Salman Mümtaz şair Nəsiminin 10 parça şeirini qurultaya təqdim edir. Sonra Tatarıstandan yoldaş Alimcan İbrahimov çıxaraq qurultayı təbrik edir və deyir ki, türk nümayəndələri qarşısında iki məsələ dururdu ki, bunlardan biri əski çar hökuməti tərəfindən türk xalqları arasında saçılan etimadsızlığın aradan qaldırılması idi.
Akademik Oldenburq deyir ki, burada bizim möhtərəm sədr qurultayın bitməsini elan edərək son sözü deyəcəkdir. Lakin o, bəzi məlum səbəblərə görə o söz ki, biz deməliyiz o onu deməyəcəkdir. Biz deməliyiz ki, bu qurultay ən böyük və adlı qurultaylardandır. Bu qurultay bizim ittifaq xalqlarının həyatında öz unudulmaz izini buraxacaqdır. Mənim zənnimə görə, bunun təsiri bizim ittifaqın xaricinə qədər belə keçəcəkdir. Bu qurultaydakı fikirlərin mübahisə və müzakirələrin dostanə və səmimi aparılmasının başlıca səbəbi, məncə, bu qurultayın müstəsna sədri olsa gərək. Buraya o birinci gəlib, axırıncı gedərək, doğrudan da, necə işləmək lazım olduğunu göstərdi. Bizi belə mehribanə və dostanə qəbul etməyi heç kəs unutmaz. Zənn edirəm, bizlərdən hər kəs onu incitmədiyimizi etiraf etməlidir. Mehriban bir qəlb ilə çınqrağı çalmağı da yadımızdadır. Qurultay bitir, lakin bu qurtarmazdan əvvəl deməliyik ki, yaşasın bizim hörmətli sədrimiz, onu təbrik ederiz. O bizə vida edərkən, biz ona böyük təəssüf ilə, ona əbədi əlvida yox, yaxın görüş zamanına qədər hələlik salamat qal deməliyiz.
Özbəkistandan yoldaş Rəhimi təbriklə çıxışda bulunaraq Ağamalıoğluna, Musabəyov, Quliyev, Məmmədzadə və Cəbiyev yoldaşlara birər ipək buxara xələti töhfə olaraq təqdim edir.
Yoldaş Cəbiyev Azərbaycan nümayəndələri adından təbrik cavabında bulunaraq deyir ki, Birinci Türkoloji Qurultayı birinci növbədə Özbəkistanda çağırılacaq idi. Lakin əmələ gəlmiş vəziyyətdən dolayı bu qurultayın Azərbaycanda çağırılması qərara alındı.Yoldaşlar! Azərbaycan heç zaman sair qardaş xalqlardan özünü yüksək tutmaq məqsədində olmayıb və heç bunu belə fikrinə gətirməyib, onların üzərində rəhbərlik etmək arzusunda belə olmamışdır. Qardaş cümhuriyyətlər işçilərinin bu qurultay təşkilatında iştirak etməsi buna canlı sübutdur. Təşkilat komisionuna Alimcan İbrahimov, Odabas, Fitrət, Korkmazov yoldaş daxil olub, bunların hamısı bu təşkilat komisionunun özəyini təşkil edirlər. İndi isə, yoldaşlar, növbədə gələcək qurultayı çağırmaq məsələsi durur. Bu nümayəndələr, yaxud ayrı-ayrı yoldaşlar gələcək qurultaya qədər gərək türk-tatar xalqlarının ən mədəni təşkilatlarının maarif və mədəniyyətçiləri lazım olan müddətə qədən hazırlanmalıdılar ki, həyat tələb etdiyi təqdirdə ikinci qurultay çağırıla bilsin. Ona görə də: Yaşasın Səmərqənddə çağırılacaq İkinci Qurultay! – şüarını elan edirəm.
“Yeni yol” qəzeti 10 mart 1926-cı il
I Ümumittifaq Türkoloji Qurultayın qərarları Yeni türk əlifbası təqdir edilmiş və bütün türk xalqları tərəfindən keçirilməsi arzu edilmişdir
Qurultay ölkəşünaslığın əhəmiyyətini qeyd etdi; onun əsası şəkilli qəndili özəyi olmalıdır
Qurultay məhəllərində türkoloji komitələrin təşkilini qərar aldı
Qurultayın bütün məruzələri oxunduğu dildə çap edilməli və bununla bərabər rusca da tərcümə olunmalıdır
Bundan başqa fransız dilində də məruzələrin xülasələri nəşr olunacaqdır
İkinci Türkoloji Qurultayın iki ildən sonra Səmərqənddə çağırılması zikr olunmuşdur
Yeni türk əlifbası haqqında
1. Yeni türk əlifbası ərəb və islah edilmiş əlifbalardan yararlığı və texniki üstünlüyü və ərəb əlifbasına nisbətən böyük mədəni-tarixi və tərəqqi üçün əhəmiyyətini nəzərə alaraq, qurultay ayrı-ayrı türk-tatar cümhuriyyət və vilayətlərində, hər bir cümhuriyyət və xalqın öz qaydası və arzusu ilə keçilməsini lazım bilir.
2. Bununla əlaqədar olaraq qurultay Azərbaycanda və Şuralar İttifaqının başqa cümhuriyyətlərində (Yakutstan, Qırğızıstan, İrkutskstan, Qaraçay-Çərkəzistan, Kabardinstan, Bolqarıstan, Osetiya və Çeçenistanda) yeni türk latın əlifbasının keçirilməsində müsbət əhəmiyyəti görməklə, Başqırdıstan, Türkmənistan, Özbəkistan və Adıgey-Çərkəz vilayətində latın əsaslı yeni əlifbanın keçirilməsi üçün geniş hərəkata rəy verir.
Qurultay yuxarıda adları çəkilən cümhuriyyət və vilayətlərdə görülən işi təbrik etməklə öz aralarında bunu keçirmək üçün türk-tatar xalqlarına, Azərbaycan və Şuralar İttifaqının başqa vilayət və cümhuriyyətlərinin təcrübələrindən və metodundan istifadə etməyi tövsiyə edir.
* * *
Bu mətn Türkoloji Qurultayın yeni türk (latın əsaslı) əlifbası ilə bağlı qəbul etdiyi prinsipial qərarın normativ formulunu əks etdirir və Sovet dövrü dil siyasətinin əsas istiqamətlərini ortaya qoyur. Qətnamədə yeni əlifbanın ərəb və islah edilmiş ərəb əlifbalarına nisbətən texniki və funksional üstünlükləri ilə yanaşı, onun mədəni-tarixi tərəqqi aləti kimi qiymətləndirilməsi əlifba məsələsinin sırf texniki deyil, ideoloji və mədəni mahiyyət daşıdığını göstərir.
Mətnin diqqətçəkən cəhətlərindən biri əlifba keçidinin formal olaraq könüllülük prinsipi əsasında təqdim edilməsidir. Hər bir cümhuriyyət və xalqın “öz qaydası və arzusu ilə” latın əsaslı əlifbaya keçməsinin vurğulanması Sovet milli siyasətində tez-tez istifadə olunan mərkəzləşdirilmiş qərarların mərkəzləşdirilmiş formada legitimləşdirilməsini əks etdirir. Bu yanaşma siyasi təzyiqi yumşaldaraq islahatı qəbul edilən və təbii proses kimi göstərməyə xidmət edir.
Qətnamədə Azərbaycanın və bir sıra digər cümhuriyyətlərin latın əlifbasına keçid sahəsində model və nümunə kimi göstərilməsi Bakının bu prosesdə aparıcı rolunu təsdiqləyir. Yeni əlifbanın tətbiqinin müsbət qiymətləndirilməsi və digər regionlarda “geniş hərəkata rəy verilməsi” latınlaşma prosesinin artıq təcrübədən normaya keçdiyini nümayiş etdirir. Mətn eyni zamanda türk-tatar xalqları arasında əlifba islahatının kollektiv və qarşılıqlı öyrənmə yolu ilə həyata keçirilməsini tövsiyə edir. Azərbaycan və digər respublikaların təcrübəsinə istinad çağırışı, əlifba məsələsinin yalnız yerli təşəbbüs deyil, ümumtürk və ümumittifaq miqyaslı mədəni layihə kimi nəzərdə tutulduğunu göstərir.
Bu qətnamə yeni türk əlifbasının qəbulunu mədəni modernləşmə, siyasi inteqrasiya və elmi-texniki tərəqqi ilə əlaqələndirən ideoloji çərçivəni təsbit edir və Türkoloji Qurultayın dil siyasətində həlledici mərhələ olduğunu elmi-tarixi baxımdan sənədləşdirir.
Türk dillərinin öyrənilməsi və türk dillərinin başqa dillərlə olan əlaqəsi haqqındakı məruzə üzrə
Yaxın gələcək üçün növbəti vəzifələr bunlardan ibarətdir:
1. Dil haqqında material toplanması və nəşri, ayrı-ayrı elmi sərf və lüğətlər tərtibi ilə ayrı-ayrı dil, ləhcə və şivələrin dərindən və ciddi öyrənilməsi lazımdır.
2. Tarixi səf müqayisəli nəhv lüğəti və türk dilləri və ləhcələrinin təsnifi üçün hazırlıq işi aparmaq
3. Türkoloji biblioqrafisi tərtib etməli
4. Yafəsi nəzəriyyəsinin nailiyyətlərini nəzərə almaqla türk dillərinin digər Altay-uqri-fin semyası ilə münasibətinin tədqiqində davam etməli
5. Beynəlxalq miqyasda nəşriyyat fəaliyyətinin təmini ilə müəyyən plan və nəşmüştərək zəhmət üzrə Türkoloji işlərin təşkili lazımdır.
* * *
Mətn Türkoloji Qurultay çərçivəsində yaxın perspektiv üçün müəyyənləşdirilmiş strateji elmi vəzifələr proqramını əks etdirir və türkoloji tədqiqatların sistemli şəkildə institutlaşmasını hədəfləyir. Maddələr həm dilçilik metodologiyasını, həm də elmi təşkilatlanmanı əhatə edən kompleks yanaşmanı nümayiş etdirir.
Birinci maddədə dil materiallarının toplanması, nəşri, elmi qrammatikaların və lüğətlərin hazırlanması yolu ilə türk dilləri, ləhcələri və şivələrinin empirik əsasda, dərin və müqayisəli şəkildə öyrənilməsi tələb olunur. Bu, təsviri mərhələdən analitik və normativ mərhələyə keçidin elmi şərti kimi təqdim edilir.
İkinci maddə türk dillərinin tarixi inkişafını üzə çıxarmaq üçün tarixi və müqayisəli qrammatika (nəhv) və ümumi leksik fondun tədqiqini ön plana çəkir. Dillərin və ləhcələrin təsnifinə hazırlıq ideyası türkoloji elmdə vahid, elmi əsaslandırılmış klassifikasiya modelinin yaradılmasına yönəlmişdir.
Üçüncü maddədə türkoloji biblioqrafiyanın tərtibi tələbi irəli sürülür ki, bu da sahə üzrə mövcud elmi irsin sistemləşdirilməsi, tədqiqatların koordinasiyası və təkrarlanmanın qarşısının alınması baxımından fundamental əhəmiyyət daşıyır.
Dördüncü maddə Yafəs nəzəriyyəsinə istinad etməklə dövrün ideoloji-elmi kontekstini əks etdirir. Türk dillərinin Altay-Uqrofin və digər dil ailələri ilə münasibətlərinin tədqiqi, həmin nəzəriyyənin “nailiyyətləri” çərçivəsində aparılmaqla türkoloji tədqiqatların geniş müqayisəli-linqvistik müstəviyə çıxarılmasını nəzərdə tutur.
Beşinci maddə isə türkoloji elmin yalnız akademik deyil, beynəlxalq təşkilati və nəşriyyat fəaliyyəti ilə dəstəklənməsini tələb edir. Müştərək planlaşdırma, beynəlxalq nəşrlər və koordinasiya olunmuş əməkdaşlıq türkoloji işlərin milli çərçivədən çıxaraq qlobal elmi sistemə inteqrasiyasını hədəfləyir. Bu proqram türkoloji elmi parçalanmış və fərdi təşəbbüslərdən mərkəzləşdirilmiş, planlı və metodoloji cəhətdən əsaslandırılmış tədqiqat sisteminə çevirməyi qarşıya məqsəd qoyur və Türkoloji Qurultayın yalnız müzakirə platforması deyil, həm də elmi inkişaf strategiyasını müəyyən edən mərkəz olduğunu göstərir.
Etnoqrafi Komisionun qərarı
1) Komision türk xalqlarının doğru hesabına böyük əhəmiyyət verməklə qurultay adından Moskvadakı Mərkəzi Statistik İdarəsinə gələn Ümumittifaq siyahısında əhalinin qəbilə heyəti hesabında ciddi diqqət yetirilməsi təqlidi ilə ona müraciət edilməsini təklif edir.
2) Gələcək Türkoloji Qurultayına qədər siyahı və məlumata görə ayrı-ayrı cümhuriyyət və vilayətlərlə birlikdə bütün türk xalqlarının qövm xəritəsinin tərtib olunması arzu olunmuşdur.
3) İctimai sihhət və kiçik xalqlardakı bəzi səhhi məsələlərlə əlaqədar olaraq yaxın qurultayda bütün cumhuriyyət və vilayətlərdə ibtidai tədqiqat aparmaqla tibbi-antropoloji kimi məsələlərin qoyulması lazım hesab edilməlidir.
4) Komisyon türk xalqlarının tədqiqat əsnasında işin plan üzrə aparılmasını və arada uyuşulma olmasını lazım bilir. Bu tədqiqat üçün birinci növbədə təsərrüfat şəkillərinə fikir verməlidir: ovçuluq həyatı, maldarlıq təsərrüfatı (ələlxüsus oturağa keçid zamanı), əkinçilik və başqaları. Göstərilən şeyləri öyrənən zaman yalnız cins etibarilə deyil, miqdar etibarilə də öyrənmək lazımdır.
5) Türk həyatının öyrənilməsi lüzumunu nəzərə alaraq, türk mərkəz şəhərlərinin birində türk mədəniyyətinin mərkəz muzesi təşkil olunmalıdır. Bu muzenin yeri də gələcək Türkoloji Qurultayın təyini ilə olacaqdır. Komisionun zənninə görə, bu fikrin müvəffəqiyyətlə həyata keçirilməsi üçün məhəlli cümhuriyyət və vilayət mərkəzlərində plan üzrə iş görülməlidir. Komision türk cümhuriyyətləri və vilayətlərində muze işinə böyük əhəmiyyət verərək əmindir ki, istər təcrübə, istərsə texniki cəhətcə mərkəz muzeləri ona yardım göstərə bilər.
6) Komision bu qurultayın göstərişi ilə tədqiqat işlərinin nəşriyyatına lazım olan vəsaiti vermək üçün gələcək qurultayı təmin etməyi lazım bilir.
7) Öz yaşayışını öyrənməyə geniş kütləni cəlb etmək məqsədilə komision birinci növbədə müəllimlər və ictimai-mədəni qüvvələrdən istifadə etməyi lazım bilir. Bunun üçün də əlaqədar məktəblərin tədris planına etnoqrafi dərsini keçirmək lazımdır. Bununla, nəticədə, indiki qurultayda lazım olan xalq yaşayışı haqqında məktəb tədrisinə malik olmaq olar.
8) Türk xalqları arasında etnoqraf və antropoloq olmamasını nəzərə alaraq komision Şuralar İttifaqı ali məktəblərində türk gənclərinə yer verilməsini və xaricə göndərilməsinin təminini lazım bilir.
9) Antropoloji və xalq yaşayışına komisionun elmi və əməli əhəmiyyət verməsilə əlaqədar olaraq gələcək qurultayı çağıran təşkilat komisionuna bu qurultay üçün ibtidai bu məsələlərin tərtibini və qoyuluşu haqqında çalışmağı təşkilat komisionundan rica edir.
* * *
Mətn Türkoloji Qurultay çərçivəsində fəaliyyət göstərən komissiyanın türk xalqlarının demoqrafik, etnoqrafik və antropoloji tədqiqinə dair proqram xarakterli qərarlarını əks etdirir. Maddələr türkoloji elmin yalnız filoloji sahə ilə məhdudlaşmadığını, əksinə sosial elmlər və təbiət elmləri ilə kəsişən kompleks tədqiqat sahəsi kimi formalaşdırıldığını göstərir.
Birinci maddədə türk xalqlarının dəqiq statistik uçotu məsələsi ön plana çəkilir. Ümumittifaq siyahıyaalınmasında əhalinin qəbilə və etnik tərkibinin düzgün qeydə alınması tələbi türkoloji tədqiqatların empirik bazasını gücləndirməyə yönəlmişdir və statistik məlumatların elmi tədqiqat üçün əsas mənbə kimi qəbul edildiyini göstərir.
İkinci maddə gələcək Türkoloji Qurultaya qədər bütün türk xalqlarını əhatə edən etnik (qövm) xəritənin hazırlanmasını nəzərdə tutur. Bu təşəbbüs türk xalqlarının məskunlaşma arealının vizual və sistemli şəkildə təqdim edilməsi yolu ilə tarixi-etnoqrafik tədqiqatların dərinləşdirilməsini hədəfləyir.
Üçüncü maddədə ictimai səhiyyə və xüsusilə kiçik xalqlarda mövcud olan tibbi problemlər ilə əlaqədar ilkin tədqiqatların aparılması təklif olunur. Burada tibbi-antropoloji yanaşma vasitəsilə sosial şərait, həyat tərzi və sağlamlıq arasındakı əlaqələrin araşdırılması nəzərdə tutulur ki, bu da dövr üçün türkoloji elmin multidissiplinar xarakterini göstərir.
Dördüncü maddə tədqiqat işlərinin planlı və koordinasiyalı şəkildə aparılmasının vacibliyini vurğulayır. Xüsusilə ovçuluq, maldarlıq (oturaq həyata keçid mərhələləri daxil olmaqla), əkinçilik kimi təsərrüfat formalarının həm keyfiyyət, həm də kəmiyyət baxımından öyrənilməsi türk xalqlarının sosial-iqtisadi strukturunun elmi əsaslarla təhlilinə xidmət edir.
Beşinci maddə türk həyatının və mədəniyyətinin sistemli şəkildə öyrənilməsi üçün mərkəzi türk mədəniyyəti muzeyinin yaradılmasını təklif edir. Muzeyçilik fəaliyyəti burada elmi tədqiqatın ayrılmaz hissəsi kimi təqdim olunur və yerli muzeylərlə əməkdaşlıq vasitəsilə ümumtürk mədəni irsinin qorunması məqsədi güdülür.
Altıncı maddədə tədqiqat nəticələrinin nəşriyyat təminatı məsələsi qaldırılır. Elmi işlərin maliyyələşdirilməsi və çapı üçün gələcək qurultayların maddi baxımdan təmin olunması türkoloji fəaliyyətin davamlılığını təmin edən əsas şərt kimi göstərilir.
Yeddinci maddə türk xalqlarının öz yaşayış tərzinin öyrənilməsinə geniş ictimai kütlələrin cəlb edilməsi ideyasını irəli sürür. Müəllimlərin və ictimai-mədəni qüvvələrin bu prosesdə fəal iştirakı, etnoqrafiyanın məktəb proqramına daxil edilməsi türkoloji biliklərin kütləviləşdirilməsinə yönəlmişdir.
Səkkizinci maddə kadr hazırlığı problemini ön plana çıxarır. Türk xalqları arasında etnoqraf və antropoloqların çatışmazlığı nəzərə alınaraq, türk gənclərinin ali məktəblərdə təhsil almasının və xaricə göndərilməsinin təmin edilməsi elmi davamlılığın təminatı kimi qiymətləndirilir.
Doqquzuncu maddədə isə gələcək Türkoloji Qurultayın təşkilat komissiyasına antropoloji və etnoqrafik məsələlərin prioritet mövzu kimi əvvəlcədən hazırlanması tövsiyə olunur. Bu, qurultayların spontan müzakirə meydanı deyil, planlı elmi proqram əsasında keçirilən institutlar kimi nəzərdə tutulduğunu göstərir.
Nəticədə bu qərarlar türkoloji elmi statistik, etnoqrafik, antropoloji və mədəni-tarixi tədqiqatların vahid plan üzrə əlaqələndirildiyi çoxşaxəli elmi sistem kimi formalaşdırmaq məqsədini daşıyır və Türkoloji Qurultayın elmi institutlaşma prosesindəki mərkəzi rolunu aydın şəkildə ortaya qoyur.
Türk xalqlarının indiki vəziyyəti və onların tarixini öyrənmək üçün gələcək vəzifələr haqqında məruzə üzrə qətnamə
Komision məruzəçilərin tezislərini və komision iclasında olan fikir mübadilələrini nəzərə laraq aşağıdakı maddələri təklif edir:
1) Şuralar İttifaqı türk xalqlarının maddi mədəniyyət abidələrini öyrənməyə ciddi diqqət vermək lazımdır. Birinci növbədə qədim əsərlərin siyahısı alınmalı və onlar qeyd edilməlidir. Bir çox tarixi abidələrin pozulmasını nəzərə alaraq, onların mühafizəsi üçün ciddi tədbirlər görməli.
2) Şərq cümhuriyyət və vilayətlərində nəşriyyat işinin təşkilini müəyyən plan üzrə aparmalı: birinci növbədə arxeoloji tədqiqatların.
Orta Asiyadan Edil boyuna, Qara dəniz sahilinə və İrandan Xəzər dənizi sahillərinə qədər olan ticarət karvan yolunun tədqiqi arzu olunur. Yaxın 5 il üçün arxeoloji iş planı tərtibi arzu olunur.
3) Arxeoloji heyəti təşkilində əhalinin içərisindən çıxmış məhəlli işçilərin heyətə geniş surətdə cəlb olunması lazımdır.
4) Arxeoloji heyətləri ilə bərabər yazı materiallarını toplamaq üçün heyətlər lazımdır.
5) Türk xalqlarının tarixini öyrənmək sahəsində monoqrafi tədqiqiatı qüvvələndirməklə bərabər, sosioloji düşünüşündə ümumi tarixi xülasələr süzəlməlidir.
6) Tarixi tədqiqdən son dövrlərdəki tədqiqata xüsusi əhəmiyyət verməlidir. Burada ən əhəmiyyətlisi bu vaxta qədər az məşğul olunan iqtisadi və ictimai tarix məsələləridir.
7) Türk xalqları arasında xalq və inqilabçılıq hərəkatının öyrənilməsinə ciddi diqqət yetirilməlidir.
8) Türk xalqları mədəniyyətini öyrənmək üçün çalışan heyətlərin əldə etdiyi nəticələrin elan edilməsi və Şuralar İttifaqının Şərq cümhuriyyətləri və vilayətlərindəki abidələrin elmi təsviri və arxeoloji xəritələrin nəşri.
9) İstər vəqnamələrdə, qanun məcəllələrində, jurnallarda və başqa yerlərdə nəşr olunan və dağınıq şəkildə bulunan və istərsə də bu vaxta qədər arxivdə qalan və məhəlli türk ləhcələrinə tərcümə olunan türk xalqları tarixinə aid mühüm məxəzlərin müntəzəm şəklində nəşrinə başlamaq lazımdır.
10) Şuralar İttifaqları, türk xalqları tarixinə aid arxiv materiallarının tərtibnaməsi əmələ gəlməlidir.
11) Rus və xarici alimlərin türk xalqları tarixinə dair mühüm əsərlərin türk dilinə tərcüməsi arzu olunur.
12) İkinci Türkoloji Qurultayına qədər arxeoloji heyətlərin çalışması və Şuralar İttifaqında türk xalqlarının yaşadıqları Şərq cümhuriyyət vilayətlərindəki tarixi materialların nəşr edilməsi arzu olunur.
Bu qətnaməyə akademik Bartoldun fikri əlavə olunur. Bu nitqin qətnaməyə əlavə şəklində qəbul edilməsini qurultay qərara almışdır.
* * *
Bu sənəd Türkoloji Qurultay çərçivəsində fəaliyyət göstərən komissiyanın türk xalqlarının maddi mədəniyyəti, arxeologiyası və tarixi üzrə tədqiqatların istiqamətləndirilməsinə dair hazırladığı proqram-qətnamə xarakterli mətndir. Maddələr türk tarixinin öyrənilməsinin təsadüfi və parça-parça deyil, planlı, mərkəzləşdirilmiş və elmi-metodoloji əsaslı şəkildə aparılmasının vacibliyini ortaya qoyur.
Birinci maddədə türk xalqlarının maddi mədəniyyət abidələrinin qorunması məsələsi prioritet kimi müəyyən edilir. Qədim abidələrin siyahıya alınması və qeydiyyatı tələbi, dövrün sürətli sosial dəyişiklikləri fonunda tarixi irsin məhvolma təhlükəsinə qarşı elmi-mühafizəkar yanaşmanı ifadə edir. Burada arxeologiya təkcə tədqiqat sahəsi deyil, eyni zamanda, mədəni yaddaşın qorunması aləti kimi dəyərləndirilir.
İkinci maddə arxeoloji tədqiqatların coğrafi miqyasını geniş şəkildə müəyyənləşdirir. Orta Asiyadan Volqa (Edil) boyuna, Qara dəniz və Xəzər hövzəsinə qədər uzanan ticarət yollarının araşdırılması türk tarixinin regional deyil, sivilizasiya miqyaslı proses kimi dərk edildiyini göstərir. Beşillik arxeoloji planın hazırlanması Sovet elmi idarəçiliyinə xas planlı elmi istehsal modelini əks etdirir.
Üçüncü və dördüncü maddələrdə arxeoloji işlərə yerli kadrların cəlb edilməsi və yazılı materialların paralel toplanması vurğulanır. Bu, tədqiqatların yalnız “kənardan baxış” əsasında deyil, yerli bilik və təcrübə ilə zənginləşdirilməsi məqsədini güdür və arxeologiya ilə filoloji-tarixi tədqiqatların qarşılıqlı əlaqəsini təmin edir.
Beşinci və altıncı maddələr türk tarixinin öyrənilməsində monoqrafik dərinliklə ümumiləşdirici sosioloji yanaşmanın birləşdirilməsini tələb edir. Xüsusilə iqtisadi və ictimai tarixə diqqətin artırılması, ənənəvi siyasi-din mərkəzli tarixçiliyin aşılaraq sosial tarix modelinə keçid niyyətini açıq şəkildə göstərir.
Yeddinci maddə xalq hərəkatları və inqilabi proseslərin tədqiqini ön plana çəkir ki, bu da dövrün ideoloji kontekstində tarixin sinfi və kütləvi hərəkətlər prizmasından yozulmasını şərtləndirir.
Səkkizinci və doqquzuncu maddələr elmi nəticələrin nəşri və mənbələrin sistemli şəkildə dövriyyəyə buraxılması problemini qaldırır. Dağınıq vəziyyətdə olan qaynaqların toplanması, arxiv materiallarının, vəqnamələrin və qanun məcəllələrinin nəşri türk tarixşünaslığının mənbəşünaslıq əsaslarını möhkəmləndirməyə yönəlmişdir.
Onuncu və on birinci maddələr arxiv materiallarının inventarlaşdırılması və rus, eləcə də xarici alimlərin əsərlərinin türk dilinə tərcüməsini nəzərdə tutur. Bu, türk xalqlarının tarixi biliklərə öz dillərində çıxışını təmin etməklə yanaşı, türkoloji elmi beynəlxalq elmi irslə əlaqələndirir.
On ikinci maddə II Türkoloji Qurultaya qədər konkret arxeoloji və nəşriyyat fəaliyyətinin həyata keçirilməsini tələb etməklə bu sənədin bəyannamə deyil, icraedici proqram xarakteri daşıdığını göstərir.
Sonda akademik Bartoldun fikirlərinin qətnaməyə əlavə edilməsi Türkoloji Qurultayın elmi nüfuz sahiblərinin mövqeyinə xüsusi əhəmiyyət verdiyini və qəbul olunan qərarların elmi legitimliyinin gücləndirilməsinə çalışıldığını göstərir.
Bu qətnamə türk xalqları tarixinin öyrənilməsini arxeologiya, mənbəşünaslıq, sosial tarix və ideoloji çərçivə daxilində sistemləşdirən genişmiqyaslı elmi proqram kimi çıxış edir və Türkoloji Qurultayın türk tarixşünaslığının institutlaşmasında oynadığı əsaslı rolu aydın şəkildə ortaya qoyur.
(ardı var)
Nadir MƏMMƏDLİ,
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor


