Görkəmli dövlət və siyasət xadimi Heydər Əliyevin həyat və fəaliyyətinin ilk dövrü Naxçıvandan başlamış, bu böyük azərbaycanlı həyatının ilk illərini bu torpaqda yaşamış, təhsilini Naxçıvanda almışdır. Naxçıvan mühiti, ilk təhsil və tanınmış müəllimləri onun formalaşmasında mühüm rol oynamışdır.
Ulu öndərin özü dəfələrlə bu torpağın qeyri-adiliyindən, əsrarəngiz təbiətindən, dağlarından, insanlarından, kəskin kontinental iqlimindən bəhs etmiş və həyatında Naxçıvanın önəmli rol oynadığını dəfələrlə, həm də minnətdarlıqla xatırlamışdır.
Dünyanın ən məşhur dövlət xadimlərinin portretlərini çəkmiş görkəmli rəssam Nikos Safronov Heydər Əliyevin 80 illik yubileyi münasibətilə onun portretini çəkərkən dahi insanla ünsiyyətdə olduqdan sonra bu qənaətə gəlmişdir ki, Heydər Əliyev Tanrının yaratdığı möcüzədir, belə şəxsiyyətlər min ildə bir dəfə dünyaya gəlir. N.Safronov yazmışdır: “Heydər Əliyev gözəl, alicənab və çox ağıllı bir insandır. Mən ona dərin rəğbət bəsləyirəm və həmişə ona baxarkən düşünürəm ki, görəsən, Tanrı belə insanları necə yaradır? Lakin Naxçıvana, Prezidentin vətəninə getdikdən, oranın füsunkar təbiətini, gözəlliyini gördükdən sonra bunların necə bir qüvvə olduğunu başa düşdüm, başa düşdüm ki, Naxçıvan hər bir sərkərdənin, hər bir dahi insanın güc, qüvvət ala biləcəyi bir yerdir”.
Heydər Əliyevin də uşaqlıq və gənclik illəri Naxçıvanda – bu əsrarəngiz məkanda keçmişdir.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il may ayının 10-da Azərbaycanın ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvan şəhərində anadan olmuşdur. Balaca Heydərin fitri istedadı, dərin zəkası, çalışqanlığı ətrafdakıların diqqətini cəlb etmiş, ona yaşıdlarından fərqli münasibət bəslənilmişdir.
Keçən əsrin 20-ci illərində Naxçıvanda bir inkişaf, intibah baş vermişdir. Məktəb və mədrəsələrdə diqqəti çəkən müəllimlər gənclərin təlim-tərbiyəsi ilə ciddi məşğul olurdular. Bu barədə bəhs edən Heydər Əliyev demişdir: “XX əsrin əvvəllərində Naxçıvanda təhsil və mədəniyyət çox geniş olmuşdur. Burada çox yüksək səviyyəli məktəblər var idi. Naxçıvanda insanlar çox yüksək təhsil alırdılar. Məktəblərdə verilən dərslər və şagirdlərin dərsləri qavramaları çox yüksək səviyyədə idi”.
Heydər Əliyev Naxçıvan şəhərində təhsil almışdır: əvvəlcə 1 nömrəli beynəlmiləl orta məktəbdə, sonra isə pedaqoji məktəbdə. O, orta məktəbin yeddinci sinfini bitirdikdən sonra pedaqoji məktəbə daxil olmaq qərarına gəlmişdir. Halbuki onuncu sinfədək oxuya bilərdi. Ancaq qərara almışdı ki, müəllim olmalıdır. Görünür, o illərdə Naxçıvanın pedaqoji məktəbinin (onu bəzən texnikum da adlandırırlar – İ.H.) və ümumiyyətlə, müəllimliyin böyük nüfuza malik olması da əsas rol oynamışdı.
Pedaqoji məktəbdə Heydər Əliyevin ədəbiyyat müəllimi olmuş Lətif Hüseynzadə onun texnikuma qəbul olunmasını bu cür xatırlayır: “Heydərin atası Naxçıvanda nüfuzlu şəxs idi. O mənim atamla da tanış idi... 1936-cı tədris ili ərəfəsində oğlu ilə birlikdə bizə gəldi. Əlirza kişi dedi: “Heydər müəllim olmaq istəyir, bu elə mənim də arzumdur”. Sentyabrın 1-dən artıq 10 gün keçirdi, dərslər başlamışdı. Biz o vaxtlar tələbələri müsabiqə yolu ilə qəbul edirdik, onları sorğu-suala tutur, bilik səviyyələrini yoxlayırdıq... Mən də Heydəri yoxlamaq qərarına gəldim. Dildən, ədəbiyyatdan suallar verməyə başladım. O, gözəl Azərbaycan dilində əla cavablar verdi. Heydər mənim çox xoşuma gəldi. Mən dedim: “Ondan yaxşı müəllim olar”. Biz onunla birlikdə direktor Kazım Talıblının yanına getdik. Mən ona dedim: “Bu uşağı itirmək olmaz, o çox hazırlıqlıdır”. Direktor təklif etdi ki, “onu riyaziyyatdan yoxlayaq”. Riyaziyyat müəllimi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin məzunu Tofiq Bektaşi də abituriyentdən razı qaldı. Heydərin qəbul məsələsi həll olunandan sonra məktəbin direktor müavini onu sinfə aparıb tələbələrə və müəllimə təqdim etmişdir.
Texnikum illəri Heydərin həyatında çox böyük rol oynamışdır. O, müəllimlərin tapşırıqlarını yüksək səviyyədə yerinə yetirməklə yanaşı, hərbi təlimlə, idmanla, Şamil Qazıyevin dərnəyində rəssamlıqla da məşğul olmağa vaxt tapmışdı. Puşkinin “Yevgeni Onegin”, “Ruslan və Lyudmila”, “Kapitan qızı” əsərlərinə çəkdiyi illüstrasiyalara görə Heydər müsabiqənin qalibi olmuşdur. Tələbə yoldaşları arasında Heydər Əliyev Lev Nikolayeviç Tolstoyun “Hərb və sülh” romanını orijinaldan oxuyan ilk tələbə olmuşdu. Bunu ona rus dili müəllimi Həsən bəy Qazıyev məsləhət görmüşdü. Heydər Əliyev tez-tez şəhər yarışlarında texnikumun idman şərəfini qorumuşdu. Onun teatra da sonsuz marağı var idi.
Heydər Əliyev 1939-cu ildə pedaqoji texnikumu fərqlənmə ilə bitirmiş, 2027 nömrəli attestat almışdı. 30 fənnin hamısından onun qiymətləri “əla” olmuşdur. Diplomda yazılırdı: “Vətəndaş Əliyev Heydər Əlirza oğlu 1938/39 ilin tədris planının bütün tələblərini yerinə yetirdiyi üçün ibtidai məktəbdə - I-IV siniflərdə dərs aparmaq hüququna malikdir”.
2002-ci il iyunun 18-də Naxçıvanda Bəhruz Kəngərli Muzeyinin açılışındakı çıxışında Heydər Əliyev bu binadakı təhsil illəri haqqında belə demişdi: “Mən həmişə Naxçıvanda təhsil aldığım illəri xatırlayıram. Bu illər mənim yaddaşımdan heç vaxt silinməyəcək. Müəllimlərimin hamısı yadımdadır. Hansı binada, hansı sinif otağında dərs keçməyimizi, hansı parta arxasında oturduğumu da yaxşı xatırlayıram. Mən burada mükəmməl təhsil almışam, özü də elə həvəs və aludəçiliklə oxumuşam ki, sonralar digər ali təhsil müəssisələrində oxumaq mənim üçün çətin olmayıb. Əksinə, burada olduğu kimi, tələbələr arasında da seçilmişəm. Bax ona görə də bu divarlar mənə əzizdir... Mən böyük həyat yolu keçmişəm, yaşım da az deyildir. Çoxlu adamlar görmüşəm, böyük şəxsiyyətlərlə üzləşmişəm. Kimsə yaddaşımda əbədilik qalıb, kimsə silinib gedib. Ancaq sizə demək istəyirəm ki, mənim üçün ən yaddaqalan, ən əziz Naxçıvandakı müəllimlərim olub. İndiyədək mən onları adbaad xatırlayıram... Mən Lətif müəllimin, təkcə Lətif müəllimin yox, digər müəllimlərimin də dərslərini xatırlayıram. Onların şəxsən mənə verdiyi tövsiyələr həyatda həmişə köməyim olub... Mənim üçün müəllimlərim, birlikdə oxuduğum məktəb yoldaşlarım, bu binanın divarları, sinif otaqları həmişə əziz olub. Bura gələndə mənə elə gəldi ki, öz doğma ocağıma gəlirəm”.
Göründüyü kimi, Naxçıvanda aldığı təhsili Ulu Öndərimiz sonrakı illərdə dəfələrlə minnətdarlıqla xatırlayırdı: “O dövrdə aldığım təhsil gələcək həyatımın bütün mərhələlərində mənə yardım edibdir”. Altmış ildən sonra, ona dərs demiş müəllimləri və onların tədris etdikləri fənlərin adlarını dəqiqliklə söyləməsi Ümummilli liderimizin bir tərəfdən müəllimlərinə bəslədiyi dərin hörmətin ifadəsi idisə, digər tərəfdən bu dahi insanın fenomen yaddaşa malik olduğunu göstərirdi. “Heydər Əliyev iti ağlı, güclü məntiqi, fenomen yaddaşı olan qüvvətli bir şəxsiyyət, sözün həqiqi mənasında, kompüter insandır”.
Heydər Əliyevi gənc yaşlarından tanıyanların hamısı onun xarakterinin bir cəhətini xüsusi olaraq vurğulayırlar – bu oğlan bütün cəhətlərilə anadangəlmə Lider idi. Onun liderliyini ailəsində də, məktəbdə də, texnikumda da, daha sonralar dostlarının əhatəsində də sözsüz qəbul edirdilər. Halbuki dostları arasında ondan yaşca da, rütbəcə də, vəzifəcə də böyük olanlar vardı. Çoxları artıq o zamanlar güman edirdilər ki, onun parlaq gələcəyi var.
Sonrakı dövrlərdə də müəllim peşəsini çox yüksək qiymətləndirən Heydər Əliyev texnikumu bitirən dövrdə müəllim olmaq istəyi bir qədər azalmışdı. Onun arzusu memar olmaq idi. Bu arzu ilə də o, 1939-cu ildə Bakıya yollandı. Sənədlərini Sənaye İnstitutunun Memarlıq fakültəsinə verdi. O, memarlıq ixtisasına qəbul olmaq üçün 13 imtahan verməli oldu. İmtahanların hamısından “əla” alıb instituta qəbul edildi. Heydər burada da tələbə yoldaşları arasında zəhmətsevərliyi, inadkarlığı, zəngin bilik ehtiyatı və bu ehtiyatı yorulmadan artırmaq cəhdləri ilə seçilirdi. İxtisas fənlərinin çoxunu rus dilində tədris edirdilər. Bu da gənc Heydərin rus dilində nitqinin daha da təkmilləşməsinə imkan yaradırdı.
Heydər Əliyevin öz sözlərinə görə, o, tələbəlik illərində də rəssamlıqla məşğul olmağa davam etdirirdi və onun rəsm əsərləri Bakının sərgi salonlarında uğurla nümayiş olunurdu.
İlk iki semestri həmişəki kimi uğurla, yüksək qiymətlərlə başa vuran gənc Heydər ailənin maddi durumu ilə əlaqədar institutdan möhlət götürmüş və təhsilini yarımçıq qoymalı olmuşdur. Qardaşı Aqil Əliyevin xatirələrindən aydın olur ki, Heydər institutda cəmi bir il oxumuşdur. Bakıda yaşamaq maddi cəhətdən çox çətin olduğundan onlar Naxçıvana qayıtmışdılar. Heydər Əliyevin gənclik dostu, əməkdar hüquqşünas İbrahim İsmayılov bu barədə müsahibə verərək demişdir: “Heydər, mən və Aqil 1940-cı ilin avqustunda qatarla Naxçıvana qayıtdıq”.
Naxçıvana qayıdan Heydər Əliyev Naxçıvan Daxili İşlər Xalq Komissarlığının Arxiv şöbəsində işə düzəlmişdir. Naxçıvan Muxtar Respublikası Mərkəzi Dövlət Arxivində bununla əlaqədar rəsmi sənəd var: “15 oktyabr 1941-ci ildə Naxçıvan MSSR Daxili İşlər Xalq Komissarlığının Arxiv şöbəsi üzrə 80 nömrəli əmrə əsasən və Naxçıvan MSSR Daxili İşlər Xalq Komissarlığının razılığı ilə (baş leytenant, yoldaş Quliyev) Əliyev Heydər Əlirza oğlu Naxçıvan MSSR Daxili İşlər Xalq Komissarlığının Mərkəzi Dövlət Arxivinə elmi işçi vəzifəsinə qəbul edilmişdir”.
6 iyun 1942-ci ildə Naxçıvan MSSR Daxili İşlər Xalq Komissarlığının baş leytenantı yoldaş Quliyevin sanksiyasına əsasən, elmi işçi Heydər Əliyev Mərkəzi Dövlət Arxivinin Məxfi şöbəsinə müdir vəzifəsinə keçirilmişdir.
Buna qədər gənc Heydər rus dilini əməlli-başlı öyrənmişdi, sənədləri nöqsansız yazmağı və tərtib etməyi bacarırdı. Hərbi Komissarlıqdan da kömək üçün tez-tez ona müraciət edilirdi. O vaxtlar Naxçıvanda, ümumiyyətlə, savadlı adamlar kifayət qədər deyildi, ona görə də Heydər kimiləri göydə axtarırdılar.
Elə o vaxtdan Heydər Əliyev dövlət təhlükəsizliyi xətti üzrə də çalışmağa başlamışdı. O, arxivin məxfi hissəsi ilə bağlı xüsusi tapşırıqları yerinə yetirirdi. Bu fəaliyyət orduda xidmətə bərabər tutulduğu üçün qanunla hərbi qulluqdan azad edilmişdi.
Heydər Əliyev Naxçıvan MSSR Hərbi Komissarlığının 3 iyun 1943-cü il rəsmi məktubuna və Naxçıvan MSSR Daxili İşlər Xalq Komissarlığının razılığına əsasən, 22 nömrəli əmrlə (mayor, yoldaş Nağıyev) hərbi xidmətə çağırışla əlaqədar tutduğu vəzifədən azad olunmuşdur. Daha sonra 14 iyul 1943-cü ildə Naxçıvan MSSR Daxili İşlər Xalq Komissarlığı nəzdində 45 nömrəli əmrlə müvəqqəti Naxçıvan MSSR Xalq Komissarları Sovetinə Ümumi şöbənin müdiri təyin edilmişdir. 17 may 1944-cü ildə isə başqa işə keçdiyi üçün 27 nömrəli əmrlə Heydər Əliyev Naxçıvan MSSR Xalq Komissarları Sovetinin Ümumi şöbəsinin müdiri vəzifəsindən azad edilmişdir.
Heydər Əliyev Rusiya jurnalisti Andrey Karaulova 1989-cu ilin noyabrında verdiyi müsahibədə ilk xidməti addımlarını belə təsvir etmişdir: “1941-ci ildən mən Naxçıvan MSSR-in NKVD-sində... Arxiv şöbəsinin məxfi hissəsinin müdiri vəzifəsində işləyirdim. Sonra Muxtar Respublikanın Xalq Komissarları Sovetində şöbə müdiri, 1944-cü ildən isə Xalq Daxili İşlər Komissarlığı – Dövlət Təhlükəsizliyi Nazirliyi və Dövlət Təhlükəsizliyi Komitəsində əməliyyat işində işləmişəm”.
1944-cü il yanvarın 27-də Heydər Əliyev Dövlət Təhlükəsizliyi Xalq Komissarlığına əməliyyat müvəkkili vəzifəsinə işə götürülməsi barədə ərizə yazmışdır. 1944-cü ilin mayında isə o artıq XDTK-nın leytenant rütbəsini daşıyan əməkdaşı idi. O vaxt onun 21 yaşı təzəcə tamam olmuşdu. Dövlət təhlükəsizliyi orqanlarında fəaliyyətə başlayan Heydər Əliyev çox çətin və şərəfli yol keçmişdir.
Təhlükəsizlik orqanlarında xidmət etmək nə qədər şərəfli idisə, bir o qədər də ağır və riskli idi. Bu orqanlara işləmək çoxlarının arzusu olsa da, lakin oraya seçilmiş adamları götürürdülər. Təhlükəsizlik orqanlarında işləmək üçün təkcə maraq və arzu kifayət deyildi, vətənə hədsiz məhəbbət, səbir, dözüm, güclü analitik təfəkkür, sərbəst qərar qəbul etmək bacarığı və digər keyfiyyətlər tələb olunurdu. Heydər Əliyevdə bunların hamısı cəmlənmişdi.
Heydər Əliyev dövlət təhlükəsizliyi orqanlarının sıralarında yalnız öz şəxsi keyfiyyətləri – dərin erudisiyası, hərtərəfli dünyagörüşü, parlaq zəkası nəticəsində vəzifə pillələrində addım-addım irəliləmişdir. O, XX əsrin 40-cı illərində Azərbaycan SSR Xalq Dövlət Təhlükəsizliyi Komissarlığında gedən prosesləri diqqətlə izləmiş, gənc əməkdaş kimi dövlət təhlükəsizliyi orqanları qarşısında qoyulmuş vəzifələri dərindən öyrənmişdir. Hər vəchlə təcrübəsini artırmağa, əməliyyat işinin sirlərini dərindən öyrənməyə çalışmış, yaşlı əməkdaşların təcrübələrindən bəhrələnmişdi.
Heydər Əliyev 1945-ci ilin iyun-iyul aylarında Bakı Diyarlararası Məktəbin əməliyyat işçilərinin peşə hazırlığının artırılması üzrə qısamüddətli kursu əla qiymətlərlə bitirmişdir.
Heydər Əliyevin dövlət təhlükəsizliyi orqanlarına gəlişi II Dünya müharibəsi və Cənubi Azərbaycanda milli azadlıq hərəkatının geniş vüsət aldığı dövrə təsadüf etmişdir. Cənubi Azərbaycanda və Sovet Azərbaycanında cərəyan edən proseslər, ayrı-ayrı vaxtlarda doğma Vətənə münasibətdə baş vermiş tarixi ədalətsizliklər, milli ziyalılarımızın daim təqib olunması gənc Heydər Əliyevi düşündürmüşdü. O, Naxçıvan MSSR XDİK-da İran ərazisi istiqamətinə nəzarət edərək Cənubi Azərbaycanda sovet xüsusi xidmət orqanı əməkdaşlarının əməliyyatlarının əks-kəşfiyyat mühafizəsində bu və digər şəkildə iştirak etmişdir.
1944-1946-cı illər Naxçıvanın idarəetmə və hüquq-mühafizə orqanlarında çalışan əməkdaşlar üçün bu illər Cənubi Azərbaycanda başlayan qızğın hadisələrlə bağlı ən gərgin və dramatik bir dövr idi. Heydər Əliyev Azərbaycan xalqının birləşməsi üçün olduqca əlverişli şəraitin yarandığını görürdü. Lakin Moskva, əfsuslar olsun ki, işi axıra çatdırmadı. ABŞ və Böyük Britaniyanın təzyiqləri nəticəsində SSRİ öz qoşunlarını Cənubi Azərbaycandan çıxardı. 1946-cı il aprelin 4-də imzalanan Sovet-İran sazişi ilə Cənubi Azərbaycan məsələsi İranın daxili işi hesab edildi. Bundan istifadə edən İran qoşunları Cənubi Azərbaycanın azərbaycanlı əhalisinə qarşı zor tətbiq etdi, minlərlə insan güllələndi, edam və həbs edildi. Minlərlə soydaşımız SSRİ-yə sığınmaq arzusu ilə Naxçıvan sərhədinə gəldi. Bir neçə günün içində on minə yaxın soydaşımız sərhədi keçdi.
Naxçıvana gələn qaçqınların ardı-arası kəsilmirdi. Yaranmış vəziyyətdən istifadə edən İran, ABŞ və İngiltərə kəşfiyyat orqanları bu qaçqınların sırasına öz agentlərini də göndərirdilər.
Belə bir qarışıq dövrdə Heydər Əliyevin hansı potensiala malik olduğu aydın sezilməyə başladı. Onun Sovet-İran sərhədinin Naxçıvan hissəsində casusların tutulması, ifşa edilməsi istiqamətində fəaliyyəti yuxarı dairələrin diqqətini cəlb etdi. Təsadüfi deyildir ki, Heydər Əliyev bu dövrdə ilk mükafatına – “Əmək rəşadətinə görə” medalına layiq görülmüşdür. 1947-ci ildə artıq baş leytenant olan Heydər Əliyev Naxçıvan Dövlət Təhlükəsizliyi Nazirliyinin 5-ci şöbəsinin rəisi təyin olunmuşdur. Bu şöbə Naxçıvan təhlükəsizlik orqanlarının əsas bölmələrindən biri idi, İran və Türkiyə xüsusi xidmət orqanlarına qarşı əks-kəşfiyyat işləri aparırdı.
Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi nazirinin 1949-cu il 10 may tarixli 66 saylı əmri ilə Naxçıvan MSSR Dövlət Təhlükəsizliyi Nazirliyinin 5-ci şöbəsinin rəisi, baş leytenant Heydər Əlirza oğlu Əliyev, vəzifəsi saxlanılmaqla, bir il müddətinə təhsil almaq üçün SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin Leninqraddakı (indiki Sankt-Peterburq – İ.H.) xüsusi məktəbinə ezam edilmişdir.
Heydər Əliyev 1950-ci il iyulun 6-da SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin Ali operativ rəhbər işçiləri hazırlayan məktəbini fərqlənmə ilə bitirərək Naxçıvana qayıtmışdır. Məktəbi bitirdikdən sonra ona verilmiş xasiyyətnamədə yazılırdı: “Baş leytenant Heydər Əlirza oğlu Əliyev 1949-cu ilin mayından 1950-ci ilin iyuluna qədər SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin Leninqraddakı ali operativ işçilərin hazırlıq məktəbində təhsil almış və özünü yalnız yaxşı cəhətdən göstərmişdir. Təhsilinə ciddi yanaşmış, tədris materialı üzərində səylə çalışmış, onu dərindən öyrənmişdir. Sinif və seminar imtahanlarına ciddi şəkildə hazırlaşmış, dərsdən əlavə vaxtlarında isə öz siyasi ideya və ümumtəhsil səviyyəsinin artırılması üzərində bütün bacarığından yararlanmışdır.
Bunun nəticəsində tədris proqramı üzrə zaçot və imtahanlardan yüksək qiymətlər almışdır. Təhsil müddəti ərzində Heydər Əliyev dərs əlaçısı olmuş, buna görə də ona məktəbin adından təşəkkür elan edilmişdir. Onun şəkli məktəbin “Şərəf lövhəsi”nə vurulmuşdur. Təhsil müddəti ərzində yoldaş Əliyev sosial-iqtisadi fənlər sahəsində geniş biliklər əldə etmiş, öz mədəni və ümumtəhsil səviyyəsini qaldırmış, çekist işi məsələləri üzrə biliklərini genişlənmişdir. O, operativ məsələlərin həllində lazımi, düzgün qərarlar qəbul edir, operativ şəraitdə vəziyyəti sərbəst və düzgün qiymətləndirə bilir, operativ sənədləri hərtərəfli və əsaslı tərtib edir... Yoldaş Əliyev öz yüksək səviyyəli təhsilini ictimai və partiya işi ilə uzlaşdıra bilir. İntizamlıdır, mənəvi cəhətdən möhkəmdir, fərasətlidir, məişətdə sadədir, ədəblidir. Nəticə: Vəzifədə irəli çəkilməyə layiqdir”.
(ardı var)
İsmayıl HACIYEV,
AMEA Naxçıvan bölməsinin sədri, akademik

